Ekaterine Metreveli: Regionda sülhün və sabitliyin əldə olunmasından başqa alternativ yoxdur
MÜSAHİBƏLƏR

Ekaterine Metreveli: Regionda sülhün və sabitliyin əldə olunmasından başqa alternativ yoxdur

"Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevlə keçirilən müzakirələrdən, onu dinləməkdən və Prezidentin suallarımızı ətraflı cavablandırmasından şad olduq. Prezident İlham Əliyev regiondakı vəziyyət, nəqliyyat əlaqələrinin açılması və digər mövzularda bir sıra məsələlərə aydınlıq gətirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Ekaterine Metreveli söyləyib.

Fondun prezidenti bildirib ki, Gürcüstan vasitəsilə yük və enerji daşımalarının həcmi, ölkələrimiz arasındakı fəal əməkdaşlıqla bağlı planları dinləmək onun üçün çox vacib idi. Qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq, regional vəziyyətlə bağlı məsələlərdən başqa, Mərkəzi Asiya ilə əməkdaşlıq, Orta Dəhlizin potensialı və digər mövzular barədə kifayət qədər məhsuldar müzakirələr olub.

E.Metreveli Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirərək deyib: "Regionda sülhün və sabitliyin əldə olunmasından başqa alternativ yoxdur və ümid edirəm ki, biz qısa zamanda buna nail olacağıq. İnanıram ki, Azərbaycan və Ermənistan üçün məqbul sülh sazişi əldə olunacaq. Region üçün bundan başqa gələcək yoxdur".

AZƏRTAC