Nikol “oyun qaydaları”nı pozduğu üçün kreslosu ilə sınanır
Siyasət

Nikol “oyun qaydaları”nı pozduğu üçün kreslosu ilə sınanır

İnqilab nəticəsində hakimiyyətə gətirilənlər onları dəstəkləyən siyasi dairələrin maraqlarına uyğun fəaliyyət göstərir, verilən tapşırıqları icra etmədikdə isə həmin liderlər ya fiziki olaraq aradan götürülür, ya da alternativləri ilə əvəzlənirlər. Hazırda Ermənistanda da belə bir prosesə hazırlıq getdiyinə dair ciddi siqnallar var. Baş nazir Nikol Paşinyan 2018-ci ildə məhz Birləşmiş Ştatların dəstəyi ilə iqtidara gəlsə də, 2020-ci il Qarabağ müharibəsində Ermənistanın məğlub olması və hələ də Rusiya ilə balanslı siyasət yürütməyə çalışması Ağ Evin istəklərini tam şəkildə qarşılamır. Buna görə də Qərb artıq onu əvəzləmək üçün müzakirələr aparır.

Erməni mətbuatı ardıcıl şəkildə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qərb tərəfindən Paşinyanın varisi seçildiyinə dair yazılar tirajlayır. Artıq Qriqoryanla hakim "Mülki Müqavilə" partiyasının nümayəndələri arasında münasibətlərdə kəskin inamsızlıq yaranıb. Baş nazir əvvəlcə bu ssenarini ciddi qəbul etməsə də, indi Armenin Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb. Paşinyan bu narahatlığında müəyyən qədər haqlıdır. Çünki qatı antirus mövqeyi ilə tanınan Armen Qriqoryan demək olar ki, hər ay Birləşmiş Ştatlara səfər edən yeganə Ermənistan rəsmisidir. Bu, Qərbin kiminlə işləmək istədiyinin sübutudur. Üstəlik, erməni siyasətçini təkcə Ağ Ev yox, erməni lobbisi və kilsəsi də dəstəkləyir. Təhlükəsizlik Şurasının katibinin Moskvaya axırıncı dəfə nə vaxt getdiyini isə yəqin ki, heç özü də xatırlamır. Bunların fonunda Paşinyandan sonra hökumətə başçılıq etmək üçün Qriqoryanın şansı daha yüksək qiymətləndirilir.

Hazırkı baş nazir Nikol Paşinyan da "qoca qitə"nin öz adamı idi, hakimiyyətə gəldiyi gündən Avropa dəyərlərini təbliğ edir, Rusiyaya zidd siyasət yürüdür, ölkəni qərbə yaxınlaşdırmaq meyilləri nümayiş etdirirdi. Belə halda nəyə görə o, Qriqoryanla əvəzlənir? Cavab baş nazirin uğursuzluqlarında gizlənir. Ölkədə keçirilən rəy sorğuları hökumət başçısına etimadın kəskin azaldığını, hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. Orduda baş verən intiharlar, sosial vəziyyətin gündən-günə çətinləşməsi, Qarabağ erməniləri ilə yaranan problemləri aradan qaldırmaq üçün hakim partiyanın mərkəzi aparatı tərəfindən hazırlanan populist və ucuz şoular isə əks effekt verir, müxalifətin daha da aktivləşməsinə səbəb olur. Bunun fonunda mümkündür ki, "qoca qitə" Ermənistanda mümkün boşluğun yaranmasına icazə verməmək üçün indidən öz namizədini hazırlayır. Çünki görür ki, Paşinyan baş nazirlik kreslosunda uzun müddət otura bilməyəcək, gəldiyi kimi inqilabla yola salınacaq. Buradan aydın olur ki, Qərbin Paşinyandan üz çevirməsinin ilk səbəbi onun aşağı düşən nüfuzudur. Buna şərait yaradan digər amil isə hökumət rəhbərinin verilən tapşırıqları tam formada yerinə yetirə bilməməsidir. Qərb son vaxtlar İrəvandan konkret addımlar gözləyir, siyasi dairələr Ermənistanın Rusiya əleyhinə bəyanatlarını artıq yetərli hesab etmirlər. Onların fikrincə, Paşinyan iqtidarı Avropaya yaxınlaşma siyasətinə sadiqdirsə, bunu KTMT-dən, Avrasiya İqtisadi İttifaqından, MDB-dən çıxmaq və Rusiya ilə müttəfiqliyi pozmaqla sübut etməlidir. Amma hazırda buna əks proses baş verir. Kreml son vaxtlar Ermənistanı yenidən silahlandırmağa başlayıb. Belə anlaşılır ki, Moskva İrəvanın forpost olaraq qalacağından əmindir və ikili münasibətlərində yaranmış ziddiyyətləri müvəqqəti hesab edir. Görünür, Qərb də bu vəziyyəti müşahidə edərək baş nazirin artıq onların maraqlarını təmin etmədiyinə qərar verib. Buna görə də Armen Qriqoryana konkret tapşırıqlar verərək Cənubi Qafqazla bağlı planlarının icrasını sürətləndirməyi hədəfləyir.

Amma bu, yeganə versiya deyil. Mümkündür ki, Qərbin Ermənistanın baş naziri Nikol Paşinyanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzləyəcəyi barədə erməni mətbuatında tirajlanan yazılar gündəmi dəyişdirməyə xidmət edir. Çünki ölkədə siyasi gərginlik artıb, xaos dərinləşib. Müharibədə məğlubiyyət, kütləvi şəkildə ölkəyə qayıdan köçkünlər, iqtisadi böhran kimi səbəblər rəhbərliklə xalq arasında uçurum yaradıb. Görünən odur ki, hazırda Ermənistan böyük tənəzzül dövrü yaşayır. Buna görə də Paşinyan ölkədə daha böyük xaosun başlaya biləcəyini imitasiya edərək narazılığı mümkün qədər səngitməyə çalışır.

Jalə QASIMZADƏ,

"Respublika".