Ürəklərdə heykəlləşən əbədiyaşar lider
Digər xəbərlər

Ürəklərdə heykəlləşən əbədiyaşar lider

Heydər Əliyev – 100

Adı dünyanın ən nüfuzlu, görkəmli dövlət xadimləri, siyasətçiləri ilə bir sırada çəkilən xalqımızın ümummilli lideri Heydər Əliyev bütün həyatını doğma Azərbaycanına həsr etmiş dahi şəxsiyyət, nadir zəka sahibidir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Onun əbədiyyətə qovuşduğu tarixdən uzaqlaşdıqca xalqımızın böyük oğlunun amal və əməllərinin nəhəngliyi, əfsanəvi obrazının bənzərsizliyi, start verdiyi qələbələr marafonunun miqyası və sürəti gözlərimiz önündə daha əzəmətlə canlanır.

Azərbaycan xalqının ötən əsrin ikinci yarısından başlayaraq XXI əsrin əvvəlinədək bütün ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatı Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Onun 1969-cu ildən başlayan və 35 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır. Bu illər ərzində ölkəmiz çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Bu proses həyatımızda çox şeyi dəyişib. Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın keçmişində fəal, uğurlu iştirak edən, xalqımızın və ölkəmizin yollarına daim işıq salan tarixi şəxsiyyət, böyük zəka sahibidir. Möhkəm dövlətçilik mövqeyi, dönməz iradə və ümummilli ideallar Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri mövqeyinə yüksəltmişdir. Onun əldə etdiyi zirvələr Azərbaycan xalqının siyasi və mənəvi ucalığının rəmzidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla bərabər, həm də dünyanın ən qüdrətli tarixi simaları siyahısına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birindən fərqli zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də həmişə ən çətin tarixi dövrlərdə belə doğma Azərbaycanına xidmət etmişdir. Böyük şəxsiyyətlər öz müqəddəs əməlləri ilə tarix yaradır, onu zənginləşdirir və dəyişdirirlər. Bu baxımdan, Azərbaycan ulu öndər Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarıməsrlik bir dövrünün başlıca məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru – düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir.

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu şərəfli yol ilə, inamla irəliləməkdədir. Ötən illərin siyasi-iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirərək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Möhtərəm Prezidentimizin fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, mövcud gerçəklikləri real şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə çox dəqiq qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Milli liderliklə siyasi rəhbərlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın ərazi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Bütün mənalı həyatını Azərbaycana sədaqətlə xidmətə həsr etmiş ulu öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq, Azərbaycan mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqın ulu öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.

Dünya azərbaycanlılarının milli iftixarı ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Abdulkərim AŞUROV,

Qusar Rayon Statistika İdarəsinin rəisi.