Millətlər dərdini kimə desin?
Siyasət

Millətlər dərdini kimə desin?

Birləşmiş Millətlər Təşkilatı artıq işə yaramır

2020-ci il 20 sentyabr. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxış etdi. O, müasir şərait nəzərə alınmaqla beynəlxalq təşkilatlarda islahatların aparılması, BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edə biləcək mexanizmin tətbiqi, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün səy göstərilməsi və "COVID-19" virusuna qarşı vaksinin ədalətlə bölüşdürülməsi ilə bağlı çağırış etdi.

Ölkə başçısı xatırlatdı: "Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır". O vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, lakin həmin qətnamələr icra olunmur. İlham Əliyev bildirdi ki, Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Azərbaycanın mühüm infrastruktur obyektlərinə - Mingəçevir Su Anbarı və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir: "İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq". Bildirdi ki, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik".

Vətən müharibəsinə isə cəmi 7 gün qalırdı... Sentyabrın 27-də saat 7:30-da Müdafiə Nazirliyinin yayılan məlumatında deyilirdi ki, yerli vaxtla 6:00-da ermənilər Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələrini artilleriya qurğuları və minaatanlardan atəşə tutub. Nəticədə dinc əhali və hərbçilər arasında həlak olan və yaralananlar olub. Elə həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Respublikanın bütün ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalandı.

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfrans keçirildi. Dövlətimizin başçısı məlumat verərək dedi ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xətti boyu yerləşən yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutub, nəticədə ölən və yaralananlar var. Ali Baş Komandan daha sonra vurğuladı ki, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmalıdır.

Birləşmiş Millətlər Təşkilatı... Pis səslənmir, elə məqsəd və məramı da. Yəni bir nəfər hamı, hamı bir nəfər üçün çalışmalıdır ki, bütün millətlər sülh içərisində yaşasın. Məhz bu səbəbdən də dünyanın hansısa nöqtəsində dövlətlər, xalqlar arasında münaqişə, müharibə başlayanda ilk olaraq bu böyük, nüfuzlu demədim, məhz bu böyük təşkilata üz tutur. 30 ildə biz də dərdimizi məhz BMT-yə dedik, xahiş, tələb etdik ki, erməniləri durdursun. Təəssüf ki, bu, baş vermədi. Çox vaxt yazır, deyirik ki, ermənilər beynəlxalq hüququ heçə sayır, onu pozur, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına məhəl qoymur. Yəni bunu yazmaqla dolayısı ilə ermənilərin dünyanın ərköyün balası olduğunu göstərmiş oluruq. Ancaq belə deyil. Bu "hoha" məsələsidir: "Hoha var ki, dağ başına qaldırar, hoha var ki, dağdan endirər". Deməli, o təşkilatlar dediklərini, - xala xətrin qalmaması" üçün deyirlər. Əgər, erməninin də qulağı bir ovuc kişmişə görə "qulağı burulub mələdilən" keçi kimi burulsaydı bizim torpaqlara heç gözünün ucu ilə də baxmağa cəsarət etməzdi. Buradan belə nəticə çıxır ki, Birləşmiş Millətlər Təşkilatı köhnəlməyib, elə əvvəldən belə köhnədir, yəni bu böyüklükdə dünyanın yükü beş nəfərin çiyinlərinə qoyulub. Bu, beş "qardaş" da yalnız öz maraqlarına xidmət edir. Özləri yoğurub, kündələyib, özləri də yapırlar. Bəzən bişirdikləri küt olur... Belə olmasaydı, Ermənistan-Azərbaycan münaqişəsi də bu qədər uzanmazdı. BMT-nin qətnamələri adi kağız parçası dəyərində olmasaydı, Azərbaycan ədaləti bərpa etmək üçün bu qədər şəhid verməzdi. İndi dünyada ümumi bir fikir formalaşıb: BMT Təhlükəsizlik Şurası dəyişməli, bu qurumun tərkibində olan dövlətlər dünyanı başqa formada təmsil etmək üçün sistem qurmalıdırlar. Çünki bu gün dünyada hüququn aliliyini görmürük. Əksinə, nüvə silahına malik ölkələrin münaqişələri dəstəklədiyi müşahidə edilir. Ancaq eyni zamanda, bunun əksinə çalışan qüvvələr də yox deyil. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatında mövqeyi ilə zəifə, kasıba kömək edir, dünyada sülh və sabitlik yaratmağın zəruri olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin dediyi kimi: "...BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdır".

Doğrudur, stereotipləri dəyişmək çətin olur, amma olmalıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".