ƏHALİ FASİLƏSİZ ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNUR
Region

ƏHALİ FASİLƏSİZ ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNUR

Respublikamızda son illərdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası ölkədə enerji sektorunda da müsbət reallıqların yaranmasına yol açıb. Bunu həm də müasir infrastruktur quruculuğunun timsalında aydın şəkildə müşahidə etmək mümkündür. Məhz ardıcıllıqla həyata keçirilən proqramlar, yeni layihələr sayəsində ölkənin infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bu istiqamətdə atılan addımlardan danışarkən qeyd etmək yerinə düşər ki, energetika sahəsində müəyyən edilən uğurlu strategiyanın davamı olaraq yaradılmış "Azərişıq" tərəfindən "Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər üzrə Master Plan" hazırlanaraq təsdiqlənib və hazırda uğurla davam etdirilir. Qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıqları əsasında enerji istehsalı və istehlakının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər regionlarımızın, hətta ucqar kəndlərin belə fasiləsiz elektrik enerjisi ilə təminatında əsaslı rol oynayır.

Aqrar rayonlardan olan Göygöl rayonu da demək olar ki, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Payız-qış mövsümündə, havaların sərt keçməsi ilə bağlı ifrat yüklənmələr artdığı üçün qəzalar baş verir. Bu baxımdan, dayanıqlı elektrik enerjisinin təminatı üçün kəndlərdə müəyyən təmir-bərpa işləri aparılır. Göygöl rayonu Üçtəpə kənd sakinlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Göygöl Elektrik Şəbəkəsi tərəfindən qəzalı vəziyyətdə olan dayaqlar dəyişdirilmiş, yenisi ilə əvəz olunmuş, yeni standartlara uyğun elektrik naqilləri çəkilmiş və istismar müddəti bitmiş sayğaclar yenilənmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Z.CƏMŞİDOĞLU,

"Respublika".