Dostluq, strateji tərəfdaşlıq nümunəsi
Siyasət

Dostluq, strateji tərəfdaşlıq nümunəsi

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Ölkə başçımız bu münasibətlə Serbiyaya səfər edib. Serbiya-Azərbaycan strateji tərəfdaşlardır. İki dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə də məhz bunun əyani nümunəsidir. Azərbaycan və Serbiya prezidentlərinin yaxın dost olmaları isə əlaqələrin sürətlə inkişaf etməsinə böyük töhfələr verir.

Prezident İlham Əliyev interkonnektorun fəaliyyətə başlaması münasibətilə hər iki dövlət başçısını və xalqlarını təbrik edib. Xüsusi qeyd etmək lazımdır ki, qaz ixracı sektorunda Azərbaycan əsas aktorlardan biridir. Ölkəmizin qaz ixracı coğrafiyası ildən-ilə daha da genişlənir. Bizim əsas istiqamətlərimizdən biri də Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə digər ölkələrin bazarlarına çıxmaqdır. Şübhəsiz ki, Azərbaycanın etibarlı tərəfdaş olması bu mövqedə möhkəm zəmin yaradır. Hazırda Azərbaycan təbii qazını səkkiz ölkəyə ixrac edir ki, bunun yeddisi Avropa ölkəsidir. Ötən il Avropa ilə Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu bu gün öz işini layiqincə yerinə yetirir. Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Rəqəmlər isə onu göstərir ki, bu hədəfə doğru uğurla addımlayırıq. 2021-ci ildə ölkəmizin Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, bu il təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bunu öz çıxışında Prezident İlham Əliyev də vurğulayıb. Ölkə başçımız qeyd edib ki, genişmiqyaslı başqa planlarımız var: "Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır".

Ölkəmizin etibarlı tərəfdaş, dostluq münasibətlərinə sadiq bir ölkə olması bir çox dövlətin maraqlarına uyğun gəlir. Bu da qaz sahəsi ilə yanaşı, genişmiqyaslı regional əməkdaşlığa təkan verir. Bunun nəticəsidir ki, həm Bolqarıstan, həm də Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyinə, COP29 konfransının ölkəmizin paytaxtı Bakıda keçirilməsinə dəstək veriblər. Qeyd edək ki, COP29 dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Ötən il Dubayda baş tutan tədbirdə 120-dən çox ölkə iştirak edib. Belə mötəbər tədbirin paytaxtımızda keçirilməsi isə Azərbaycan üçün böyük imkanlar yaradacaq. Bu, həmçinin o mənaya gəlir ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də yaşıl enerjinin təmiz istehsal edildiyi dövlətdir. Bu istiqamətdə də ciddi addımlar atılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Töhfə SƏMƏDOVA,

"Respublika".