Qərbin İslam düşmənçiliyi
Siyasət

Qərbin İslam düşmənçiliyi

İslamafobiyanın tüğyan etdiyi ölkələrin ən başında Fransa dayanır. Fransa bu xüsusda Avropa üçün qara ləkədir. Belə ki, Fransada gün keçdikcə İslamofobiya meyilləri artmağa davam edir. Ölkədə  təxminən 5 milyondan çox müsəlman yaşayır ki, bu da ümumi fransızların 10 faizini təşkil edir. Əfsuslar olsun ki, Makron hökuməti Fransadakı müsəlmanlara qarşı ayrıseçkilik siyasəti yürütmüş, onları dövlətçiliyə münasibətdə separatizmdə günahlandırmışdır. Son olaraq ölkənin təhsil naziri dini geyim olan "abaya" nın şagirdlər tərəfindən geyinilməsinə qadağa qoyulacağını açıqlayıb. Bəhanə olaraq şagirdin dini seciminin bilinməməsi olduğu irəli sürülüb. Xatırladaq ki, bundan öncə 17 yaşlı müsəlman gəncdə Fransa polisi tərəfindən öldürülmüşdü.

Məsələ ilə bağlı “Respublika” ya açıqlama verən politoloq Xəyal Bəşirli qlobal güclərin Fransanın əməllərinə göz yumduğunu bildirib: “Qeyd edim ki, bu gün dünyada islamofobiyanın ən çox yayılmış olduğu ölkə məhz Fransadır. Fransa özünün həm daxili, həm xarici siyasətində  atdığı bütün addımlarda özünün islamofobiyadan əziyyət çəkdiyini, İslama qarşı olduğunu büruzə verir. Təbii ki, həm ölkədə müsəlmanlara, müsəlman abidələrinə, məscidlərə qarşı Fransa dövlətinin həyata keçirdiyi repressiya və müsəlmanların həssas nöqtələrinə toxunması ilə bağlı atılan addımlar bir daha ondan xəbər verir ki, Fransa hələ də bu siyasətindən əl çəkmək istəmir. Fransa uzun illər ərzində özünün müstəmləkəçilik siyasətini məhz İslam dininə, bu inanca xidmət edən insanların, toplumların və cəmiyyətlərin üzərindən həyata keçirib. Düşünürəm ki, Fransanın atdığı bu addımlar təbii ki, bizdə təəccüb doğurmur. Amma biz onu da nəzərə almalıyıq ki, bu hərəkətlərinə nəhayət ki, dünyada dur deyəcək bir qüvvə olmalıdır. Təbii ki, biz nəzərə almalıyıq ki, Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyev bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. Belə ki, Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasətinə görə qanlarını tökdüyü xalqlardan üzr istəməsi ilə bağlı səsləndirdiyi fikirlər bütün dünyaya mesaj xarakteri daşıyırdı. Təbii ki, bu, Fransanın beynəlxalq aləmdə süni şəkildə yaratdığı nüfuza çox ciddi zərbə vurmuş oldu. Hesab edirəm ki, Azərbaycanın bu addımlarına dəstək nümayiş olunmalıdır. Bu təbii ki, təkcə Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən addım deyil. Bu, ümumilikdə bəşəriyyətin və insanlığın maraqlarına xidmət edən addımdır. Çünki Azərbaycan Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlət olmayıb".

Ekspert bildirib ki, bu gün Fransa Qarabağdakı erməni azlığına görə insan hüquq və azadlıqlarından, demokratiyadan dərs keçmək cəhdi ortaya qoyur: "Hesab edirəm ki, Fransanın bu addımlarının qarşısını almaq üçün məhz bu münasibəti davam etdirməliyik. Çünki onlarda müsəlmanlara qarşı onların hüquqlarını, tapdalayacaq təməl hüquqlarını belə kobud şəkildə tapdalayacaq addımlarını davam etdirir. Bu da qız şagirdlərinin Fransada müsəlman geyimindən məhrum edilməsi ilə bağlı addımdır. Təbii ki, bu gün əgər Fransa dünyada özünü demokratik dövlət hesab edirsə, multikultural dəyərlərə hörmətlə yanaşan bir dövlət hesab edirsə,bu əməldən yayınmalıdır.

Tarixi faktlarıda nəzərə aldıqda umumiyyətlə Fransanın multikultural dəyərlərdən, demokratiyadan danışmaq  hüququ yoxdur. Düşünürəm ki, ümumilikdə dünyanın bu addımlara etinasız yanaşması da Fransanın çirkin niyyətlərinin genişlənməsinə rəvac verir, buna şərait yaradır. Hər bir halda gələcəkdə Fransaya münasibətdə bu addımlarına çəki, düzən verməsi istiqamətində siyasət yürüdülməlidir, Fransanın bu addımlardan çəkinməsinə gətirib çıxaran çağırışlar edilməlidir. Əks təqdirdə, Fransa özünün bu mürtəce siyasətini davam etdirəcək".

Nurlan ABDALOV,

“Respublika”.