Azərbaycan xalqının görkəmli nümayəndəsi
Tarixi şəxsiyyətlər

Azərbaycan xalqının görkəmli nümayəndəsi

Əziz Əliyev tarixdə öz imzası olan şəxsiyyətlərdəndir

"Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür... Həyat, bax belədir". Ulu öndər bu sözləri Azərbaycan xalqının sədaqətli övladı, görkəmli dövlət və elm xadimi, akademik Əziz Əliyevin 1998-ci il mayın 14-də keçirilən 100 illik yubiley tədbirində söyləyib.

Bəli, həyat, doğrudan da belədir, etdiklərimiz bumeranq effekti verib geri dönür, yaxşısı, pisi ilə qarşımıza çıxır...

1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olan Əziz Əliyev gənc yaşlarında ikən ailəsilə birlikdə digər soydaşlarımız kimi, 1918-ci ildə Qərbi Azərbaycandan deportasiya edilib. Ermənilərin xalqına qarşı törətdikləri soyqırımının şahidi olan, bütün olanlarla barışmayan gənc Əziz bir müddət Naxçıvanda yaşayır, sonra Bakıya köçür. 1938-ci ildə repressiyadan möcüzə nəticəsində xilas olur, ancaq 50-ci illərin əvvəllərində isə bu qovğadan qoruna bilmir.

Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur, orada ibtidai təhsil alır, 1917-ci ildə isə İrəvandakı gimnaziyanı əla qiymətlərlə bitirir, lakin ali təhsil almaq üçün imkanı olmadığından Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət edib ondan kömək istəyir. Tezliklə həmin vaxt üçün kifayət qədər vəsait hesab olunan 300 rubl məbləğində kömək alır. Elə həmin il Sankt-Peterburqda müsabiqədən müvəffəqiyyətlə keçib Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Oxuya-oxuya işləyir, aldığı məvaciblə özünü də dolandırır, üstəlik valideynlərinə də yardım göstərir.

1923-cü ildə Bakıya köçdükdən sonra, həyatının yeni mərhələsi başlayır. İlk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir, həmçinin yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. 1927-ci ildə ali təhsilini başa vurur və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır, 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur.

Əziz Əliyev 1929-cu ildə namizədlik dissertasiyasını, beş il sonra doktorluq işini də müvəffəqiyyətlə müdafiə edir. 1941-ci il mayın 13-də Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir və həmin ildə də professor elmi adı təsdiqlənir.

İndi bütün bunları sadalayarkən adama elə gəlir ki, bu görkəmli şəxsiyyətin həyat yolu beləcə rahat keçib. Əsla yox! Əziz müəllim həyatın hər cür sınağına çəkilib.

O, Azərbaycan və Dağıstan xalqlarının elmi-pedaqoji, siyasi-ictimai həyatında, respublikamızda elmin, səhiyyənin, dövlət idarəçiliyinin inkişafında müstəsna xidmətləri olmuş, eləcə də Dağıstan xalqının Böyük Vətən müharibəsində düşdüyü ağır çətinliklərdən xilas olmasında, Azərbaycan və Dağıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsində xüsusi rol oynamış, cənublu soydaşlarımızın şimallı qardaşları ilə mədəni əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdi.

Ulu öndər bununla bağlı deyirdi: "... Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox ağır işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli işin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır... Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur".

Təəssüf ki, bütün bu xidmətlərin fonunda Əziz Əliyev guya valideynlərinin sosial mənşəyini - bacısının İranda olmasını gizlətdiyi üçün işdən çıxarılır. Bu paradoks isə artıq indi hər kəsə məlumdur. Əziz Əliyevin heç bir günahı yox idi və heç nəyi gizlətmirdi. Hamı yaxşı bilirdi ki, əri kimi özü də İran təbəəsi olan böyük bacısı 1938-ci ildə İran təbəəli azərbaycanlılar buradan çıxarılan vaxt İrana köçməyə məcbur olmuşdu. Ailəsinin də sosial mənşəyi məlum idi. Bu, sadəcə onu repressiyaya məruz qoymaq üçün bir bəhanə idi. Əziz Əliyevin övladları, onun davamçıları da Azərbaycan xalqının həyatında böyük rol oynayıb. Görkəmli şəxsiyyətin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası, dünyaşöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyeva zəngin keşməkeşli həyat yolu keçmiş, Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük işlər görmüşdür.

Əziz Əliyevin repressiyaya məruz qoyulmasından onun yaxınları da əziyyət çəkirdi. O vaxtlar Zərifə xanımla yenicə tanış olan ulu öndər Heydər Əliyev 1948-ci ildə Leninqrada (indiki Sankt-Peterburq) oxumağa göndərilir. 1950-ci ildə geri dönən Heydər Əliyev ailə qurmaq qərarına gəlir, lakin Zərifə xanım: "Deyəsən, biz bir daha görüşə bilməyəcəyik, çünki atamı işdən çıxarıblar və ona qarşı siyasi ittiham irəli sürüblər. Sən isə dövlət təhlükəsizliyi orqanlarında işləyirsən və bu, sənə zərər gətirə bilər. Odur ki, deyəsən, bizə birlikdə olmaq qismət deyilmiş", - deyir. Təbii ki, gənc Heydər Əliyev buna etirazını bildirir və münasibətlərini davam etdirir.

O vaxtlar Əziz Əliyevin ailəsi ciddi şəkildə izlənilirdi və Zərifə xanımla Heydər Əliyevin arasındakı münasibətlərdən xəbər tutanda dövlət təhlükəsizliyi naziri general Yemelyanov onu yanına çağırıb demişdi: "Sən cavan və bacarıqlı işçisən. Leninqradda çox yüksək təhsil almısan, təhsili uğurla başa vurubsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa biz səni işdən çıxarmalı olacağıq". Heydər Əliyev bunun üçün hansı əsasların olduğunu soruşanda nazir: "Sən hələ cavansan və hələ başa düşmürsən. Yoldaş Mircəfər Bağırov göstəriş verib və biz onu yerinə yetirməliyik", - deyə cavab verir. Əziz Əliyevin ailəsini isə izləməkdə davam edirdilər. Göstəriş belə idi: Əziz Əliyev həbs olunmalı, onun ailəsi isə Mircəfər Bağırovun göstərişilə buradan sürgün edilməli idi... Ancaq belə bir məsəl var: "Sən saydığını say, gör fələk nə sayır". Doğrudan da, o zaman fələk öz işini görmüşdü. Ulu öndər o illəri belə xatırlayır: "Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxardılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar. Bundan sonra mən, necə deyərlər, azadlığa çıxdım və 1954-cü ilin noyabrında öz ailə həyatımı qura bildim".

Qızı Zərifə ailə qurduqdan sonra Əziz Əliyev kürəkəni Heydər Əliyevlə yaxından ünsiyyət qurur, onlar tez-tez söhbət edirlər. Sadə, ağıllı həmsöhbət olan Əziz müəllim tariximiz, ədəbiyyatımız, incəsənətimiz haqda maraqla danışardı. Kolleqaları arasında çoxlu dostları vardı. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox incəsənət, ədəbiyyat xadimləri ilə ailəvi yaxınlıq edirdi.

Bu görkəmli şəxsiyyət xalqın qəlbində əbədi heykəl ucaltmışdı. Bunu onun haqqında yazılan xatirələrdə də aydın müşahidə etmək olar. Akademik M.Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi, Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdı".

Azərbaycan tarixində imzası olan görkəmli şəxsiyyətlərdən idi Əziz Əliyev. Onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.

Zümrüd QURBANQIZI,

"Respublika".