Enerji təhlükəsizliyinin genişlənən coğrafiyası
İqtisadiyyat

Enerji təhlükəsizliyinin genişlənən coğrafiyası

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu Qaz Boru Kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Ölkəmiz istər regional, istərsə də qlobal proseslərdə aktora çevrilib. Bunu müstəqilliyimizin bərpasından bəri bütün istiqamətlərdə atılan uğurlu addımlar bir daha sübut edir. Baş verən proseslərdə birmənalı şəkildə bölgənin rifahı üçün çalışan ölkəmiz həyata keçirdiyi nəhəng layihələrlə öz mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan dövlətinin milli maraqlara uyğun apardığı daxili və xarici siyasət nəticəsində bu gün ölkəmiz qlobal xarakterli transmilli layihələrin habına çevrilib. Şübhəsiz ki, iştirakımız olmadan regionda heç bir layihə reallığa çevrilmir. Həmçinin yürüdülən enerji siyasəti həm də Cənubi Qafqazda təhlükəsizliyin, inkişafın və gələcəyin təminatçısıdır. Xarici investisiya tələbinin sürətlə artması fonunda enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq çərçivədə əməkdaşlığı daha da genişləndirir. Bunun nəticəsində Azərbaycan dünyanın supergücləri və beynəlxalq təşkilatları tərəfindən uğurlu enerji ixracatçısı və təhlükəsizlik qarantı kimi tanınır.

Enerji sektorunda əldə edilən inkişaf dinamikasına görə Azərbaycan vahid iqtisadi enerji planı üzrə uğurla irəliləyir və bu sahədə böyük nailiyyətlər əldə edilməsinin əyani göstəricisidir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Neft-Qaz Boru kəmərlərinin açılışı, 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalanması enerji ixracatının səmərəliliyini daha da artırıb. 2014-cü ildə Bakıda, 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətində TANAP-ın təntənəli təməlqoyma mərasimi baş tutdu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak ediblər. Trans-Anadolu qaz kəmərinin İstanbul şəhərində layihə üzrə sazişin imzalanması iki qardaş ölkənin birgə uğurunun təzahürüdür. Qarsda açılış mərasimində Prezident İlham Əliyev də məhz ölkəmizlə Türkiyə arasında mövcud olan doğma münasibətlərin birgə əməkdaşlığa töhfəsindən məmnunluğunu ifadə edərək bildirib ki, bu gün tarixi bir gündür - TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq.

2018-ci ildə TANAP-ın Türkiyə hissəsinin açılması ilə birgə layihənin reallaşması nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə üçüncü tərəfdaş olan Gürcüstanın daxilində sabitliyin pozulması qaz kəmərinin nəzərdə tutulan vaxtdan bir il gec açılmasına səbəb oldu. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Avropaya ilk qaz ixracatı isə 2020-ci il dekabrın 31-də baş tutdu. Avropanın üzləşdiyi enerji çatışmazlığının aradan qaldırılması bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizin "qoca qitə"nin bu istiqamətdəki təminatçısı olması yüksək nüfuzun, etimadın və etibarlı tərəfdaşlığın əyani göstəricisidir. Trans-Anadolu Boru Kəməri Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi çatdırır. Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya ötürür. Hər iki nəhəng layihənin reallaşdırılması Prezident İlham Əliyevin birbaşa təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək öz enerji potensialını dünya miqyasında nümayiş etdirib. Layihədə Cənub Qaz Dəhlizi 51 faiz, BOTAŞ 30 faiz, BP 12 faiz və STEAŞ 7 faiz paya sahibdir.

Dörd ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Ölkəmiz ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Qərb bazarına çıxarmağa nail olmuşdur. Dünyada enerji probleminin hökm sürdüyü bir dövrdə Avropanın etibarlı tərəfdaşının məhz Azərbaycan olması ölkəmizin enerji sektorunda əldə etdiyi uğurlardan xəbər verir. Hələ 2004-cü ildə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanılıb. 2005-ci ildə Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması və "Azəri Faza 1" layihəsi üzrə "Mərkəzi Azəri" yatağından neft hasilatına start verilməsi Azərbaycanın gələcəkdə regionda dünyanın lider enerji təminatçısına çevriləcəyini öncədən göstərdi.

Bu il martın 1-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının keçirilməsi ölkəmizin enerji uğurlarının sabitliyindən xəbər verir. Tədbirdə nitq söyləyən ölkə başçımız 2020-ci il dekabrın 31-də TANAP vasitəsilə Avropaya ilk axının reallaşmasını qeyd edib. COVID dalğasının sürətlə yayıldığı və təmasların çətinləşdiyi bir dövrdə bu prosesin reallaşması xarici siyasətdə atılan addımların qətiyyətindən xəbər verirdi. Nəticə etibarilə, ölkəmiz daha bir çətin sınaqdan üzüağ çıxdı. Məhz Prezident İlham Əliyev də bu uğurlara hər dəfə yenisinin əvəz olunduğunu vurğulayaraq deyib ki, sonuncu məsələ, Azərbaycana COP29-a ev sahibliyi edən ölkə olmaq şərəfi nəsib olmuşdur: "Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir".

Məlum olduğu kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Şübhəsiz ki, Abşeron, Qaradağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli dərin qaz layihələrində əlavə qaz həcmlərinin hasil ediləcəyi təqdirdə Avropaya olan qaz ixracatının həcminin gələcəkdə daha da artıq olması nəzərdə tutulur. Bu isə ölkəmizin yeni uğurlara doğru qətiyyətlə addımladığını göstərir.

Tacir SADIQOV,

"Respublika".