Düşmənin insanlığa sığmayan əməlləri
Tarix

Düşmənin insanlığa sığmayan əməlləri

1992-ci il avqustun 28-də erməni quldurları Goranboy rayonunun Ballıqaya kəndində qətliam törətmişlər

Tarixin bütün dönəmlərində erməni millətçiləri xalqımızın başına min bir müsibətlər gətirmiş, soyqırımları və deportasiyaları dövlət səviyyəsində həyata keçirmişlər. Azərbaycan torpaqlarında qurulmuş Ermənistanda yaşayan soydaşlarımız etnik təmizləməyə, təcavüzə məruz qalmış, doğma yurdlarından didərgin salınmışlar. Düşmən himayədarlarının  köməyi ilə  zaman-zaman insanlıq adına sığmayan vəhşiliklər törətmiş, soydaşlarımız məhz azərbaycanlı olduqlarına görə qanlı qırğınlara, faciələrə düçar olmuşlar. Təkcə XX əsrdə xalqımız  dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləməyə məruz qalmışdır. Ötən əsrin sonlarında torpaqlarının 20 faizdən çox hissəsini işğal etməklə Azərbaycanın ərazi bütövlüyünü pozan mənfur ermənilər bir milyondan çox vətəndaşımızı əzəli torpaqlarından zorla çıxarmış, bu təcavüzkar siyasətini həyata keçirərkən  beynəlxalq hüquq normalarına məhəl qoymayaraq mülki azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər törətmişlər. 200 illik "türk düşmənçiliyi" 1988-ci ilin sonlarından başlayaraq daha qəddarlıqla davam etmişdir.

1991-ci il dekabrın 23-də  Xocalı rayonunun Meşəli kəndində   törətdikləri  qətliam misli görünməmş  Xocalı faciəsinin başlanğıcı idi. Şaxtalı-boranlı qış günündə erməni silahlı birləşmələrinin  Meşəliyə hücumu zamanı 8-i qadın, 3-ü uşaq olmaqla 28 kənd sakini qətlə yetirilmiş, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, evlər yandırılmışdır. 1992-ci il fevralın 14-də erməni hərbi birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndinə hücum etmişlər. Fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlının işğalı zamanı 100 nəfərdən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qanlı Xocalı faciəsini də   366-cı motoatıcı alayın köməyi ilə həyata keçirmiş, 7 min əhalisi olan Xocalı şəhərini işğal etmiş, dinc əhalisini xüsusi amansızlıqla qətlə yetirmişdir.

1992-ci il may ayının 8-də Şuşanın işğalından sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini ələ keçirən erməni silahlıları tərəfindən mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu ərazisindən və Gorus rayonu istiqamətindən Laçın rayon mərkəzi intensiv olaraq ağır artilleriya silahlarından  atəşə tutuldu. May ayının 18-də isə  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kvadratkilometr ərazi düşmən əlinə keçdi, 60 min laçınlı doğma yurdundan didərgin düşdü…

Laçının Nağdalı kəndindən didərgin düşmüş məcburi köçkünlərə qarşı ermənilərin 1992-ci il avqustun 27-dən 28-ə keçən gecə törətdikləri qətliam nəticəsində 6-sı azyaşlı uşaq olmaqla 24 nəfər öldürülmüş, 9 nəfər isə yaralanmışdır. Ballıqaya qətliamı kimi tarixə düşən faciə zamanı mənfur, qaniçən düşmən heyvandarlıqla məşğul olmaq məqsədilə bu yerlərə pənah aparmış laçınlıları öz alaçıqlarında qanına qəltan etmiş, sonra isə od vurub yandırmışlar. Dinc əhalini, yaşlı insanları, uşaqları hər zaman hədəf seçən, köməksizlərə öz "gücünü" göstərərək bir daha erməni xislətini nümayiş etdirmişlər.

Tarix boyu azərbaycanlılara qarşı kin, nifrət bəsləyən mənfur, alçaq niyyətli qonşularımız Ballıqaya qətliamı zamanı 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirdikdən sonra yandırmış, Laçından didərgin düşmüş digər soydaşımız  Yunis Mehdiyevin isə anası, bacısı, qardaşı və onun həyat yoldaşı, əmisi, əmisinin yoldaşı, iki oğlu və qızı, bibisi və iki qızı, qayınanası, əmisinin nəvələri erməni vəhşiliyinin qurbanı olmuşlar. Bir gecədə 10 ailənin işığını söndürən erməni vandalları Ballıqaya qətliamı ilə Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndlərində, Xocalı şəhərində azərbaycanlı əhalini kütləvi şəkildə məhv etmək siyasətini alçaqcasına davam etdirmişlər.

İkinci Qarabağ müharibəsində qəhrəman Azərbaycan oğulları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azğınlaşmış ermənilərə heç bir zaman unuda bilməyəcəkləri dərs verdilər. Xalqımızın başına gətirilən müsibətlərin, o cümlədən tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamında əliyalın günahsız insanların qisası döyüş meydanında alındı. Ölkə başçımızın düşünülmüş siyasəti sayəsində xalqımıza qarşı törədilən bütün cinayət əməlləri açılacaq, qatillər beynəlxalq hüquq müstəvisində cəzalandırılacaq. Yaxın günlərdə Meşəli faciəsini törədənlərdən birinin Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsində  tutulması bunu deməyə əsas verir.

Mehparə ƏLİYEVA,

"Respublika".