Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” Hesabatının təqdimatı keçirilib
İQTİSADİYYAT

Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” Hesabatının təqdimatı keçirilib

“Qlobal İqtisadi Perspektivlər” (GEP) Hesabatı Azərbaycanın yuxarı-orta gəlirli ölkə kimi qlobal iqtisadiyyat barədə müzakirələrə daxil edilməsi və Dünya Bankının gələcək hesabatlarında ölkəmizin mövqeyinin nəzərə alınması baxımından əhəmiyyət daşıyır.

16 iyun İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan sosial-iqtisadi məsələlərə dair konseptual baxışların formaşdırılmasında və dayanıqlı iqtisadi inkişaf hədəflərinə nail olunmasında beynəlxalq təşkilatlarla, xüsusilə də Dünya Bankı ilə əməkdaşlığa və məsləhətləşmələrə önəm verir. Bildirilib ki, Dünya Bankı ilə ölkəmizin məhsuldar tərəfdaşlığı və Bankın dəstəyi ilə həyata keçirilən layihələrin iqtisadi inkişafa töhfələri xüsusi qeyd olunmalıdır. Hesabatın önəmi barədə fikirlərini bölüşən nazir müavini “Hesabata dair təqdimatın Azərbaycanda ilk dəfə keçirilməsi əlamətdar hadisədir. Hesabatda inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirilməklə, qlobal iqtisadi hadisələr və perspektivlər araşdırılır.

Tədbirdə qlobal çağırışlara adekvat yanaşma, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin olunması, azad edilmiş ərazilərimizin bərpası və reinteqrasiyası məqsədilə həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və digər dövlət proqramları çərçivəsində görülən işlər barədə məlumat verilib.

Çıxışında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl son illərdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda Bank tərəfindən ildə iki dəfə dərc olunan “Qlobal İqtisadi Perspektivlər” hesabatının əhəmiyyəti barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda aparılan iqtisadi islahatlar bir çox beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı  tərəfindən dəstəklənir. Dünya Bankının nümayəndəsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarını, əldə olunan nailiyyətləri qeyd edib, Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib.

Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatının meneceri Franziska Ohnsorge tədbirdə “Qlobal iqtisadiyyatın qısa və uzunmüddətli artım perspektivləri: yavaşıyan artım və güclənən risklər” mövzusunda təqdimatla çıxış edib.

“Respublika”.