Dövlət Komissiyasının nümayəndəsi: Şuşa həbsxanası ərazisində aşkarlanan insan qalıqlarının üzərində işgəncə izləri müəyyən olunub
Digər xəbərlər

Dövlət Komissiyasının nümayəndəsi: Şuşa həbsxanası ərazisində aşkarlanan insan qalıqlarının üzərində işgəncə izləri müəyyən olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısına qoyduğu əsas məqsədlərdən biri itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması və bu barədə onların ailələrinə məlumat verilməsidir. İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olub. Bu, xüsusilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra ön plana çəkilib. Dövlət Komissiyasının sədri Əli Nağıyevin təsdiqlədiyi tədbirlər planına əsasən, işğaldan azad olunmuş ərazilərdə son dövrlərdə qazıntı-axtarış işləri nəticəsində fərdi və kütləvi məzarlar aşkarlanıb. Növbəti mərhələdə belə qazıntı işləri beynəlxalq ekspertlərin iştirakı ilə Şuşa şəhərindəki keçmiş həbsxana ərazisində həyata keçirilib. İyunun əvvəlində Şuşa həbsxanasının ərazisində dörd insan cəsədinin qalıqlarının aşkarlandığı məzarlığın yaxınlığında tədqiqat işləri aparılıb. Müəyyən olunub ki, bu ərazidə daha çox insan qalıqları dəfn edilib. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

"İnsan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün istifadə edilən quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb. Skeletlərin vizual müayinəsindən görmək olur ki, onlar üzüaşağı, başı aşağı, bükülmüş və qıc olmuş müxtəlif formalarda dəfn olunublar. Hətta aşkarlanan altı nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb. Çoxlarında kəsici-deşici alətlərlə zərbə yerləri mövcuddur və işgəncə yerləri açıq-aydın görünür", - deyə Z.İsmayılov qeyd edib.

Onun sözlərinə görə, Şuşa həbsxanasının ərazisində ümumilikdə yay ərzində 34 nəfərə aid insan qalıqları aşkar edilib. Burada aşkarlanan insan qalıqlarının üzərindəki işgəncə izlərinə baxarkən bir daha Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyaların tələblərinə zidd hərəkət etmələri, onlara riayət etməmələri və heç bir tələblərə məhəl qoymayaraq insan hüquqlarının pozulması faktları əksini tapır.