Dostluq və qardaşlıq mərkəzi
Siyasət

Dostluq və qardaşlıq mərkəzi

Keçmiş SSRİ-yə daxil olan respublikalar arasında Rusiyadan sonra ərazicə ikinci böyük dövlət Qazaxıstandır. 14 vilayətdən ibarət olan bu respublikada təqribən iki yüz minədək azərbaycanlı yaşayır.

Azərbaycan-Qazaxıstan münasibətlərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz dəfələrlə Qazaxıstanın keçmiş paytaxtında rəsmi səfərdə olmuşdu. Bununla yanaşı, paytaxtın köçürülməsi münasibətilə 1998-ci ildə Astanada keçirilən  təntənəli mərasimdə iştirak etmişdi. Həmçinin hər iki ölkə liderini, Heydər Əliyev və Nursultan Nazarbayevi dostluq əlaqələri birləşdirirdi. Ulu Öndər hələ Moskvada sovet rəhbərliyində çalışarkən onunla tanış olmuşdu və Nursultan Nazarbayev də daim öz fəaliyyətində Ulu Öndərin tövsiyələrini nəzərə alırdı. Belə ki, qazaxların Ümummilli Liderimizə böyük dəyər verməsi xalqımıza olan hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Qazaxıstanda Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında dahi insanın xidmətlərindən bəhs edilir.

Bu iki dost və qardaş ölkənin münasibətləri həmçinin tarixə, etnik bağlara, ortaq mədəniyyətə və strateji maraqlara əsaslanır. Azərbaycan və Qazaxıstan arasında ticari-iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlıq edilir. İki ölkə arasında neft və neft məhsulları, enerji sektorunda da əməkdaşlıq uğurla davam edir.

Böyük siyasi xadim Heydər Əliyevin başladığı siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ilyarım ərzində Qazaxıstana dörd dəfə səfər edib, Qazaxıstan Prezidenti isə bu müddət ərzində üç dəfə ölkəmizdə olub. Eyni zamanda bu günə qədər Azərbaycanla Qazaxıstan arasında imzalanan 150-yə yaxın sənəddən 40-a yaxını ikitərəfli olmaqla son bir il atı aya təsadüf edir.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi də ikitərəfli münasibətlərin inkişafına gözəl nümunədir. Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mərkəzin açılışında iştirak ediblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Hər iki dövlət başçılarının iştirak etdiyi mərasimdə mədəni-humanitar sahədə əlaqələrin inkişafından, möhkəmləndirilməsindən, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafa ciddi təkan verəcəyindən söz açılıb. Qazaxıstan xalqı adından bizə hədiyyə olunan bu mərkəz qardaş xalqların arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.

"Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində çıxış edərkən söyləyib.

Ortaq soykök və tarixi-mədəni əlaqələrə söykənən Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha da inkişaf edərək genişlənəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".