Nəqşicahanın cahana töhfəsi
İqtisadiyyat

Nəqşicahanın cahana töhfəsi

"Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, bizim Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında deyib.

Bu gün Naxçıvan öz enerji potensialı və təbii resursları ilə dünyanın diqqət mərkəzindədir. Bölgənin coğrafi mövqeyi və iqlim şəraiti ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açmaqla muxtar respublikanın region üçün strateji əhəmiyyətini də artırır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonası elan edib. Bununla da muxtar respublikanın həyatında yeni dövr  başlayıb.

Son illər regionda və Avropa ölkələrində elektrik enerjisinə ehtiyac əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixracı edərək, gələcəkdə xarici bazarlara da çıxmağı planlaşdırır. Ölkə ərazisində yeni stansiyaların inşa edilməsi ixrac imkanlarımızı daha da artırır. Hazırda enerjiyə olan tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bərpaolunan və ya "yaşıl enerji" dedikdə, tükənməz mənbələrdən alınan enerji başa düşülür. Bərpaolunan enerji təbii ehtiyatlardan əldə edilir - günəş, külək, yağış və s. Neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan fərqli olaraq, bu enerji mənbələri tükənmir. Buna görə də onlar bərpaolunan enerji mənbələri adlandırılır. Bildiyimiz kimi, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır.

Son illər respublikamızda bərpaolunan enerji mənbələrinə qoyulan investisiyaların həcmi artıb. Təsadüfi deyil ki, Naxçıvanın enerji tranzitinə çevrilməsi İkinci Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı əsas iqtisadi hədəflərdən biridir. Muxtar respublikanın bərpa olunan enerji mənbələri ilə zəngin olması bilavasitə Naxçıvanın özünün potensial enerji dəhlizi kimi rolunu daha da artırır. Naxçıvanın günəş radiasiyası dünyada mövcud olan ən yaxşı radiasiyalarla müqayisə olunur. Eyni zamanda Naxçıvanın bu sahədə özünəməxsus xüsusiyyətləri vardır. Bildiyimiz kimi, hazırda Azərbaycanın digər ərazilərindən Türkiyəyə çıxışı Gürcüstan vasitəsilə olduğu halda, Naxçıvanın birbaşa Türkiyə bazarına çıxışı var. Bu baxımdan, Naxçıvanda istehsal olunacaq elektrik enerjisinin bu ölkə vasitəsilə dünya bazarına çıxışı mümkündür. Bu istiqamətdə də Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi önəm daşıyır. Qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpaolunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisinin Türkiyə vasitəsilə Avropaya ötürülməsidir.

Ənənəvi enerji mənbələrindən "yaşıl enerji" yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "Yaşıl Enerji" Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində  prioritetdir. Naxçıvan Muxtar Respublikasında da alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Yaşıl enerji potensialının artırılması ölkəmizin iqtisadi cəhətdən daha da güclənməsinə təkan verəcək. Bu baxımdan, ölkəmizin  yaşıl enerji potensialı onun dünyadakı önəmini daha da artırır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Burada artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb. Günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, "BP" şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Bu mənada, gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı, enerji növlərinin ixrac edilməsində də mühüm rol oynayacaq. Belə ki, "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edilməsi ölkəmizin iqtisadi və geosiyasi rolunu daha da artıracaq.

Naxçıvan Muxtar Respublikasında günəş, külək və su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ötən əsrin sonlarından muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratmışdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərlə bərabər, Naxçıvanda da bu sahənin inkişafı yenidən aktuallaşdı. Tükənməz enerji potensialına görə, artıq Naxçıvan da "yaşıl enerji" dəhlizinə çevrilir. Azərbaycan-Türkiyə Enerji Forumunun muxtar respublikada keçirilməsi bunu bir daha göstərir.

Cari ilin iyun ayında Bakı Enerji Həftəsinin xüsusi sessiyası Naxçıvanda keçirilmişdi. Həmin tədbirdə muxtar respublikada 1500 MVt gücündə "yaşıl enerji" layihələrinin reallaşdırılacağı bildirilmişdi. Hətta sessiyanın gedişində Energetika Nazirliyi və "Total Energies" şirkəti arasında "250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", eyni zamanda adıçəkilən nazirliklə "Nobel Energy Management" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır.

Ramidə YAQUBQIZI,

"Respublika".