Ermənistan
Digər xəbərlər

Ermənistan "dəmir yumruğ"un ağrısını unutmamalıdır

Son zamanlarda Ermənistan ordusu Azərbaycan mövqelərinə qarşı müxtəlif atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə hücuma cəhd edib. Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatdan irəli gələn üzərinə götürdüyü öhdəliklərini pozaraq, iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və avantüradır. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə adekvat və mütənasib cavab verilib. Qeyd edək ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi "Qisas-2" əməliyyatı zamanı beş terrorçu zərərsizləşdirilib. Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman üçüncü tərəfləri iki ölkə arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. İki dövlətin sərhədində müxtəlif zamanlarda törədilmiş təxribatlar da bu məqsədlərə xidmət edir. Sərhəddə gərginlik yaradan Ermənistan bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaq istəyir. Məhz buna görə də düşmən tərəf öz siyasi spekulyasiyalarını həyata keçirmək üçün konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək və özünə daha çox havadar qazanmaq istəyir. Belə görünür ki, Ermənistan İkinci Qarabağ savaşındakı dəmir yumruğun zərbəsini unudub. Lakin Azərbaycan Ordusu törədilən təxribatlara verdiyi adekvat cavabı ilə unudulanları yada salmaq iqtidarındadır. Atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman, ona paralel olaraq erməni silahlıları ölkə ərazisini tərk etməli idi. Lakin bu olmadı. Beləliklə, üçtərəfli Bəyanatın şərtini Rusiya və Ermənistan tərəfi pozmuş oldu. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəçi və təminatçı ölkə kimi, bu müddəanın həyata keçməsinə məsuliyyət daşıyır. Ermənistanın başına gələn fəlakətlərdən sonra, onun bu cür təxribatlar törətməsi, Azərbaycanı daha sərt addımlar atmağa vadar edə bilər. Beləliklə, "Qisas-3" əməliyyatının keçirilməsi istisna deyil.

Qeyd etmək lazımdır ki, sülh danışıqlarının intensivləşdiyi bir vaxtda təxribatların yenidən baş verməsi diqqətçəkən məqamdır. Belə ki, baş nazir Nikol Paşinyanın Rusiyaya işgüzar səfərindən sonra Ermənistanın təxribat cəhdləri artıb. Bu, əsla təsadüfi ola bilməz. Aydın məsələdir ki, sülh perspektivi həm Rusiyanı, həm də Ermənistanı ciddi narahat edir. Bununla yanaşı, hazırkı reallıqlar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını, o cümlədən onların vətəndaşlığımızı qəbul etmələrini qaçılmaz edir. Lakin Azərbaycan baş vermiş terrorda əli olanların tapılması və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri görəcək. Ermənistan hərbi-siyasi hakimiyyəti unutmamalıdır ki, əvvəllər də dəfələrlə belə bənzər təxribatlar olub və hər dəfə qarşısı layiqincə alınıb.

Azərbaycan dünyanın enerji ilə təmin olunmasında mühüm rol oynayır. Habelə dövlətimiz ərazilərini işğalçılardan təmizləməklə, bu kimi layihələrin reallaşmasına da şərait yaradıb. Lakin onun ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyət göstərməsi, habelə onlara himayədarlıq, minalanmış ərazilərin xəritələrinin verilməməsi Cənubi Qafqazda sülh və əməkdaşlığa qarşı çıxmaq deməkdir. Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi bu təxribatlara əl atmaqla sülh danışıqlarını pozmaq məqsədi güdür. Lakin Azərbaycan tərəfi bu təxribatları törədənləri "Qisas" əməliyyatı keçirərək susdura bilər.

Çünki istənilən ölkənin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi onun tam müstəsna hüququdur. Bu, beynəlxalq hüquq normaları və müxtəlif konvensiyalarla təsdiq olunub. Ona görə ki, əks təqdirdə həmin cinayətkarlar həm qlobal, həm də regional miqyasda təhdid və təhlükə mənbəyinə çevrilə bilər.

Nuranə DAXİLQIZI,

"Respublika".