Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb
Məlumat

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də keçirilmiş Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri açıqlayıb.

DİM-dən "Respublika"ya bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 1104 nəfərdən 48-i imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə (DSX) təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən aprelin 17-də telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 16-sı saat 12:00-dan aprelin 17-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd edilmiş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.