İmperiyanın süqutunu yaxınlaşdıran sonuncu zərbə
Tarix

İmperiyanın süqutunu yaxınlaşdıran sonuncu zərbə

Bir zamanlar gəlinlərin əlinin bəzəyi idi bir dəstə qərənfil. Bu gül tükənməz sevginin rəmzi sayılırdı. Amma bir gecə ilə dəyişdi qərənfilin taleyi. Şəhid məzarlarının al-qırmızı yorğanına çevrildi. Bir millətin dərd yükünə ortaq, qüssədən danışa bilməyən analara dil, bağrı parçalanan atalara göz yaşı oldu qərənfil. Bəzən deyirlər ki, o, kədər gülüdür, ona baxanlarda qəm-qüssə oyadır. Amma qərənfil hər çiçəkdən fərqli olaraq, hicranı gizləyir ləçəklərinin arasında. Başqa güllər nə qədər incə, zərifdirsə, qərənfil də bir o qədər dözümlü, mətindir. O, ümidin özüdür. Daşıdığı yükü qaldırmağa isə minlərin, milyonların gücü yetməz...

Bəzən həyatda yaşadığı bütün acılara baxmayaraq, çox mətin dayanan insanlara deyirlər ki, kaş bu qədər güclü olmaq məcburiyyətində qalmazdın. Hər kəs bilir ki, insanı dözümlü edən yaşadığı çətin günlərdir. Çünki insan oğlu əvvəlcə başına gələnlərə görə ağlayar, məyus olar, sonra üsyan edər, ardınca isə uzun müddət yas tutmağa başlayar. Bu, doğma birini itirəndə də belədir, itkisiz dərin kədər yaşayanda da. Qərənfilin də əyilməzliyi bir soyuq yanvar günündən başladı.

1990-cı il yanvar ayının 20-də əsasən erməni əsgərlərindən ibarət Sovet İttifaqının hərbi hissələri Azərbaycanda dinc əhaliyə, sivil insanlara qarşı qanlı qırğın törətdi. Bu, səbəbsiz deyildi. Çünki həmin dövrdə ittifaqın digər respublikası olan Ermənistan SSR-in ölkəmizə qarşı təcavüzkar hərəkətləri, ərazilərimizi qanunsuz və beynəlxalq hüquqa zidd olaraq ələ keçirmək cəhdləri təbii olaraq azərbaycanlıları hiddətləndirirdi. Xalq  mərkəzi hakimiyyətdən bunun qarşısının alınmasını gözləyirdi. Lakin sovet rəhbərliyi nəinki bu istiqamətdə addım atmır, gizli şəkildə ermənilərə dəstək verirdi. 20 Yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyi Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güdürdü. Sovet ordusu tərəfindən təkcə paytaxt Bakıda azərbaycanlı, rus, yəhudi, tatar və digər millətlərdən olan 147 mülki şəxs öldürüldü, 744 nəfər xəsarət aldı, 841 nəfər sovet təhlükəsizlik orqanları tərəfindən həbs olundu, 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla, 80 avtomaşın yandırıldı. O zaman Bakıda baş verən hadisələrin miqyasını başa düşmək üçün xalqa qarşı əməliyyata cəlb edilmiş hərbi qüvvələrin sayına və tərkibinə diqqət yetirmək kifayətdir. Arxiv sənədlərində göstərilir ki, Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 minə çatmışdı. Başqa bir mənbədə isə qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qırğınların törədilməsinə Pskov, Ryazan və Tula hava desant qüvvələri 76-cı hava desant diviziyası, 56-cı hava hücum briqadası və 106-cı hərbi desant diviziyası cəlb olunmuşdu. Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən ümummilli lider faciə barədə danışarkən demişdir: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər".

Beləliklə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. Günahsız insanların ölümü ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçovun Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, buna etirazını bildirən xalqımızın mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Sovet İttifaqının mövcudluğu üç əsas təməl prinsipə əsaslanırdı: planlı iqtisadiyyat, kommunizm ideologiyası və xalqlar dostluğu. 20 Yanvar hadisəsi bu prinsiplərə səmimi qəlbdən inanmış azərbaycanlıların SSRİ-yə olan inamını sarsıtdı. İlk növbədə, xalq ilə SSRİ rəhbərliyi arasında uçurum dərinləşdi. Qırğınlardan sonra başlanan 40 günlük elan olunmamış  tətil, fabrik və zavodların işləməməsi sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. Bu qanlı faciədən sonra sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını da itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, partiya üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.

SSRİ adlı şər imperiyası 20 Yanvar faciəsinin ikinci ildönümündə artıq yox idi. Əli günahsız insanların qanına batan qatilləri isə zaman və tarix mühakimə etdi. O zaman SSRİ-nin başında duran Mixail Qorbaçovu qiyamla devirdilər, girov saxladılar. Hakimiyyətə qayıtsa da hökmranlığından əsər-əlamət qalmadı, başçılıq etdiyi dövləti süqut etdi. İndi təkcə ölkəmizdə deyil, Rusiyanın özündə də adı lənətlə anılır. Bütün zamanların ən böyük imperiyasını dağıtdığına görə ruslar onu bağışlamırlar. 20 Yanvar cəlladlarından olan Yevgeni Primakov isə sonradan Rusiyanın baş naziri olsa da prezident olmaq arzusu gözündə qaldı, Yeltsin tərəfindən alçaldıldı. Bakıda qanlı iz qoymuş Polyaniçko və Lebed də sonradan sui-qəsd qurbanı oldular.

Tarixdə isə bir şücaət dolu gün qaldı - 20 Yanvar… 1990-cı ilin bu günü Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Xalqımız torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra - 2020-ci ildə də nümayiş etdirdi. Rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz ədaləti bərpa etdi. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.

Jalə QASIMZADƏ,

"Respublika".