Elmi-texniki yenilikl'r
Maraqlı

Elmi-texniki yenilikl'r

Xolesterolu ölçən yeni cihaz

İndiyə qədər xolesterol səviyyəsinin ölçülməsi çox mürəkkəb bir prosedur olmaqla yanaşı, həm də çox baha qiymətə başa gəlirdi. Lakin amerikalı elm adamları bu prosesi daha sürətli və maddi baxımdan sərfəli həyata keçirən mikroçip ixtira ediblər.

Heyvan mənşəli qidaların, fast food və qızardılmış məhsulların tərkibində olan trans yağların həddindən artıq istehlakı nəticəsində yaranan xolesterin hazırda 40 yaşdan yuxarı insanların əksəriyyətində müşahidə edilir. Bunun səbəbi isə son zamanlar sözügedən məhsullardan istifadənin geniş yayılmasıdır.

Xolesterolun təyin edilməsi hazırda kolorimetriya, xromatoqrafiya və fermentlərdən istifadə etməklə aparılır, lakin bu üsullar həm bahalı avadanlıqlar tələb edir, həm də çox mürəkkəb bir prosedurdur. Alimlərin ixtira etdikləri yeni cihaz analizlə bağlı nəinki çətinlikləri aradan qaldıra, həm də xolesterolu daha tez bir zamanda aşkar edə bilir.

Yeni çipin ən böyük üstün cəhəti isə qanın tərkibindəki maddələri süzərkən xolesterini seçici bir şəkildə mənimsəyə bilən molekulyar çap edilmiş polimerlərə sahib maqnit nanohissəciklərdən ibarət olmasıdır. Bundan əlavə, sistemin bütün elementlərinin inteqrasiya olunduğu mikroçipin 3D printerdə çap edilməsi onun istehsal prosesini asanlaşdıraraq daha sürətli edir.

Cihazın ilkin sınaqları hələ ki, bioloji nümunələr üzərində deyil, qan serumunu təqlid edən məhlullar üzərində aparılıb. Növbəti mərhələdə isə sistem real qan nümunələri üzərində sınaqdan keçiriləcək.

Məlumatı vebtekno.com saytı yayıb.

 

İlon Maskdan şokedici iflas xəbəri...

"Tesla" şirkətinın təsisçisi və baş direktoru amerikalı iş adamı İlon Mask bəzi avtomobil markaları ilə bağlı təəccüblü açıqlamalar verib. Son illərdə elektrikli avtomobil sənayesində böyük uğurlar əldə edən şirkət sahibi bəzi avtomobil istehsalçılarının iflas ərəfəsində olduğunu bildirib.

"Tvitter" hesabından paylaşım edən məşhur milyarder bəzi avtomobil istehsalçılarının müflis olmağa düşündüklərindən daha yaxın olduğunu söyləyib. "YouTube"da texnologiya sahəsindəki yeniliklərdən məlumat verən Farzad Mesbahi də sosial şəbəkədən etdiyi paylaşımında hər kəsin diqqətinin "Tesla" səhmlərinin azalmasına yönəlməsinə baxmayaraq, digər avtomobil istehsalçılarının daha çətin vəziyyətdə olduğunu bildirərək onun sözlərini təsdiq edib.

Mask bəzi avtomobil istehsalçılarının yaxın gələcəkdə müflis olacağını bildirərək indiyə qədər "Tesla"nın ən böyük rəqiblərindən biri olan "Lucid"in sənaye sektorunda daha çox dayana bilməyəcəyini iddia edib.

Digər tərəfdən isə məşhur milyarderin "Tvitter"i satın aldıqdan sonra artıq "Tesla" ilə maraqlanmadığı haqqında söz-söhbətlər gəzir. Bəzi mənbələrdən verilən məlumata görə, bu vəziyyətdən narahat olan "Tesla" rəhbərləri İlon Maskı istefaya dəvət edirlər.

İnformasiya techxplore.com veb saytında yayımlanıb.

 

Yeni texnologiya yolların keyfiyyətini artıracaq

Sidney Texnologiya Universitetinin alimləri vərdənəyə (silindrşəkilli yolhamarlayan maşın) birləşdirilərək real vaxt rejimində yol örtüyünün sıxılma keyfiyyətini qiymətləndirə bilən "ağıllı sıxma" texnologiyası hazırlayıblar. "Popular Science" jurnalında dərc edilən xəbərə görə, vərdənəyə qoşulmuş sensordan məlumatları emal edə bilən innovativ maşın öyrənmə texnologiyası, gələcəkdə yollarda aparılan inşaat və yenidənqurma işləri zamanı çuxurları və təmir xərclərini azaltmaqla yanaşı, daha təhlükəsiz və davamiyyətli yolların salınmasına kömək edə bilər.

İnşaat işlərinin keyfiyyətli aparılmaması şiddətli yağışlar və daşqın zamanı yollarda çuxurların və çökəkliklərin əmələ gəlməsinə səbəb olur ki, bu da təkcə təkərlərin sıradan çıxmasına deyil, avtomobillərin, yaxud yük maşınlarının konstruktiv zədələnməsinə və ciddi qəzaların baş verməsinə gətirib çıxarır.

"Maşın öyrənmə texnologiyası ilə inşaat sahəsi üzrə məlumatları birləşdirən qabaqcıl kompüter modeli hazırladıq. Bu yolla biz sıxılmış torpağın sərtliyini bir saniyədən az müddətdə yüksək dəqiqliklə proqnozlaşdıra bilərik", -  deyə Geotexnik və Nəqliyyat Mühəndisliyi kafedrasının professoru Behzat Fatahi qeyd edib.

 

Planetimizə bənzəyən iki ekzoplanet kəşf edilib

İspanyalı elm adamları Yer kürəsindən cəmi 16 işıq ili uzaqlığında GJ 1002 adlı ulduz ətrafında dövr edən iki yeni ekzoplanet kəşf ediblər. Kosmik nöqteyi-nəzərdən Yer kürəsinə çox yaxın məsafədə yerləşən bu iki göy cismi planetimizə bənzəməklə yanaşı, həm də həyat üçün münbit şəraitə sahib ola bilər.

Aşkar edilmiş ekzoplanetlərdən birinə GJ 1002b, digərinə isə GJ 1002c adı verilib. Alimlərin sözlərinə görə, ulduzların parlaqlıq səviyyəsi və temperaturu çox aşağıdır. Buna görə də onun yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) Günəşin yaşayış zonasından daha kiçikdir. Bu cür ulduzların yaşayış zonalarında yerləşən planetlərdəki temperatur göstəricisi adətən nə çox yüksək, nə də çox aşağı olur.

"Hazırda biz bilirik ki, bu iki planet ölçü və kütlə baxımından Yer kürəsinə bənzəyir. Lakin onların səthlərində suyun və üstəlik hansısa həyat əlamətinin mövcud olub-olmadığını söyləmək üçün hələ çox tezdir. Bunları müəyyənləşdirmək üçün biz daha ətraflı araşdırmalar aparmalıyıq", - deyə alimlərdən biri qeyd edib.

Sözügedən planetləri aşkar etmək üçün tədqiqatçılar kosmosda onların yerləşdikləri regionun 100-dən çox fotosunu müşahidə edərək ulduz işığının analizini aparıblar. Hazırda isə elm adamları öz diqqətlərini bu ekzoplanetlərin atmosferlərini araşdırmağa yönəldiblər. Onlar əsasən bu planetlərin səthlərində suyun və atmosferlərində oksigenin olub-olmadığını təyin etməyə çalışırlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".