Sənaye məhəllələrimiz
İqtisadiyyat

Sənaye məhəllələrimiz "Sabirabad" markası ilə...

Şirə zavodları, pambıqtəmizləmə zavodları, polietilen sexi. Bu müəssisələr uzun illərdir ki, Sabirabad markası ilə məhsullar istehsal edir. İndi bu siyahıya kimyəvi maddələr, çini qablar, plastik və digər məhsulların da adı daxil edilmişdir.

 Son illərdə sənaye infrastrukturunu genişləndirmək və sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə bölgələrdə sənaye məhəllələri tikilib istifadəyə verilmişdir. Sabirabad, Hacıqabul, digər rayonlarda istifadəyə verilən sənaye məhəllələri geniş çeşiddə məhsul istehsal etməklə yanaşı, yeni iş yerlərinin açılmasına, gənclərin sənayeyönümlü peşələrə yiyələnmələrinə əlverişli imkan yaratmışdır.

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə inşa olunmağa başlamış, ümumi dəyəri 16,9 milyon manat olan 5 layihənin icrası nəzərdə tutulmuşdur. Sabirabad Sənaye Məhəlləsində də bütün zəruri infrastruktur dövlət tərəfindən yaradılmışdır. Hazırda sənaye məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq yun tədarükü, pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz fəaliyyət göstərir. Artıq 3 ildən çoxdur ki, sahibkarlar dövlətin yaratdığı imkanlardan yararlanır, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Sabirabad Sənaye Məhəlləsi ilə sıx əməkdaşlıq edirlər.

Sənaye məhəlləsində rezidentlərin sayı ilbəil artmaqdadır. "HUMİX" MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezident statusu verildikdən sonra sənaye məhəlləsinin iştirakçılarının sayı 8-ə çatdı. Yeni rezident sənaye məhəlləsinin ərazisində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal edir. Bu istehsal sahəsində 10 nəfər işlə təmin olunmuşdur.

2022-ci ildə "Rengli Porselen" MMC də sənaye məhəlləsində rezidentlik statusu almışdır. "Rengli Porselen" sənaye məhəlləsinin ərazisində çini qablar istehsal edir. İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan bu müəssisədə 28 yeni iş yeri açılmışdır.

Sabirabad Sənaye Məhəlləsindən aldığımız məlumata görə, cari ildə məhəllənin ünvanına yeni rezidentlərin müraciəti daxil olmuşdur.

Tofiq HÜSEYN,

"Respublika".