Ərazi bütövlüyümüzün tam bərpası Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə reallaşdı
Siyasət

Ərazi bütövlüyümüzün tam bərpası Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə reallaşdı

Təcavüzkarlığı dövlət siyasətinə çevirən Ermənistan ötən əsrin sonlarında ölkəmizə qarşı yenidən ərazi iddialarına başladı və torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etdi. Müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin iqtisadi cəhətdən zəifliyindən, hakimiyyətsizlikdən istifadə edən qara qüvvələr Hayastanın işğalçılıq siyasətinə dəstək verərək Azərbaycanın müstəqilliyinə kölgə salmağa çalışdılar. Bunun üçün isə ən optimal variant xalqımıza qarşı düşmənçilik siyasəti yürüdən, əzəli torpaqlarımızda özünə dövlət quran Ermənistanın seçilməsi idi. Havadarlarından  dəstək alan, getdikcə daha da azğınlaşan, sərhəd zonalarında davamlı təxribatlar törədən düşmən layiqli cavabını 2020-ci il sentyabr ayının 27-də aldı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz öz tarixi ərazilərimizdə əks-hücum əməliyyatına başladı. Hərb meydanında qəhrəman ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını döyüş meydanında qoyub qaçdı və 30 il ərzində işğal etdiyi əraziləri cəmi 44 günə geri qaytarmaq məcburiyyətində qaldı. Ölkəmiz düşmən üzərində hərbi-siyasi qələbə qazandı. 10 noyabrda Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın müddəalarına əsasən Ağdam, Laçın, Kəlbəcər rayonları hərbi əməliyyatlarsız geri qaytarıldı və bununla da ərazi bütövlüyümüz bərpa olundu.

Məğlub olsa da, düşmən ölkə işğalçılıq fəaliyyətinə son qoymur, Laçın yolundan öz çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edirdi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda kök salmış separatçıları ərazilərimizdən çıxarmır, əksinə, onların silahlandırılması üçün Laçın yolu ilə Qarabağa silah-sursat daşınır, yeraltı, yerüstü sərvətlərimiz Ermənistana aparılırdı. Silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq, təxribat əməllərinə son qoymaq barədə dəfələrlə xəbərdarlıq edən Azərbaycan qarşı tərəfin bu istiqamətdə heç bir müsbət addım atmadığı təqdirdə, ciddi tədbirlər görməyə məcbur oldu. Bu il aprel ayının 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Qonşu ölkə ilə sərhəddə Laçın rayonu ərazisində, Həkəri çayının üzərində Laçın dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ilə ermənilərin 30 il boyunca təbii sərvətlərimizin qanunsuz istismarına son qoyuldu, eyni zamanda müstəqil dövlətimizin ərazi bütövlüyü tamamilə bərpa olundu.

Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı demişdir: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir”.

Azərbaycanın suveren hüququ olaraq Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməsinə imkan verən buraxılış məntəqəsi qurmasını qonşu dövlət Qarabağ ermənilərinin “blokada”da saxlanılması kimi qələmə verdi. Yalan informasiyalar yaymaq, əsassız ittihamlar irəli sürməklə erməni lobbisinə xidmət edən böyük  güclərin ölkəmizə qarşı təzyiqlər göstərməsinə çalışdı. Lakin heç bir dövlət, heç bir nüfuzlu təşkilat müstəqil, düşünülmüş və beynəlxalq hüququn normalarına əsaslanan siyasət yürüdən Azərbaycanın haqq işinə mane ola bilmədi. Laçın yolunda hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, təxribatlara son qoymaq üçün yaradılan keçid məntəqəsinin aradan qaldırılması üçün bütün cəhdlər boşa çıxdı. Beynəlxalq ictimaiyyəti yalan informasiyalarla aldatmaqdan, Beynəlxalq Ədalət Məhkəməsinə bu barədə müraciət etməkdən də çəkinməyən Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ilə ərazi bütövlüyümüz tamamilə bərpa edildi. Hələ Ermənistan və ermənidən çox ermənilik edən dövlətləri qarşıda Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası “zərbəsi” gözləyirdi ki, bu da sentyabrın 19-20-də Qarabağda həyata keçirilən birgünlük antiterror tədbirlərində uğurla reallaşdı...

Mehparə ƏLİYEVA,

“Respublika”.