Dövlət qayğısından razıyıq
Region

Dövlət qayğısından razıyıq

Ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü dövlət siyasətinə uyğun olaraq digər sahələrlə yanaşı, əlilliyi olan şəxslərin müalicəsi və sosial müdafiəsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanların sağlamlığının bərpası, onların müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində layihələr icra edilir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində təməli qoyulan etibarlı sosial təminat sistemi Prezident İlham Əliyev tərəfindən davam etdirilir və dövlət qayğısı gücləndirilir.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT-nin Konvensiyasına qoşulan ölkəmizdə sağlamlığı məhdud insanların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Şəki rayonunda fəaliyyət göstərən reabilitasiya mərkəzinə əvvəllər yalnız şimal-qərb rayonlarından əlilliyi olan şəxslər müraciət edirdisə, indi respublikanın digər rayonlarında yaşayan şəxslər də onun xidmətindən istifadə edirlər.

Mərkəzdə aparılan müalicənin effekti barədə məlumat almaq üçün müalicə olunan şəxslərlə həmsöhbət olduq.

Ucar rayonundan birinci dərəcəli müharibə əlili Aftandil Həsənov deyir:

- Səhhətimlə əlaqədar olaraq xeyli müddətdir ki, müalicə olunuram. Son illər isə burada müalicəyə daha çox üstünlük verirəm. Çünki bu mərkəzdə yaradılan şəraitdən, burada  istifadə olunan müasir tibbi avadanlıqlar və göstərilən tibbi xidmət yüksək səviyyədədir. Müharibədə aldığım xəsarətlər son vaxtlar əsəblərimə də mənfi təsir edirdi. Çünki insanın sağlamlığı qaydasında olmayanda həyat onun gözündən düşür. Mən burada müalicənin təsirini görəndən sonra xeyli yaxşılaşıram və sakitləşirəm.

Şəki rayonu, ikinci dərəcəli əlil Mətanət İbrahimxəlilova bildirir:

- Mərkəzdə müalicə alana qədər özümü heç cür ələ ala bilmirdim və ağrılarım durmadan artırdı. Şükürlər olsun bu günümüzə, dövlət başçımız tərəfindən əlillərə də mütəmadi diqqət və qayğı göstərilir. Tibb işçilərinin mehribanlığı və müalicəmizə son dərəcə həssaslıqla yanaşmaları bizi sevindirir və yaşamaq eşqimizi artırır. Bir neçə müalicədən sonra hiss edirəm ki, vəziyyətim xeyli düzəlir və ağrılarım azalır.

Qax rayonu, üçüncü dərəcəli əlil Minirə Məmmədova deyir:

- Reabilitasiya mərkəzinin bölgədə yaradılması,  lazımi tibbi avadanlıqlarla təmin olunması və kollektivin gərgin əməyi hamımızın ürəyincədir. Palata yoldaşlarımla bu barədə mütəmadi danışır və son illər ölkəmizdə bütün sahələr üzrə görülən işləri yüksək qiymətləndiririk. Sevindirici haldır ki, dövlətimiz əlilliyi olan insanlara daim qayğı göstərir, öz köməyini əsirgəmir.

M.NƏRİMANOĞLU,

"Respublika".