Düşmənə tarixi dərs: “Qisas”
Digər xəbərlər

Düşmənə tarixi dərs: “Qisas”

Ötən il avqustun 3-də Azərbaycan Ordusu qətiyyətli antiterror əməliyyatı keçirib

Tarixin müxtəlif dövrlərində başqa ölkələrdən gətirilib Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər əzəli torpaqlarımıza yerləşdikdən sonra qədim yurd yerlərimizi öz adlarına çıxmış, azərbaycanlıları öz ata-baba torpaqlarında sıxışdıraraq deportasiyalara, soyqırımlarına məruz qoymuşlar. Xalqımıza məxsus torpaqlarda qurulmuş Ermənistanda etnik təmizləmə siyasəti həyata keçirilmiş, zaman-zaman erməni xəyanəti ilə üzləşmiş soydaşlarımız ötən əsrin sonlarında doğma yerlərindən zorla çıxarılmışlar.

1988-1992-ci illərdə ərazilərimizin 20 faizdən çox hissəsini işğal edən mənfur qonşularımız işğalçılıq siyasətlərini 30 il davam etdirdilər. Bu müddət ərzində Azərbaycan münaqişənin dinc yolla həllinə çalışsa da bir nəticəsi olmadı, əksinə, işğalçı ölkə fasilələrlə sərhədboyu ərazilərdə təxribatlar törətdi, qarşıdurmalar yaratdı. Münaqişənin sülh yolu ilə həllinə nail ola bilməyən dövlətimiz 2020-ci ildə düşmənin növbəti təxribatına əks-hücum əməliyyatı ilə cavab verdi. Öz ərazilərində erməni silahlılarını məhv edərək ərazi bütövlüyünü təmin etdi, 30 illik işğala 44 gün ərzində son qoyuldu. Hərb meydanında məğlub olan düşmən təslim aktı imzalayaraq üzərinə öhdəliklər götürsə də, alçaq niyyətindən əl çəkmədi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən dərs almadı. Bu gün dövlətimiz qarşı tərəflə münasibətlərin normallaşması üçün ciddi səy göstərir, lakin erməni erməniliyindən əl çəkmir. İkinci Qarabağ müharibəsinin bitməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, düşmən ölkə bu günə qədər nə bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Zəngəzur dəhlizinin açılması, nə də ki, digər öhdəliklərini yerinə yetirməsi üçün cəhd belə etməyib. Hər zaman olduğu kimi, riyakarlığından əl çəkməyən Ermənistan Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq 5 baza prinsipinə əsaslanan sülh təklifini qəbul etsə də hələ ki, imzalamayıb.

Məğlubiyyəti ilə barışmaq istəməyən düşmənin təxribatları, terrorları bu və ya digər formada davam edir. Təbii ki, ölkəmizin suveren ərazilərində törədilən istənilən terror və təxribatların qarşısı qətiyyətlə alınır və əks-cavab tədbirləri nəticəsində geri oturdulur, törətdiyi əməlin qisası alınır.

Ötən il avqust ayının 3-də müzəffər Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı "Qisas" əməliyyatı həyata keçirdi. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Qarabağda vəziyyəti gərginləşdirmək məqsədilə avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutmuş, terror-təxribat hadisəsi nəticəsində Silahlı Qüvvələrimizin bir əsgəri şəhid olmuşdur. Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsilələrində Qırxqız yüksəkliyini ələ keçirməyə və orada öz mövqelərini yaratmağa çalışan terror qüvvələrinə Azərbaycan Ordusu "Qisas" antiterror əməliyyatı ilə cavab vermişdir. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Silahlı Qüvvələrimizin bölmələri tərəfindən nəzarətə götürülmüş, ermənilərin qanunsuz silahlı birləşmələrinin mövqeləri darmadağın edilmişdir. Həmçinin, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus "Ural" markalı hərbi yük avtomobili Sarıbaba yüksəkliyi yaxınlığında məhv edilmiş, düşmənin bir neçə döyüş mövqeyi dağıdılmışdır. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilmişdir.

Ötən il avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində erməni təxribatı nəticəsində Qarabağda baş verən qarşıdurma barədə jurnalistin sualını cavablandırarkən demişdir: "Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik".

Ölkə başçımız bildirmişdi ki, "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Belə ki, "Qisas" əməliyyatı ilə bağlı avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsi fonunda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd etmiş və Fransa hökumətinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirmişdir. Avqust ayının 5-də isə ABŞ-ın dövlət katibi Antoni Blinken ölkə başçımızla telefon danışığı zamanı bölgədə baş verən hadisələrlə bağlı narahatlığını ifadə etmişdir. Həmin gün İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhün, sabitliyin təmin olunmasına, eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına böyük səy göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olmuş, Aİ Prezidenti Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulamışdır.

Azərbaycan dövləti bundan sonra da ölkəmizin suveren ərazilərində törədilən bütün terror və təxribatların qarşısını qətiyyətlə alacağını və ərazilərində qanunsuz silahlı qüvvələrin, hərbi birləşmələrin mövcudluğuna qarşı daha sərt tədbirlər həyata keçirəcəyini qətiyyətlə bildirir. Düşmən ölkə isə Azərbaycanın qətiyyətinə, əzminə, iradəsinə yaxşı bələddir.

Mehparə ƏLİYEVA,

"Respublika".