Dünyaşöhrətli Lev Nussimbaum - əslində isə Məhəmməd Əsəd bəy
Tarixi şəxsiyyətlər

Dünyaşöhrətli Lev Nussimbaum - əslində isə Məhəmməd Əsəd bəy

Onu bəzi mənbələrdə Lev Nussimbaum kimi tanısalar da, əslində o, azərbaycanlı mühacir jurnalist və yazıçı Məhəmməd Əsəd bəydir. Tarix boyu Əsəd bəyin kimliyi barədə mübahisələr yaransa da, hamı onu Azərbaycandan olan mühacir yazar kimi tanıyır.

Taleyi, ömür yolu, hətta yaradıcılığı belə tamamilə qəribəlik və təzadlarla dolu olan yazıçı 1905-ci il oktyabrın 17-də Kiyevdən Bakıya gələn qatarda dünyaya gəlmiş, 14 yaşına kimi Bakıda yaşamışdı. Atası Abraam Leybusoviç Nussimbaum milliyətcə yəhudi olsa da Gürcüstan vətəndaşı olub və sonralar Bakıya miqrasiya edərək, neft sənayesinə sərmayə qoymuşdu. Anası Basya Davidovna Nussimbaum isə Belarusiyadan gəlmə yəhudi idi. 16 fevral 1911-ci ildə Levin 5 yaşı olarkən anası zəhər içərək özünə sui-qəsd etmişdi. 1918-ci ildə Lev Nussimbaum atası ilə Bakıda baş verən qətliamlar səbəbindən şəhəri tərk edir. Lakin 1920-ci ildə Bakıya qayıdır, bir müddət sonra yenidən Gürcüstana gedərək bolşeviklərin bu ölkəni ələ keçirməsinə kimi orada yaşayır. Tiflisdə yaşayan xalası onu özü ilə Avropaya aparmaq üçün sənədlər hazırlayır. Sənədlərə görə, Əsəd Ukraynada doğulmuş, yəhudi əsilli Lev Nussimbaum kimi göstərilir. Gürcüstandan Lev Nussimbaum kimi ayrılan yazıçı bir müddət sonra 1922-ci ildə Almaniyada adını Məhəmməd Əsəd bəy kimi rəsmiləşdirir.

1926-cı ildə o, Berlinin məşhur ədəbi jurnalı olan "Die literarische Welt" (Ədəbiyyat dünyası) jurnalı üçün Əsəd Bəy təxəllüsü ilə əsərlər yazmağa başlayır və ən azı 120 məqalə bu ad altında dərc olunur. 1930-cu illərin əvvəllərində Əsəd bəy əsasən müasir tarix və siyasi məsələlər haqqında yazmışdır. Nussimbaumun etnik mənsubiyyətinin yəhudi olmasına baxmayaraq, o elə bir monarxist və antisosialist siyasəti yürütmüşdü ki, mənşəyinin aşkar olunmasından əvvəl nasist təbliğat nazirliyi onun əsərlərini "Alman xatirəsi üçün ən üstün kitablar" siyahısına daxil etmişdi. Yazıçının özünə "Qurban Səid" təxəllüsü götürməsinə 1935-ci ildə "Əsəd bəy" imzasının Almaniyada qadağan edilməsi səbəb olmuşdur. Almaniyanın müxtəlif rəsmi orqanlarının 1929-cu ilə aid sənədləri, polis aktları və 1935-ci ilin gestapo sənədləri bunu sübut edir.

Əsəd bəyin Avropada çox məşhur olan "Əli və Nino" əsərinin müəllifi olması haqda da bəzi təzadlı fikirlər olub. Çünki həmin roman Qurban Səid imzası ilə yazılmışdı. Onu da qeyd edək ki, əsər 30-dək dilə tərcümə edilərək 11 milyon nüsxə tirajla yayılıb. Dünyanın ən gözəl sevgi əsərlərindən biri olan "Əli və Nino" romanının Qurban Səid imzasıyla 1937-ci ildə Avstriyanın Vyana şəhərində alman dilində çap edilməsindən az müddət keçdikdən sonra kitab nəinki Avropada, hətta bütün dünyada məşhurlaşır və 33 dilə tərcümə olunaraq 66 ölkədə çap edilir. Həmin əsərin müəllifi olmasını təsdiq edən sənədlərdən birində deyilir ki, xanım Elfride Ehrenfels 1938-ci il fevralın 1-də Vyanada "Zinnen" nəşriyyatı ilə müqavilə bağlamışdır. İlk bənddə deyilir ki, "Nəşriyyat Qurban Səidin vəkil etdiyi şəxs kimi verdiyi etibarnaməni bizə təqdim etdikdən sonra Elfride Ehrenfelslə aşağıdakı müqaviləni bağlayırıq". Elfride Ehrenfelsin "Tal" nəşriyyatı ilə bağladığı müqavilə sənədlərinin birində isə bildirilir ki, nəşriyyat "Əli və Nino" romanı üçün qonorar kimi Əsəd bəyə 3 qızıl saat bağışlamışdı. "Əli və Nino" əsəri ilə yanaşı, yazıçının "Qızıl buynuzdan olan qız" adlı romanı da bir çox müzakirələrin mövzusuna çevrilmişdi. 1937-ci ildə çap olunan bir çox qəzetlərdə Qurban Səid adının təxəllüs olduğu, "Əli və Nino" əsərində müəllifin öz şəxsi yaşantılarını qələmə aldığı, heç bir avropalının belə bir əsər yaza bilməyəcəyi vurğulanır.

1974-cü il iyunun 10-da Elfride Ehrenfels alman ədəbiyyatşünası Əhməd Şmideyə yazdığı məktubunda bildirir ki, "Qurban Səid" bakılı Məhəmməd Əsəd bəyin yazıçı təxəllüslərindəndir. Biz 1938-ci ildə onun "Altunsaç" romanı üzərində bərabər işləmişik". 1976-cı ildə isə xanım Elfride Ehrenfels "Qurban Səid" təxəllüsü ilə bağlı verdiyi açıqlamasında onun həmin romanın müəllifi olmadığını bəyan etmişdir. O, həmişə "bizim" yox, "onun" romanı ifadəsini işlədir. Əsəd bəyin 1973-cü ildə "Desch" nəşriyyatı tərəfindən çap edilmiş "Altunsaç" romanına ön söz yazan Omar Ehrenfels Əsəd bəylə yaxın dost olduğunu və "Əli və Nino" romanını onun yazdığını bildirir. Əsəd bəy sonuncu əsərini, nəşr olunmamış qalan "Der Mann von der Liebe nichts verstanden hat" ("Kişi sevgidən heç nə anlamadı") romanını "Qurban Səid" imzası ilə yazmışdır.

Əsəd bəy olduqca məhsuldar və sürətli yazıçı olmuşdu. Bu xüsusiyyətinə görə qələm dostu Verner Şendell ona sürətini azaldıb, yazdığı kitabları arasında fasilə verməsini söyləmişdi. Həmin il yazıçının yalnız polyak dilində iki romanı nəşr edilmişdi. Əsəd bəy yazdığı əsərlərindəki şəxsiyyət və mövzularda milli eynilik haqqında iddialar irəli sürürdü. Məsələn, Stalin haqqında yazanda gürcü, Nikolay haqqında yazanda isə özünü rus kimi qələmə verib. Fars dünyasından və yaxud da müsəlman aləmindən yazanda isə özünü müsəlman kimi tanıdırdı.

"Vətənsiz həyat boş və mənasızdır". ...Bu fikirlər Qurban Səid imzası ilə dünyada tanınan Məhəmməd Əsəd bəyə məxsusdur. Bu sözlər ömrünün son günlərini keçirdiyi mənzilinin önündəki barelyefdə həkk olunub.

1932-ci ildə Əsəd bəy ayaqqabı maqnatı olan Valter Louvendalın qızı Erika Lauvendalla ailə qurur. Lakin bu evlilik uzun sürmür, sonda qalmaqalla bitir. 1938-ci ildə almanlar Avstriyanı işgal etdikdən sonra Əsəd bəy İtaliyaya qaçır və Pozitano şəhərinin dəniz sanatoriyasında yaşamağa başlayır. O, ətrafların qanqrenasına səbəb olan və Aşkenaz soyuna mənsub yəhudi kişilərində müşahidə olunan bir xəstəliyə yoluxur və qan dövranının pozulması nəticəsində 1942-ci ildə vəfat edir.

Ramidə YAQUBQIZI,

"Respublika".