ELŞƏN HÜSEYNOV
Sosial həyat

ELŞƏN HÜSEYNOV

Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində mühüm addımlar atılır. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətimizin azadlığı və müstəqilliyi bir sıra çətin yollar hesabına başa gəldi.

Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir  tərəfdən  erməni-faşist  daşnaklarının  işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar ulu öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin arzuları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaydan uzun illər keçsə də heç kim yaddan çıxmır, unudulmur. Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdi idi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. 1995-ci ilin 13-17 mart hadisələri zamanı Elşən də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə canlarından keçdilər. Bunlardan biri də Elşən Hüseynov oldu...

Hüseynov Elşən İbrahim oğlu 30 iyun 1976-cı ildə Saatlı rayonunun Qıraqlı kəndində dünyaya göz açmışdır. 1983-cü ildə burada birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. 1994-cü ildə Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, "N" saylı hərbi hissədə xidmət edir. Qısa müddətdə əsgər və zabitlərin dərin hörmətini qazanır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. 1995-ci ilin mart ayında, ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, 19 yaşlı Elşən də vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün döyüşə qatılır.

Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il 17 mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Elşən də öz vətəndaşlıq borcunu yerinə yetirirdi. Qəfil güllə Elşənin ömrünə son qoydu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.

M.MİRZƏ,

"Respublika".