Düşmənin
Digər xəbərlər

Düşmənin "boz zona" xəyalları əbəsdir

Son dövrlərdə Ermənistanın yaydığı saxta informasiyaların ardı-arası kəsilmir. Humanitar böhran, blokada, genosid kimi yalanlarla çıxış edən haylar bununla dünya ictimaiyyətinin fikrini Ermənistandan yayındırmağa, ölkəmizə ləkə yaxmağa çalışır. Görünür, düşmən Azərbaycanın döyüş meydanında göstərdiyi "dəmir yumruq"dan sonra hələ də özünə gələ bilməyib. Bu məğlubiyyəti həzm edə bilməyən Ermənistan müxtəlif təxribatlar törətməklə məkrli siyasətini davam etdirir.

Belə ki, Laçın dövlət sərhəd-buraxılış məntəqəsi ətrafında yaradılan "humanitar şou", BMT TŞ-yə ünvanlanan əsassız şikayətlər, o cümlədən üçtərəfli Bəyanata zidd olaraq silahlı qrupların hələ də Qarabağı tərk etməməsi hayların pozucu fəaliyyətinin bariz nümunəsidir. Qərb qonşumuzun bütün xain əməllərinə baxmayaraq, ölkəmizin alternativ kimi Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifinin Ermənistan və onun havadarları tərəfindən hay-küylə qarşılanması hayların regionda sülhə və təhlükəsizliyə maneə törətdiyini açıq şəkildə göstərir. Bütün bunlarla yanaşı, Paris meri kimi "erməni kuklalarının" məsələyə müdaxiləsi də hayların və havadarlarının Cənubi Qafqazdakı proseslərə mənfi təsir xülyasının əyani sübutudur. Şübhəsiz, bu elə xülya olaraq da qalacaq.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir "boz zona"nın olmasını qəbul etməyəcək. Hikmət Hacıyev, həmçinin Ermənistanın ölkəmizlə razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - Laçın sərhəd-buraxılış məntəqəsinə gətirməsi faktını da diqqətə çatdırıb: "Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Belə şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək".

Prezidentin köməkçisinin dediklərindən də göründüyü kimi, Ermənistan bu cür humanitar şoular yaratmaqla öz xain xislətini gizlətməyə çalışır. Çünki hayların bu gün əsas niyyəti vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir.

Ermənistanın və ona can yandıran qüvvələrin regionda "boz zona" formalaşdırmaq arzusu fiaskoya uğrayacaq. Siyasi-hərbi məzmunda "boz zona"nın anlamı belədir ki, "boz zona" qarşıduran tərəflərin heç birinin tam nəzarətində deyil, burada konkret cəbhə xətti yoxdur və sanki bir bufer bölgə mövcuddur. Onun siyasi terminin leksik mənasında yatan digər diqqətçəkən detal isə "boz zona"ların üçüncü, hətta dördüncü "tərəflərin" maraqlarının təcəssümü kimi çıxış edə bilməsidir. Bütün bunlar bu gün Qarabağda separatizmi alovlandıran, real olaraq təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan, sülhün ləngiməsi üçün səy göstərən dövlətlərin və ya qüvvələrin "boz zona"nın formalaşmasına yardım etdiyini söyləməyə əsas verir.

Şər qüvvələr unudur ki, Azərbaycan dəyişməyən qəti mövqeyi ilə bu cür korporativ maraqların iflasına çoxdan nail olub. Bu gün nəinki regionda, hətta beynəlxalq müstəvidə də Qarabağ Azərbaycanın tarixi və suveren ərazisi kimi tanınır. Bu məqsədlə, Qarabağdakı separatçı rejimin üzərindən öz çirkin planlarını həyata keçirməyə çalışanlar, eləcə də "humanitar yardım" adı altında beynəlxalq təzyiq kampaniyası formalaşdırmaq arzusunda olanlar Azərbaycanın ərazi bütövlüyü məsələsinin müzakirə mövzusuna çevrilə bilməyəcəyini dərk etməlidirlər.

N.BEYDİYEVA,

"Respublika".