ELMƏ HƏSR EDİLƏN ÖMÜR
Sosial həyat

ELMƏ HƏSR EDİLƏN ÖMÜR

Bütün fəaliyyətini Azərbaycanda zoologiya elminin təşkili və inkişafına, bu sahədə milli kadrların hazırlanmasına həsr etmiş elm adamlarından biri də görkəmli zooloq, parazitoloq və protozooloq, elmi təşkilatçı, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Azərbaycan Elmlər Akademiyasının akademiki, baytarlıq elmləri doktoru, professor Musa Əbdürrəhman oğlu Musayevdir.

Akademik Musa Musayev 1921-ci il dekabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. XX əsrin əvvəllərində Zaqafqaziyanın Şeyxülislamı olan ana babası Molla Məhəmməd Axund Pişnamazzadənin onun dünyəvi biliklərə də sahib olması təxəyyülünün formalaşmasında böyük təsiri olmuşdur.

Uşaqlıq illəri sosial dəyişikliklər dövrünə, yeniyetməlik illəri repressiya, gənclik və tələbəlik illəri isə Böyük Vətən müharibəsi illərinə təsadüf etmişdir. O, 1940-cı ildə Gəncə şəhərinin 1 saylı orta məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olaraq, əla qiymətlərlə oxuyur və 1945-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirir. Elmə olan marağı onu Moskva Baytarlıq Akademiyasına gətirib çıxarır. 1946-1948-ci illərdə Moskva Baytarlıq Akademiyasının aspiranturasında təhsil alan Musa müəllimin ilk elmi axtarışları heyvanların və insanın təhlükəli xəstəliklərindən biri olan leptospriozların öyrənilməsinə həsr edilmişdir. 1948-ci ildə akademik S.N.Vişelesskinin rəhbərliyi altında "Heyvanların leptospriozunun seroloji diaqnostikası" mövzusunda namizədlik, 1956-cı ildə isə "Azərbaycanda qaramalın leptospriozu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1960-cı ildə professor elmi adı almışdır. Beləliklə, 27 yaşında namizədlik, 35 yaşında doktorluq dissertasiyası müdafiə etmişdir. M.Musayev tanınmış alim, Azərbaycanda leptospriozun ilk hərtərəfli tədqiqatçısı kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında birbaşa iştirak etmiş, bu sahədə kadrlar hazırlamış, elmi məqalələr və monoqrafiyalar yazmışdır. Onun "İribuynuzlu heyvanların leptospriozu" monoqrafiyası bu günədək leptosprioz haqqında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün qiymətli əsər sayılır. Alimin keçən əsrin 50-ci illərində təklif etdiyi "Leptospriozun seroloji diaqnostikası" üsulu indi də müasir immunoloji metodlarla bərabər bu xəstəliyin diaqnostikasında istifadə edilir.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Moskva Baytarlıq Akademiyasında bir ilə qədər assistent işləyən M.Musayevi Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev Zoologiya İnstitutuna işə dəvət edir. 1949-cu ildən Zoologiya İnstitutunda baş elmi işçi kimi elmi fəaliyyətə başlayan Musa müəllim laboratoriya və şöbə müdiri olmuş, 1960-cı ildən ömrünün sonuna - 2010-cu ilə qədər, 61 illik əmək fəaliyyətinin 50 ilə qədərini direktor kimi, zooloqlar kollektivinə rəhbərlik etmişdir. Onun bütün elmi və ictimai fəaliyyəti Zoologiya İnstitutu ilə bağlı olmuşdur. Gənclərin elmə cəlb edilməsinə AMEA-nın Biologiya elmləri bölməsinin akademik katibi və Zoologiya İnstitutunun direktoru kimi həmişə böyük diqqət yetirmişdir.

Onun təşəbbüsü və rəhbərliyi ilə zoologiya elminin müxtəlif sahələrini hərtərəfli inkişaf etdirmək üçün yeni elmi laboratoriyalar və yaradıcı qruplar təşkil edilmişdir. İnstituta rəhbərlik etdiyi dövrlərdə burada fəaliyyət göstərən 18 laboratoriyadan 12-si akademikin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Onun fəaliyyəti nəticəsində Zoologiya İnstitutunun insektarisi və vivarisi olan yeni kompleks binası, okean və dənizlərdə işləyə bilən "Elm" elmi-tədqiqat gəmisi alınmış, Mingəçevir şəhərində texniki avadanlıq və kiçik gəmi ilə təchiz olunan laboratoriya yaradılmış, Zooloji muzeyin, laboratoriyaların kolleksiya və kitab fondu yenidən təşkil olunaraq zənginləşdirilmişdir.

Musa müəllimin keçən əsrin 70-ci illərində akademiklər Maqsud Əliyev və Əli Quliyev ilə birlikdə Gəncə Elm Mərkəzinin yaradılmasında da böyük xidmətləri olmuşdur.

Ölkəmizdə birhüceyrəli orqanizmlərin öyrənilməsinə 1957-ci ildə Zoologiya İnstitutunda yaratdığı "Protozoologiya" laboratoriyasında başlanmışdır. Sonralar bu laboratoriya genişləndirilərək "Protistologiya" və "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyalarını özündə birləşdirən "Protozoologiya" (1985) şöbəsinə çevrilmişdir.

Elmi, ictimai-pedaqoji fəaliyyətinin nəticəsi olaraq 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilən akademik M.Musayevin elmimizə göstərdiyi ən böyük xidmətlərdən biri istedadlı gəncləri öz ətrafına toplayaraq respublikamızda ilk dəfə ibtidailərin öyrənilməsinə başlayan yeni, protozoologiya elmi məktəbi yaratmasıdır. O, ömrünün sonuna qədər bu məktəbə rəhbərlik etmişdir. Bu məktəbin ilk tədqiqatları Azərbaycanda insanların, kənd təsərrüfatı və vəhşi heyvanların hüceyrədaxili parazitləri olan koksidilərin və sərbəst həyat sürən birhüceyrəli heyvanların ekologiyasının, sistematika və taksonomiyasının, parazit-sahib münasibətlərinin xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.

Zoologiya İnstitutunun direktoru olduğu uzun bir müddət ərzində zooloq alimlərin yetişməsi və püxtələşməsi, heyvanlar aləminin öyrənilməsi və mühafizəsi, ətraf mühitin, kənd təsərrüfatı heyvanları və bitkilərinin xəstəliklərdən və zərərvericilərdən qorunması işinin təşkilində xüsusi xidmətləri olmuşdur.

Akademikin və onun tələbələrinin uzun illər apardıqları tədqiqatlar nəticəsində faunanın geniş bir qrupunu təşkil edən, sərbəst yaşayan, insanda vəhşi və ev heyvanlarında parazitlik edən ibtidailərin növ tərkibi, sistematikası, yayılması, həyat tsikli, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və s. məsələlər geniş surətdə öyrənilmişdir. İri və xırdabuynuzlu heyvanlarda, ev donuzlarında, gəmiricilərdə, vəhşi və ev quşlarında, balıqlarda parazitlik edən, toksoplazmoz, eimerioz, sarkosporidioz, kriptosporidioz kimi təhlükəli xəstəlik törədən parazit ibtidailərə aid yüzlərlə elmi məqalə, sanballı monoqrafiyalar yazılmış, bu xəstəliklərə qarşı müalicə və profilaktika tədbirləri hazırlanmış və istehsalata tətbiq edilmiş, torpaqda və suda yaşayan ibtidailərin, onların torpağın münbitləşdirilməsində rolu, ətraf mühitin çirklənmə dərəcəsinin təyinində ibtidailərdən diaqnostik göstərici kimi istifadə edilməsi sahəsində tədqiqatlar aparılmışdır. Hazırda bu istiqamətlərdə tədqiqatlar müvəffəqiyyətlə davam etdirilir.

Musa müəllimin rəhbərliyi ilə qeyd edilən istiqamətlərdə aparılan tədqiqatlar daha da genişləndirilmiş, sitologiya, biokimya, molekulyar biologiya və immunologiyanın metod və üsullarını tətbiq etməklə protozoologiya elminin inkişafına yeni bir istiqamət verilmişdir. Sitoloji tədqiqatlarla eimeria, sarkosistis və kriptosporidium cinslərindən olan parazitlərin müxtəlif inkişaf mərhələlərində və yoluxmuş sahibin hüceyrələrində zülallar, polisaxaridlər, Krebis tsiklində iştirak edən fermentlər öyrənilmiş, "parazit-sahib" sistemində hüceyrə səviyyəsində gedən metabolik proseslər araşdırılmışdır.

O, həmkarları ilə birgə onurğalı heyvanlarda parazitlik edən, elm üçün yeni olan 71 növ koksididən bir neçəsinə öz şagirdlərinin adlarını verməklə Azərbaycan alimlərini və yer adlarını elmdə əbədiləşdirmişdir.

Azərbaycan protozooloqlarının əldə etdiyi elmi nailiyyətlərə verilən yüksək qiymət və akademikin elmi nüfuzunun nəticəsi olaraq keçmiş SSRİ Protozooloqlar Cəmiyyətinin birinci Ümumittifaq Qurultayı 1971-ci ildə Bakı şəhərində keçirilmiş və M.Musayev SSRİ Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti seçilmişdir.

Görkəmli alim Respublika "Bilik" Cəmiyyətinin biologiya və kənd təsərrüfatı üzrə elmi-metodik bölməsinin sədri, Respublika "Zooloqlar Cəmiyyəti"nin prezidenti, Azərbaycan-Çexoslovakiya Dostluq Cəmiyyətinin sədr müavini, keçmiş SSRİ EA Ümumi biologiya şöbəsinin elmi şurasının üzvü, AMEA Biologiya bölməsinin akademik katibi, "Parazitologiya" və "AMEA xəbərləri" jurnallarının biologiya seriyasının redaksiya heyətinin üzvü, Ali Attestasiya Komissiyasının tibb, biologiya və kənd təsərrüfatı bölməsinin ekspert şurasının sədri, doktorluq dissertasiyaları üzrə müdafiə şurasının sədri olmuşdur.

Akademik M.Musayev dəfələrlə respublika protozoologiya elminin və özünün şəxsi tədqiqatlarının ən yeni nailiyyətlərini Çexiyada, İngiltərədə, Rusiyada, Fransada, Almaniyada, ABŞ-da, Braziliyada, Polşada, İtaliyada, Türkiyədə, Hindistanda, Yuqoslaviyada, Macarıstanda keçirilmiş protozooloji konqres, simpozium və konfranslarda dünya elmi ictimaiyyətinə məruzələrlə çatdırmış, dünya miqyasında zoologiya sahəsində aparılan tədqiqatların yeni istiqamətlərinin respublikamızda tətbiqini təşkil etmişdir.

Alimin apardığı tədqiqatlar 400-dən artıq elmi məqalə, tezislərdə, 6 monoqrafiyada öz əksini tapmışdır. Şəxsən onun rəhbərliyi altında 26 namizədlik və 5 doktorluq dissertasiyaları müdafiə olunmuş, yüksəkixtisaslı protozooloq alimlər hazırlanmışdır.

Onun Zoologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə zoologiya elminin müxtəlif sahələrini öyrənən 200-ə yaxın fəlsəfə, 20-dən çox elmlər doktoru müdafiə etmişdir. Bu yüksəkixtisaslı kadrların çoxu hazırda müxtəlif universitet, elmi iş və elmi-tədqiqat institutlarında çalışırlar. Onun rəhbərliyi ilə Zoologiya İnstitutunda təkcə Azərbaycan üçün deyil, digər qonşu ölkələr - Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova üçün protozooloq alimlər hazırlanmışdır.

Görkəmli alim xidmətlərinə görə keçmiş sovetlər birliyi dövründə "Böyük Vətən müharibəsində əməyə görə - 1941-1945-ci illər" medalı, "Fədakar əməyə görə" medalı, Şərəf nişanı, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin üç Fəxri Fərmanı ilə təltif olunmuş, qazandığı titullar, orden və medallardan başqa, müstəqilliyimiz dövründə Azərbaycan Dövlət Mükafatına, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

26 dekabr 2001-ci il tarixli fərmanla Azərbaycanda biologiya elminin inkişaf etdirilməsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Akademik Musa Əbdürrəhman oğlu Musayev 2010-cu il dekabr ayının 4-də 89 yaşında Bakı şəhərində vəfat etmiş, Bakıda II Fəxri xiyabanda dəfn edilmişdir.

Ələddin EYVAZOV,

 AMEA Zoologiya İnstitutunun

direktoru, v.i.e., a.e.ü.f.d., dosent.