Digər xəbərlər

"Dojd"un fitnə və yalanları

Son illərin siyasi gedişlərinə nəzər salanda maraqlı, həm də gözlənilməz münasibətlərlə qarşılaşırıq. İki il qabaq Azərbaycan 30 il işğal altında olan torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad edərkən bizə kimin dost, kimin isə düşmən olduğunu aydın şəkildə gördük.

Dostlarımız yanımızda oldu,  düşmənlərimiz isə bəzən açıq şəkildə, bəzən də gizlində bizə qarşı məkrli, xain münasibətini davam etdirdi. Əslində biz İkinci Qarabağ müharibəsinə kimi yalnız Ermənistanı özümüzə düşmən bilirdik. Sən demə, Azərbaycanın inkişafını, artan qüdrətini istəməyən, bütöv Azərbaycanı qəbul etmək iqtidarında olmayan neçə-neçə erməni sevdalı subyektlər də varmış. Bunlar Azərbaycanın günbəgün güclənən dövlətçiliyindən, möhkəmlənən sərhədlərindən çəkinir, daha dəqiq desək, bir az da qorxur, ərazi bütövlüyümüzü həzm edə bilmirlər.

Son günlər gündəmi zəbt edən yalan dolu xəbərlərdən biri də "Dojd" internet-telekanalının Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi oldu. Bu kanal Qarabağ separatçılarına olan münasibətdə və dəstəkdə bu qəbildən olan yalançı və separatizmi dəstəkləyən digər KİV-lərdən fərqlənmir. Adətən verilişlərində Kreml oliqarxlarını sərt tənqid edən kanal bu yaxınlarda Vardanyanın təbliğinə geniş yer vermişdir. Hətta verilişdə Kotrikadze Vardanyana "baş nazir" deyə müraciət edib. Verilişin titrlərində isə "Ruben Vardanyan Dağlıq Qarabağ Respublikasının baş naziri" sözləri yazılıb. Açıq şəkildə kanal ermənilərə və onun Vardanyanına öz sevgisini göstərir. Bu sevgi nədən qaynaqlanır,  deyə bilmərik. Ancaq onu deyə bilərik ki,  Azərbaycana qarşı böyük haqsızlıq və xəyanətdir. Televiziyanın saytında Azərbaycanın işğal olunmuş əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. Saytın abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında "DQR" adlı "ölkə" də var.

Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm verən və daim bu prinsiplərdən çıxış edən Baltikyanı ölkəsi olan Litvanın da qərəzli bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, bu bəyanat, eyni zamanda,  Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır.

Ayxan Hacızadə deyib: "Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" deyilən ərazi vahidi mövcud deyil. Litva artıq "Pribaltika" ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir.

Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirməsi əvəzinə, məsələyə qərəzli və birtərəfli yanaşması narahatlıq doğurur.

Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır. Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə isə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur".

Ramidə YAQUBQIZI,

"Respublika".