Güclü şəxsiyyət, qüdrətli lider
Tarixi şəxsiyyətlər

Güclü şəxsiyyət, qüdrətli lider

Böyük və güclü şəxsiyyətlər cəmiyyətdə, o cümlədən geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərirlər. Onların dünyagörüşü, uzaqgörənliyi, analitik düşüncə tərzindən irəli gələn həyat təcrübəsi və siyasi iradəsi ölkənin inkişaf strategiyasını müəyyənləşdirməklə gələcək üçün düzgün yol seçimini formalaşdırır. Ümummilli lider Heydər Əliyev xalqımızın dahi şəxsiyyətlərindən biri olaraq  milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi. Onun böyüklüyünü illər keçdikcə daha dərindən dərk edirik.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi onu deməyə əsas verir ki, bu böyük dövlət xadiminin hakimiyyətə gəlişi mühüm tarixi zərurətdən doğmuşdur.

Heydər Əliyev 14 il Azərbaycan KP MK-nın birinci katibi oldu. Bu vəzifədə onun yüksək təşkilatçılıq bacarığı, islahatçı dövlət xadimi kimi istedadı özünün parlaq təcəssümünü tapdı.

1982-ci ildə Siyasi Büroya üzv seçilərək SSRİ-ni idarə edən vəzifəli şəxslərdən biri olarkən bu dahi siyasətçinin potensialı daha geniş miqyasda üzə çıxdı. Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi Azərbaycanı dünyaya tanıtdırmaq üçün əlavə imkanlar demək idi və ulu öndər vətənini, xalqını dərindən sevən insan kimi yaranmış imkanlardan maksimum istifadə etməyi bacarırdı. Azərbaycanlı Heydər Əliyevin ittifaq rəhbərliyində yüksək vəzifə tutması mühüm siyasi hadisə və xalqımız üçün böyük iftixar və qürur mənbəyi idi.

Sovet dövlətinin görkəmli rəhbərlərindən biri kimi Heydər Əliyev ona tapşırılmış məsul işlərin öhdəsindən bacarıqla gəlir, işinin həddən ziyadə çox olmasına baxmayaraq, o, doğma Azərbaycanın problemləri ilə yaxından  maraqlanırdı.

Müasir  Azərbaycanda  dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi həyatın otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasi xadim,  dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, əməli fəaliyyəti gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun əməli fəaliyyəti ilə yanaşı, həm də fəlsəfi məfkurəsində öz əksini tapmışdır. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini qoyaraq, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının zərrəsi vardır.

Ulu öndər Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Çox illər keçəcək və gələcək nəsillər də şanlı dövlətçilik tariximizi vərəqləyərkən 40 ilə yaxın Azərbaycana rəhbərlik etmiş təcrübəli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər böyük işlər gördüyünü təsdiqləyəcəklər.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açdı. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrildi. Yeni istehsal və sənaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual səviyyəsi yüksəldi. Ümummilli liderin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu. Bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları təmin edildi.

XX əsrin sonlarına yaxın Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını gerçəkləşdirmişdir. Ulu öndərimizin mənalı və şərəfli ömür yolunun hər parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada fenomenal şəxsiyyətin nəhəng işləri öz əksini tapmasın. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü və gələcəyini, həyata keçirilən dövlət quruculuğu prosesini, beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq məfhumlarını illüziya və şüarçılıq səviyyəsindən həqiqi milli ideyalara çevirməyi bacarmışdır. O, Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Ulu öndər Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünürdü. Azərbaycanda çox böyük sürətlə məktəblər, xəstəxanalar və digər obyektlər tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapırdı. Ölkəmizdə bütün sahələrdə böyük quruculuq işləri gedir və bu işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edirdi.

Ümummilli lider Heydər Əliyev zəngin bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktik əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə çalışmışdır.

Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Azərbaycana son 20 ildə böyük uğurlar gətirən neft strategiyası ölkənin malik olduğu təbii sərvətlərdən xalqın rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiya iqtisadi maraqlarla yanaşı, həm də milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndərin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə xidmət edir.

2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətdə ulu öndər  bildirirdi ki, səhhətində yaranmış problemlər başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermir. Eyni zamanda böyük inamla bildirirdi ki, axıra çatdıra bilmədiyi işləri, taleyüklü planları xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Həyat növbəti dəfə Heydər Əliyevin uzaqgörənliyini təsdiqlədi.

Ölkəmizin  rəhbərinin bu gün dünya miqyasında  qazandığı böyük nüfuz, nəhəng dövlətlərin basçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyev yolunun alternativi yoxdur və bu yol xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır.

Bu gün biz ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin doğrulduğunun şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı olması, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.

Vəli ALBƏNDOV,

"Qarabağ-E.R." MMC-nin direktoru, Əməkdar mühəndis, YAP üzvü.