Yeni dünya nizamında birlik nümunəsi
Digər xəbərlər

Yeni dünya nizamında birlik nümunəsi

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirildi. Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış etdilər. Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüşdür. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncü görüş isə Qırğızıstanda keçirilmişdir. Prezident İlham Əliyev bu il qardaş Tacikistana iki dəfə səfər edib. Aprel ayında baş tutan səfər zamanı qəbul olunmuş qərarlar və imzalanmış sənədlər iki dövlət arasındakı münasibətlərin strateji xarakterini müəyyənləşdirmişdi. Bununla yanaşı, ölkə başçımız ilk dəfədir ki, Məşvərət Şurasının fəxri qonağı qismində iştirak edirdi. Bu isə öz növbəsində ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Görüş zamanı dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləmişdir. Prezident İlham Əliyev demişdir: "Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur".

Ölkəmizin türk dünyası ilə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətləri qurulmuşdur. Eyni soy-kökə sahib türk dövlətlərinin müasir sferadakı həmrəyliyi bəşəriyyət üçün uğurlu nümunədir. Bu uğurlu siyasi gedişin nəticəsidir ki, ölkəmizin tərəfdaşları gün keçdikcə daha da artır və beynəlxalq məkanda Azərbaycan öz siyasi mövqeyini daha da möhkəmləndirir.

Yeni dünya nizamındakı siyasi və iqtisadi prosesləri nəzərə alsaq, Mərkəzi Asiyada regional inteqrasiya həm daxili, həm də xarici səbəblərə görə bölgə dövlətlərinin maraqları baxımından, bu gün əvvəlki dövrlərdən daha aktualdır. Bu ölkələrin həm nəqliyyat-kommunikasiya xətlərini, həm enerji və digər təbii resurlarını dünya bazarına çıxarması, bölgənin su ehtiyatlarının birgə səmərəli istifadəsi, həmçinin radikalizm və ekstremizm meyillərinə qarşı birgə mübarizə aparması məqsədəuyğundur. Mərkəzi Asiyada iqtisadi rifahın və siyasi sabitliyin yalnız bölgənin 60 milyondan çox əhalisi üçün deyil, həm də Mərkəzi Asiyanın qonşuları üçün vacib olduğu barədə geniş fikir birliyi var, çünki Mərkəzi Asiya Avropa ilə Asiya arasında strateji əhəmiyyətli quru körpüsü rolunu oynayır.

Yeni dünya düzəninin formalaşması fonunda Çin və Avropa arasında yükdaşımaların təhlükəsiz və tez bir zamanda ünvana çatdırılması materikdə yerləşən bəzi ölkələr istisna olmaqla, ümumilikdə Avrasiya dövlətlərinin prioritetidir. Buna uyğun olaraq, ölkə başçımızın da qeyd etdiyi kimi, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artması qarşılıqlı tərəqqinin nə səviyyədə olmasından xəbər verir. Qeyd edək ki, növbəti 3 il üzrə isə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılmışdır. Əməkdaşlıqlar, əsasən maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində həyata keçirilir. Bununla yanaşı, Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağı da yüksəkdir.

Kəskinləşən geosiyasi maraqlar və yeni dünya düzəninin formalaşdığı bir vaxtda Avropada etibarlı tərəfdaşlarla birgə bu görüşün reallaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Həmçinin Azərbaycan dövlətinin bu kimi yüksək səviyyəli platformalarda iştirakı və Prezident İlham Əliyevin imperativlərinin təqdir edilməsi olduqca önəmlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyəli təşkilatlarda fəxri qonaq qismində iştirakı təkcə Mərkəzi Asiya dövlətləri ilə əlaqəli platformalarda deyil, digər mötəbər təşkilatlar üçün də maraqlıdır. Orta Asiya ölkələri ilə yanaşı, bir çox qlobal gücü birləşdirən ŞƏT-də də ölkəmiz dialoq tərəfdaşı olaraq iştirak edir. Belə ki, 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul etmişdir. Təşkilatın gündəliyində isə terrorizm, separatizm və ekstremizmə qarşı innovativ tədbirlər görərək regional və beynəlxalq təhlükəsizliyi təmin etmək yer alır.

Orta Dəhlizin rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, Orta Dəhliz öz imkanları ilə regiondakı dövlətlərin əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi qiymətləndirilir. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük artımı 2022-ci ilin yanvar-mart aylarından, 2023-cü ilin I rübünə qədərki dövr ərzində asanlıqla görmək mümkündür. Belə ki, ötən ilin əvvəlində bu marşrutla 266,3 min ton yük keçib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Konteyner daşımaları 5 847 20 futluq konteynerə (TEU) bərabər olub ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19 faiz çoxdur. Hazırda Orta Dəhliz Çin-Avropa İttifaqı dəmir yolu ticarətinin ümumi yük həcminin 3-5 faizini təşkil edir. Cənubi Avropaya daşınan yüklərin tranzitində əsas rol oynayan dəhlizin Türkiyə hissəsinin inkişafı üçün yeni optimallaşdırma səylərinin davam etdirilməsi də təqdirəlayiq addımlardandır. Bununla yanaşı, İstanbuldan Bolqarıstanla sərhədə yüksək sürətli dəmir yolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmir yolu layihəsinin il ərzində başa çatdırılması, Orta Dəhlizdə dayanıqlı, sürətli və səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq.

Beləliklə, müsbət atmosferdə keçən beş Mərkəzi Asiya ölkəsinin dövlət başçılarının Məşvərət Toplantısı formatında ən ali səviyyədə dialoq qurmasının regional inteqrasiya proseslərinə, qlobal məsələlərdə ümumi maraqlardan çıxış etmələrinə, regional problemlərin həllinə, bölgədə sülh və iqtisadi inkişafa nail olmağa töhfə verəcəyi şübhəsizdir. Mərkəzi Asiya ölkələri müxtəlif təşkilatlarda bir araya gəlsə də, bu formatı unikal edən burada heç bir kənar böyük gücün iştirak etməməsidir ki, bu da tərəflər arasında regional inteqrasiya prosesləri üçün mühüm əhəmiyyət kəsb edən yüksək etimadın göstəricisidir.

Nurlan ABDALOV,

 "Respublika".