Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır
Tarix

Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır

1918-ci ilin 30 mart - 3 aprel tarixində erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlının qətlə yetirildiyi, minlərlə insanın itkin düşdüyü soyqırımı törədiblər. Vandal haylar bu kütləvi qırğında uşağa, qadına, qocaya qarşı misli görünməyən vəhşiliklər edib, ağlasığmaz cinayətlərə əl atıblar. "Böyük Ermənistan" yaratmaq arzusu onları ən çirkin vasitələrə əl atmağa, günahsız insanları öldürməyə sövq edib. Silahlanmış, təlim keçmiş erməni əsgərlər şəhərə hücum ediblər. Bu zaman ermənilər evlərə soxulur, sakinləri öldürür, onları qılınc və xəncərlərlə doğrayıb, süngülərlə deşib, uşaqları alovların içərisinə atıb, üç-dörd günlük körpələri süngüyə keçiriblər. Qırıb-çatdıqları əhalinin əmlaklarını talayıb, qiymətli şeyləri özləri ilə aparıblar. Şübhəsiz, bu, onların milli xislətindən irəli gələn bir cəhətdir. 200 illik bir tarixdə başımıza gələn bütün faciələrin kökündə ya ermənilər durur, ya da ermənidən bir vasitə kimi istifadə edib bu mənfur milləti oyuncaq alətə çevirənlər.

Bu vəhşiliklər Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dünya ictimaiyyətinə çatdırılıb. Bu məqsədlə Cümhuriyyətdə Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə iki dəfə martın 31-ni Ümummilli Matəm Günü kimi qeyd edib. Lakin Cümhuriyyətin süqutundan sonra soyqırımının tədqiqi prosesi dayandırılıb, ona müvafiq hüquqi-siyasi qiymət verilməsinin qarşısı alınıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin bəzi məqamlarına münasibət məsələləri yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin mahiyyətinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşdı. 

Soyqırımından 80 il sonra 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib. Elə bu vaxtdan da ümumi sayı 50 milyondan çox olan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının anım günü kimi qeyd edirlər: "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", - deyən Ulu Öndər qeyd edirdi ki, bu hadisələrin, yəni ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində az rol oynamır.

1998-ci ildən bu yana azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülüb. 2013-cü ildə Qubada erməni silahlı dəstələri tərəfindən qətlə yetirilənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb.

Son 20 ildə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti güclənib, ordumuz müasir silah və texnikalarla təmin olunub, ən əsası da döyüş ruhu yüksəlib. Bunun biz 2020-ci ildə İkinci Qarabağ müharibəsində şahidi olduq. Cəmi 44 günlük hərbi əməliyyatda ordumuz düşmənə öz qətiyyətini göstərdi və bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü iqtisadi-hərbi potensiala malikdir.

Röya RÜSTƏMLİ,

"Respublika".