Azərbaycan əsgərinin dəyəri
Siyasət

Azərbaycan əsgərinin dəyəri

Bir sıra elmlərdə hadisələrin modelləşdirilməsi üçün riyaziyyatdan geniş istifadə olunur. Bu, həmin eksperimental gedişlərdə araya-ərsəyə müsbət nəticə çıxarmağa imkan yaradır. Düzgün və məntiqlə aparılmış hesablama sonunda səni uğura, qələbəyə çatdırır.

Bu baxımdan, Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı əməliyyatlar dəqiq hesablamanın nəticəsidir. Biz bərabərin qarşısındakı istədiyimiz nəticəni əldə etmək üçün tam 30 il hesablama aparmışıq. Uzun illər vurub, çıxıb, böldükdən sonra cavabımız Qələbə olub. Riyazi dəqiqliklə aparılan mübarizəmizi sonda ədəbiyyatın poetik çalarları ilə gözəlləşdirərək yüksəkliyə ucaltdıq. Birinci Qarabağ müharibəsində zəif dövlətçilik, ordu quruculuğunun sıfır səviyyəsi və ölkədaxili çəkişmələr bizi məğlub duruma saldı. Nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən 20 faiz torpağımız işğal, bir milyondan çox soydaşımız məcburi köçkün oldu. Lakin Azərbaycan dövləti bu qeyri-bərabərlik hesablamasından düzgün nəticə çıxardı. Toplananların yeri dəyişsə də, cəm dəyişmədi. 30 illik işğalın mənfilərini müsbətə kökləyib bərabərin qarşısına əla nəticələrlə Zəfər yazdı. Təəssüf ki, qarşı tərəf reallığı düzgün qiymətləndirə bilmədi, şər-böhtan kampaniyasından əl çəkmədi. Separatizmin iyrənc əməllərini yerinə yetirdi. Nə bölgədə olan tör-töküntülərini yığışdırdı, nə mina terroruna son qoydu, nə də Azərbaycanın barışıq təklifi ilə razılaşdı. Əksinə, yeni münaqişə ocaqları alovlandırmağa çalışdı, hər fürsətdə hücum cəhdi göstərdi, əsgərlərimizi hədəf aldı, onları öz ərazilərimizdə girov götürməkdən belə çəkinmədi. Bu il aprel ayının 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüşdü. Qarşı tərəf Azərbaycan əsgərləri haqqında cinayət işi açaraq ağır ittihamlarla bir əsgərimizə ömürlük cəza vermişdi.

Bu, Ermənistan tərəfindən gözlənilən idi. Lakin Qalib Azərbaycan dövləti heç vaxt öz əsgərinin saxta ittihamlarla ömürlük həbsinə razı ola bilməzdi. Təəssüflər olsun ki, belə hadisə ilə ilk dəfə deyil rastlaşırıq. Hələ illər öncə Macarıstanda həbs edilən hərbçi Ramil Səfərovun ölkəyə qaytarılması və əfv edilməsi Azərbaycan dövlətinin öz əsgərinə olan dəyəridir. Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin alınması ilə bağlı ölkə başçısı İlham Əliyevin atdığı addımlar bunu bir daha sübut edir. Ermənistan dövlətinin belə məsələlərdə hansı vasitələrdən istifadə etdiyi məlumdur. Ancaq ölkəmizin yürütdüyü siyasətin mərkəzində vətəndaşı, onun təhlükəsizliyi, sağlamlığı dayanır.

32 erməniyə 2 Azərbaycan əsgərinin dəyişdirilməsi isə ölkəmizin, onun Ali Baş Komandanının əsgərinə verdiyi dəyərdir. Əlbəttə ki, riyazi hesablama aparsaq, kəmiyyət baxımından 32-nin yanında 2 çox az görünür. Lakin dəyər və keyfiyyət baxımından götürdükdə 2 Azərbaycan əsgəri düşmənin bütöv ordusundan da üstündür. Bu o deməkdir ki, Azərbaycanın bir əsgəri 16 erməni əsirdən üstündür. Azərbaycan dövləti heç vaxt öz əsgərinin düşmən əsirliyində qalmasına biganə ola bilməzdi. Dövlətini, torpağını düşməndən qoruyub, uzun illərin işğalından azad edən Azərbaycan əsgəri düşmən əsirliyində ömürlük cəza çəkə bilməzdi. Dövlətimizin başçısının bu addımı bir daha sübut edir ki, o, hər bir azərbaycanlının Prezidentidir.

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda xoş niyyətin göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin - Hüseyn Axundov və Aqşin Bəbirovun azad edilməsi istiqamətində danışıqlar aparıldı. Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hart istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkib.

Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirildi. Əsgərlərimiz Hüseyn və Aqşin düşmən əsirliyindən xilas edildi. Müxbirin əsgər Aqşinə ünvanladığı əmin idiniz ki, Azərbaycan dövləti sizi xilas edəcək sualına, əsgərimizin cavabı daha möhtəşəm oldu.

- "Əlbəttə ki, həmişə əmin olmuşuq. Çünki dövlətimiz heç vaxt qoymazdı ki, biz əsir qalaq. Biz Vətən üçün yaşayanlardanıq. Vətən üçün can verərik, qan da alarıq".

Azərbaycan dövləti öz əsgərinə olan dəyərini hər zaman əməli işi ilə təsdiq edib. Onun sübutu kimi də 32 erməni əsirinə qarşı 2 əsgərimizin dəyişdirilməsidir. Bu məsələdə də nə qədər riyazi əməllərdən istifadə edib, bölüb çıxsaq da, yenə də fərq, keyfiyyət və kəmiyyət balansı olduqca yüksəkdə dayanır. Yəni 1 əsgərimizin taleyi onlarla düşmən silahlısından dəyərlidir.

Bəli, əsirlərin mübadiləsi çox ciddi tarixi bir hadisə oldu. İlk dəfə olaraq Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan özləri qarşılıqlı şəkildə heç bir dövlətin və yaxud da beynəlxalq təşkilatın müdaxilə etmədiyi prosesi reallaşdırdı. Bu, bir daha ondan xəbər verir ki, dövlətimizin başçısı Prezident İlham Əliyev üçün hər bir azərbaycanlı hər şeydən dəyərlidir. Bu, bir ölkə başçısının xalqına, millətinə və əsgər anasına ən gözəl hədiyyəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".