“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirə edilib
İQTİSADİYYAT

“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər heyəti Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edib. İclasda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.

23 iyun AIBNDX-nin məlumatında bildirilir ki, xidmət rəisi Məmməd Abbasbəyli yeni qanun layihəsi barədə məlumat verərək qanunun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini söyləyib. Bildirilib ki, yeni qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq halları və onların aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir.

Qanun layihəsinin müvafiq maddələrində, həmçinin satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri öz əksini tapıb.

“Respublika”.