Erməni terrorizminin əsl siması - kütləvi məzarlıqlar
Digər xəbərlər

Erməni terrorizminin əsl siması - kütləvi məzarlıqlar

Ermənilər öz çirkin niyyətlərinə nail olmaq məqsədilə türk xalqına qarşı nifrət ideologiyası ilə mərhələli və planlı şəkildə vəhşiliklər törədiblər.

Təkcə XX əsrin sonlarında ermənilər tərəfindən törədilmiş soyqırımı, deportasiya və müharibə cinayətləri nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirildi, 1 milyondan artıq əhali qaçqın və məcburi köçkünə çevrildi. İndiyədək Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqların aşkarlanması da onların vəhşiliyinin təsdiqidir. Bu günlərdə isə avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.

Bu barədə danışan deputat Aydın HÜseynov bildirib ki, Şuşada kütləvi insan qəbirlərinin aşkar olunması erməni vandalizminin növbəti təzahürü olmaqla bəşəriyyətdə ən ağır cinayət aktıdır: "Bu insanlıq cinayəti bir daha Ermənistanın terror dövləti olduğunu təsdiq etməklə Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik siyasətinin təzahürüdür. Günahsız, mülki insanlara qarşı bu ağır bağışlanmaz vandallıq altı beynəlxalq konvensiyaların, Cenevrə konvensiyasının, o cümlədən Helsinki aktının və dünyada qəbul olunmuş insan hüquqları ilə bağlı əsas prinsiplərin kobudcasına pozulması deməkdir. Bu beynəlxalq cinayət əməllərinə görə, məsuliyyət daşıyan Ermənistan Haaqa məhkəməsi qarşısında cavab verməlidir".

Millət vəkili qeyd edib ki, erməni terrorizminin amansız cinayət izləri 44 günlük müharibədə qazanılmış tarixi qələbədən sonra daha geniş coğrafiyalarda aşkar olunmaqdadır və ərazilərimizin düşmən tapdağından azad olunması bu cinayətlərin üzə çıxması üçün əsaslı rol oynadı: "Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 3900 Azərbaycan vətəndaşı itkin düşüb ki, onların 800 nəfərə yaxını mülki vətəndaşlardır. Başlıbel, Fərrux, Edilli və Şuşada, Kəlbəcərdə aşkar olunmuş toplu məzarlar insanlığa qarşı soyqırımı aktıdır. İndiyə qədər Qarabağ bölgəsində bir neçə toplu məzarlığın aşkar olunması bu qətliamların kütləvi xarakter daşıdığını təsdiq edir. Bu, erməni terror siyasətinin türklərə qarşı nifrət, tarixi düşmənçilik ideologiyasının hələ də davam etməsinin göstəricisidir. Azərbaycan Ermənistanın törətdiyi bu müharibə cinayətləri ilə bağlı toplanmış əsaslı materialları beynəlxalq təşkilatlara və hüquqi prosedurlar əsasında məhkəmə orqanlarına təqdim edərək bu cinayətlərin səbəbkarlarının ən ağır formada cəzalandırılmasına nail olacaqdır".

Röya RÜSTƏMLİ,

"Respublika".