Ermənistan öz gözündə tiri görməyib...
Siyasət

Ermənistan öz gözündə tiri görməyib...

Fransız səyyahı Qraf de-Şolye ermənilərlə bağlı deyirdi: "Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur".

Doğrudan da, dünyada Hayastan qədər nankor ikinci bir dövlətə rast gəlmək mümkün deyil. Bu gün ermənilərin özləri belə nə istədiklərini bilmirlər. Gah özgə torpağına göz dikir, gah digər ölkənin ərazisini işğal edir, gah da varlıqlarını borclu olduğu ağalarına xəyanət edirlər. Belə ki, son dövrlərdə Ermənistan siyasi dairələrində, eləcə də ölkə daxilində anti-Rusiya meyilləri daha çox müşahidə olunur. Paşinyan hakimiyyəti ölkənin başına gələn bütün uğursuzluqlarda Rusiyanı günahlandırır, Moskva əleyhinə müxtəlif ittihamlarla gündəmə gəlir. Əslində, vəziyyəti daha dərindən analiz etsək, hazırda Ermənistanın Rusiyaya "meydan oxuduğunu" da söyləyə bilərik. Fevralın 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyanın jurnalistlərə açıqlaması zamanı Rusiya barədə söylədiyi fikirlər bunu bir daha təsdiqləyir.

Simonyan deyib ki, Rusiya sərhədçilərinin "Zvartsnots" hava limanını tərk etməsi daha düzgündür: "Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Bir neçə dəfə sübut olunub ki, onlar sərhədləri qorumayıblar, əksinə, oradakı durumu daha da həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri müşayiət etdilər, sonra onları çıxardılar. Bir gün gəlib məni də, səni də "Zvartsnots"da müşayiət edəcəklər".

Bu yaxınlarda Hayastan mediasında rus sərhədçilərinin İrəvandakı "Zvartsnots" hava limanından çıxarılmasına başlanıldığı barədə məlumatlar yayıldı. Amma bununla bağlı hər hansı bir rəsmi açıqlama verilmədi. Əslində, Simonyanın açıqlaması əvvəlcədən xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də məğlubiyyəti ilə barışa bilmir. Ona görə də rəzilliyini ört-basdır etmək üçün günahkar axtarır. Bu baxımdan, Paşinyan hakimiyyətinin həmin məsələdə Rusiyanı günahlandırması təsadüfi deyil. Çünki 44 günlük müharibə dövründə Paşinyan Moskvadan kömək istəyəndə Rusiya buna qarşılıq verməmişdi. Rusiya Prezidenti müharibənin Azərbaycanın tarixi torpaqlarında getdiyindən xəbərdar idi. Bundan sonra Hayastan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) hədəfə almağa başladı. Halbuki, Rusiyanın Qarabağ münaqişəsi zamanı mövqeyi tam haqlı idi. Eyni zamanda BMT də daxil olmaqla, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri hələ müharibəyə qədər ölkəmizin tərəfində dayanırdı. Görünür, vaxtikən Rusiyanın bəslədiyi "qarğa"sı olan Ermənistan bu gün ağasının gözünü "oymaqla" məşğuldur...

İrəvanın anti-Rusiya əleyhinə ittihamları sadəcə bunlarla da bitmir. Belə ki, fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib. Bununla bağlı Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan açıqlama verib. Ayrapetyanın sözlərinə görə, ölkənin Xarici İşlər Nazirliyi Rusiya kanallarının respublika ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulması ilə əlaqədar rusiyalı həmkarlarına etiraz ediblər. Mxitar Ayrapetyan, həmçinin iki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusunun qeydə alındığını da diqqətə çatdırıb. Ayrapetyan deyib ki, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir. O, rusiyalı həmkarına İrəvanda və ya Moskvada məsləhətləşmələr aparmaq təklifi ilə məktub göndərib. Ölkənin yüksək texnologiyalar naziri kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası sazişin təkmilləşdirilməsinə və ya redaktə edilməsinə ehtiyac olduğunu da vurğulayıb. Qərbin təhriki ilə durmadan Rusiyaya quyu qazmağa çalışan, mediasında Moskva əleyhinə fikirlərlə gündəmə gələn Ermənistanın bunu problemə çevirməsi isə doğrudan da gülüncdür. Bütün bunlar, Paşinyan hakimiyyətinin öz gözündə tiri görməyib başqasında çöp axtardığını təsdiqləyir. 

Mövcud vəziyyətdə isə Ermənistan  Rusiya və Qərb arasında var-gəl edir. Bu isə ölkədə bumeranq effekti yaradır. Başqa sözlə desək, İrəvanın mövqeyi Rusiyanı kifayət qədər qıcıqlandırır. Hazırda Rusiyadan uzaqlaşaraq Qərbə yol alan İrəvan dalana dirənib. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) üzrə müttəfiqlər Kazanda sammit təşkil edərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfərə getmiş və səfər çərçivəsində Moskvaya qarşı bir sıra sərt bəyanatlar vermişdi. Sözügedən hadisələrlə paralel olaraq İrəvan rəsmilərinin Rusiya sərhədçilərinin paytaxtın "Zvartsnots" hava limanından çıxarılması barədə danışmağa başlaması gizli kartları açır.

Nəzrin ELDARQIZI,

"Respublika".