Dünya ictimaiyyətini yenə çaşdırmağa çalışan mənfur qonşumuz
Digər xəbərlər

Dünya ictimaiyyətini yenə çaşdırmağa çalışan mənfur qonşumuz

Azərbaycandan fərqli olaraq Ermənistan müsəlman inanclarına hörmət qoymayan monoetnik dövlətdir

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dünyanı necə ələ alıb, özünü haqlı çıxaracağı ilə bağlı məsələ qarşısında çaşqın vəziyyətdə qalıb. İndi də Paşinyan otuz il boyunca Qarabağdakı vandalizmə görə, SSRİ hakimiyyətini günahlandırır. O, iddia edir ki, işğal altında olan ərazilərdə məscidlər, tarixi abidələr SSRİ hakimiyyəti dövründə dağıdılıb. Əgər vəziyyət həqiqətən də belədirsə, o zaman nəyə görə həmin yerlərdə donuzlar saxlanılıb, tövlə halına gətirilib?

Dini məqbərələr və məbədlər müqəddəs yer hesab edilir. Həmin din evlərinə donuzların salınması anti-İslam hərəkatından başqa bir şey deyil. Əlbəttə, Paşinyan hakimiyyətinin bu çıxışları və günahı Rusiya tərəfinə atması təsadüfi xarakter daşımır. Son dönəmlərdə artan anti-Rusiya hərəkətləri və onun Qərbə yönəlməsi də buna işarədir. Ermənistan yenə beynəlxalq aləmə özünü günahsız göstərməyə çalışır, lakin hər şey göz qabağındadır. Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, Ermənistanın bu çıxışı təsadüfi deyil və bunun arxasında bir çox mətləblər dayanır: "Ermənistanın baş naziri bu fikri ortaya atmaqla bir sıra məqsədlər güdür. Məqsəd dünya ictimai rəyini çaşdırmaq, tarixi həqiqətləri saxtalaşdırmaq, məscidlərə qarşı törədilən vəhşilikləri Sovet hakimiyyətinin üzərinə yıxmaqdır. Burada digər bir məqsəd müsəlman ölkələrinə, xalqlarına ermənilərin məscidlərə qarşı vandalizm aktı törətmədiyini göstərməkdir. Amma Prezident İlham Əliyev müzakirələr zamanı dedi ki, dünya indi çox kiçikdir, harada nə olduğunu bir anın içində bilmək olur. Ermənistan dini abidələrimizi, məscidlərimizi, ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdıb, vəhşilik törədib. Buna görə də məsuliyyət Ermənistanın üzərinə düşür. Paşinyanın söylədiklərinin heç bir əsası yoxdur".

Ermənistanın özünü sanki tolerant dövlət kimi göstərməyə çalışmaq cəhdi əlbəttə ki, yalandır. Əgər digər dinlərə hörmət etsəydi, bu zaman həmin yerləri tövlə halına salmazdı. Lakin el arasında da deyildiyi kimi, gərək insana düşmənin də mərdi qismət ola. Təəssüf ki, qarşımızda daima saxtakarlıq edən və özündən başqa heç bir xalqa, inanca hörmət etməyən bir qondarma dövlət var. İşğal etdiyi torpaqlarda heç bir quruculuq işi görməyən, işi sadəcə çapıb-talamaq olan Ermənistan artıq necə yalanlar uyduracağından narahatlıq keçirir. İkinci Qarabağ müharibəsi dönəmində əsgərlərimizin torpaqlarımızı azad etdikcə bayrağımızı sancmaq üçün salamat yer tapmaması erməni vandalizmini göstərən nümunələrin hələ başlanğıcı idi. Ordumuz irəlilədikcə bütün şəhərlərdə də eyni mənzərə ilə qarşılaşırdı. Əlbəttə, onlar gec-tez bu torpaqlardan qovulacaqlarını çox yaxşı bilirdilər. Buna görə də çar Rusiyasının Napoleon Bonapartla döyüş zamanı "hər yeri yandırma" strategiyasını həyata keçiriblər. Həmin ərazilərdə 10 mindən çox yer adı, daşınmaz tarixi və mədəniyyət abidəsinin adları və yüzlərlə toponim dəyişdirilərək, erməni adları ilə əvəz edilib. Həmçinin 2645 tarixi və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları dağıdılıb, məhv edilib və ya mənimsənilib.

 Ermənistanın əksinə olaraq, Azərbaycan Respublikasında 10-dan çox erməni kilsəsi və digər dinlərə mənsub müqəddəs məbədlər mövcuddur. 2016-cı ildə Roma Papası Fransiskin tolerantlıq üzrə Azərbaycanı dünyada model ölkə kimi dəyərləndirməsi əsas göstəricidir. Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm Kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib.

Əgər bir şeyi təsdiqləmək istəyirsinizsə, o, söz olaraq qalmamalı, əyani formada da öz əksini tapmalıdır. Əlbəttə, hazırda texnologiya dövründə yaşayırıq və hər şey göz qabağındadır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı buradakı tarixi abidələrin dağıdılmasının və bir çoxunun da erməni abidəsi kimi qələmə verilməsinin şahidi olmuşdu. Şübhəsiz ki, Qarabağ təkcə Azərbaycanın yox, həmçinin dünyanın da ən qədim və dəyərli tarixi məkanıdır. Buradakı Azıx mağarası, həmçinin bu torpaqların insanlığın ilk məskənlərindən olması da əlbəttə ki, bu bölgənin dəyərini daha da artırır. Bu abidələrin dağıdılması və erməni adları ilə dəyişdirilməsinin digər səbəbi də buradakı Azərbaycan izlərinin silinməsi və dünyaya sanki həmin ərazilərin tarixi Ermənistan torpaqları olduğunu sübut etmək idi. Lakin buna nail ola bilmədilər. Bütün bu faktlara əsaslanaraq onu deyə bilərik ki, dini və tarixi abidələrə hər iki ölkənin münasibəti göz qabağındadır. Ermənistan müsəlman inanclarına hörmət qoymayan monoetnik dövlət, Azərbaycan onun əksinə tolerantlığın mərkəzidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".