Ermənilərə satılan Solovyovun bitməyən qərəzi
Siyasət

Ermənilərə satılan Solovyovun bitməyən qərəzi

Mart ayının 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında terror aktı törədilib və çoxsaylı günahsız insan tələfatı olub. Həmin gün orada musiqi sədaları yerinə atəş səsləri eşidilib.

Uşaqlar da daxil olmaqla 100-dən çox insan dünyasını dəyişib və ağır xəsarətlər alıb. Bir çox Rusiya rəsmiləri baş vermiş hadisənin arxasında Ukraynanın dayandığını iddia etsə də, rəsmi Kiyev baş verənlərlə əlaqəsinin olmadığını bildirib. Eyni zamanda qeyd etmək lazımdır ki, mart ayının əvvəllərində ABŞ Rusiyada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq etmişdi.

Hücumu kimlərin törətdiyi məlum olsa da, sifarişçinin kimliyi hələ də bəlli deyil. Rusiyada və bir çox başqa ölkələrdə terror qruplaşması kimi tanınan "İslam dövləti" (İD) silahlı qruplaşması terrora görə məsuliyyəti öz üzərinə götürsə də Rusiya Federal Təhlükəsizlik Xidməti hücumun arxasında ABŞ və Böyük Britaniyanın əlinin olduğunu bildirir.

Bununla yanaşı, baş verən hadisələrin fonunda Rusiyanın daxilində Azərbaycana qarşı olan qrupların fəallaşması da müşahidə edilir. Teleaparıcı, jurnalist Vladimir Solovyov bu hadisədən sui-istifadə edərək Azərbaycana və azərbaycanlılara qarşı şər və böhtan  kampaniyasına başlayıb. Ermənipərəstliyi, illərdir apardığı anti-Azərbaycan mövqeyi ilə tanınan erməni qarğası şər ortaqları ilə ölkəmizi hədəfə alıblar. Azərbaycanın Rusiya ilə normal siyasi-iqtisadi münasibətləri var. Rəsmi Bakı Moskva ilə əlaqələri yüksək səviyyədə davam etdirir. Hər fürsətdə Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmağa çalışan bu erməni təəssübkeşi və onun Marqarita Simonyan və Aram Qabrielyanov adlı erməniəsilli şərikləri ölkəmizi terrorçu kimi göstərməyə çalışırlar.

Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin "Youtube" kanalında açıqlamasında ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını bir daha hər kəsə xatırladıb. Sözügedən konsert zalının azərbaycanlıya məxsus olduğuna görə ermənilərin hücum ehtimalının daha yüksək olduğunu qeyd edib. Bunun kimi inandırıcı, ağlabatan ehtimalları diqqətdən yayındırmaq məqsədilə bu terrorda Azərbaycan "izini axtarmaq" yönümündə mülahizələri Solovyovun ölkəmizə qarşı illərdir bitməyən məkrli münasibətinin pik həddidir.

Hələ 2013-cü il dekabrın 6-da Vladimir Solovyov Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan tərəfindən "Şərəf" ordeni ilə mükafatlandırılıb. Bu orden Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərə görə verilir. Görünür, ermənilər üçün yalnız azərbaycanlılara düşmən kəsilmək kimisə ordenlə mükafatlandırmağa bəs edir. Məqsədi xalqlar arasında milli münaqişə yaratmaq, Rusiya kimi çoxmillətli ölkədə millətlərarası çaxnaşma salmağa cəhd edən Solovyov əslində erməni planının carçısıdır. 

Azərbaycan Mətbuat Şurası V.Solovyovun "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı anti-Azərbaycan mövqeyini qəti şəkildə qınayır. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, cəmiyyəti yanlış yönləndirməklə məşğul olan muzdlu "müxbir"in hərəkət və davranışlarına biganə qalmamağa çağırır.

Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Bütün terror hadisələri hansı zəmində baş verməsindən asılı olmayaraq qəbuledilməzdir, o, ağır cinayət sayılır, qınanmalı və mühakimə olunmalıdır. Ancaq qəsdçi Solovyov kimilərinin müdaxiləsi xalqlar arasında mənəvi terroru gücləndirir.

Röya RÜSTƏMLİ,

"Respublika".