Ekofəallardan möhkəm iradə nümayişi
Digər xəbərlər

Ekofəallardan möhkəm iradə nümayişi

Onlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklər

Ötən il dekabrın 12-dən başlayan dinc etiraz aksiyası  artıq 74 gündür ki, davam edir. Ekofəallar bildirirlər ki, aksiya onların tələbləri yerinə yetirilənə qədər davam edəcək. Tələbləri isə çox sadədir: Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Aksiya iştirakçıları soyuq-isti, gecə-gündüz demədən öz haqq mübarizələrini davam etdirirlər. Unutmamalıyıq ki, ermənilər bu torpaqları 30 il boyunca talayıblar. Buna görə də ilk gündən aksiya iştirakçıları həm də orada təmizlik, abadlıq işləri görürlər. Bu isə dünyaya açıq mesajdır: biz sadəcə öz torpaqlarımızda ekoloji çirklənmənin qarşısını alıb, gələcək nəsillərə firavan bir həyat bəxş etmək istəyirik. Ekofəalların səsləndirdikləri şüarlar da bunu təsdiqləyir. Onlar: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop gkoterror!", "Bereqite prirodu!", "Gkoüidu - net! Monitorinqu - da!" və s. kimi şüarlar səsləndirirlər. Erməni mediası isə bunu görməzdən gəlir və bunu orada yaşayan insanlara qarşı yönəlmiş bir aksiya kimi göstərməyə çalışır. Lakin bir daha sübut edildi ki, bu, belə deyil.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Qondarma media isə iddia edir ki, biz guya yolu bağlamışıq. Ötən günlərdə aksiyaya dəstək məqsədilə otuz nəfərdən çox rus icmasının nümayəndəsinin gəlməsi isə bunun belə olmadığının təsdiqi idi. Dünya ictimaiyyətindən, Gürcüstan, Qırğızıstan, İsveçrə kimi ölkələrdən gələn dəstəklər də bunu göstərir. Bununla yanaşı, Pakistandakı Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut və Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Gürcüstan Müsəlman Gənclər Mərkəzi, Qırğızıstanın Gənclər Təşkilatı da ekoaksiyaya dəstək bəyanatı ilə çıxış ediblər.

Gürcüstanlı politoloq aksiya iştirakçılarını dəstəkləyib: "Bu gün Xankəndi-Laçın yolunda ekoloji fəalların keçirdikləri aksiya olduqca haqlı aksiyadır. Bu ərazilər Azərbaycan ərazisidir və buradakı təbii sərvətləri heç kim mənimsəyə bilməz. Nə ermənilər, nə də ki, rusiyalı oliqarxlar.  Mən aksiyanı dəstəkləyirəm və davam etməsinin tərəfdarıyam".

İsveçrənin Davos şəhərində də küçə boyu insanlar "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!", "Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, iştirakçılar hər gün səhərlərini Azərbaycan Himni ilə açırlar. Bu isə onlara yüksək əhvali-ruhiyyə və qüvvət verir. Neçə gün davam edəcəyindən asılı olmayaraq, aksiya iştirakçıları öz haqq mübarizələrindən dönməyəcəklər. Azərbaycan xalqı çox dözümlü və səbirlidir. Biz bunu dünyaya çox aydın şəkildə ifadə etmişik. Otuz illik səbrin mükafatı olaraq,  öz doğma torpaqlarımıza qovuşduq. Şübhəsiz ki,  bu aksiyanın nəticəsi də xalqımızın maraqlarına uyğun olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".