Əbədi müstəqillik tariximizin müəllifi
Tarix

Əbədi müstəqillik tariximizin müəllifi

1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər həmin seçkilərdə xalqın 98,84 faiz səsini qazandı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti ilə müstəqilliyimizi qoruyub saxladı. Müasir müstəqil Azərbaycan ümummilli liderin şah əsəridir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan dövlətinin varlığından danışmaq çətin olardı.

Ölkəmiz 1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa etsə də, ilk illərdə bütün sahələrdə hökm sürən böhranlı vəziyyət yalnız ümummilli liderin hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. Onu da qeyd edək ki, 1991-1993-cü illər müasir Azərbaycan tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi yadda qalıb. Bu cür mürəkkəb siyasi durumdan çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Beləliklə, Azərbaycanın əvəzsiz Lideri Bakıya dəvət edildi. Ulu öndər prezident seçilən kimi ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi. Məhz dahi liderin hakimiyyəti illərində Azərbaycan sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxdı. Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı alındı, bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılması üçün zəmin yaratdı. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan başqa, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi sürətləndi ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun uğurla, sürətlə həyata keçirilməsi də birbaşa ulu öndərin adı ilə bağlıdır.

Ümummilli lider ölkəmizdə qlobal əhəmiyyətli enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesinin daha da sürətlənməsinə gətirib çıxardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidin reallaşdırılmasının, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmağın mümkünsüzlüyünü bəyan etdi. Bu baxımdan, dahi lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin xalqımıza bəxş etdiyi milli sərvət kimi qiymətləndirilir. Ümummilli lider, ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail oldu. Heydər Əliyev tərəfindən işlənib hazırlanan layihənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli liderin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Heydər Əliyev İran və Rusiyanın ciddi etirazlarına baxmayaraq, böyük qətiyyətlə ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsinə başlanıldı. "Əsrin müqaviləsi" çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşası məsələsi də uğurla həll edildi.

Ulu öndərin xarici siyasət məsələlərinə xüsusi əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə önəmli idi. Böyük şəxsiyyətin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edən Heydər Əliyev ölkəmizin tarixində əvəzedilməz rola malikdir. Ulu öndərin ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması kimi vacib məsələləri dövlət siyasətinin prioriteti olaraq müəyyən etdi.

Prezident İlham Əliyev ümummilli liderin məqsədyönlü siyasətini bütün sahələrdə uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan dahi şəxsiyyət Heydər Əliyevin 2 oktyabr 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ümummilli lider həmin müraciətində Prezident İlham Əliyevə olan inamını açıq şəkildə bəyan etmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident İlham Əliyev bu inamı doğrultdu və adını tarixə torpaqlarımızın xilaskarı kimi yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyuldu. Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Müasir dövrdə böyük güclərin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul etməsi, eləcə də bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar bunun təzahürüdür. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin təqdimatında, yeni istiqamətlərin araşdırılaraq bugünkü və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Nəzrin ELDARQIZI,

"Respublika".