Ermənistan “saxta seçki
Digər xəbərlər

Ermənistan “saxta seçki"lərlə gərginliyi artırır

Ermənistanın regionda sülh və sabitliyə xələl gətirən təxribatçı hərəkətlərindən biri də Qarabağda yaşayan erməni əsilli vətəndaşların keçirdiyi qondarma seçkidir. Bu, həm də beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulmasıdır. Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da "prezident seçkiləri" adı altında apardığı qanunsuz fəaliyyət Ermənistanın növbəti təxribatıdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Azərbaycanın ərazisində ölkə qanunları xaricində heç bir seçki keçirilə bilməz. Hazırda dünyanın əksər ölkə və təşkilatlarının Qarabağda əmin-amanlığın yaradılmasına kömək etmək istədiyi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atıldığı bir vaxtda qarşı tərəfin yenidən münaqişəni alovlandırmaq cəhdləri sülh prosesinə maneə törədir. O da məlumdur ki, bu cəhdlər təkcə Ermənistanın fəaliyyəti deyil, eyni zamanda ona dəstək verən bəzi dövlətlərin Cənubi Qafqaza, ələlxüsus da Qarabağ bölgəsinə olan maraqlardır. qondarma xunta rejiminin keçirilən "seçkilər"də keçmiş "dövlət naziri" Samvel Şahramanyan "prezident" seçilib. Onu da qeyd edək ki, keçirilən seçkinin beynəlxalq miqyasda pislənilməsi davam edir. Belə ki, qondarma "seçkini" ilk olaraq pisləyən ölkə qardaş Türkiyə oldu. Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi" ilə bağlı məlumatda deyilir: "Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq".

 Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld deyib ki, Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır: "Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik". Böyük Britaniya ilə yanaşı, ABŞ da məsələyə kəskin şəkildə münasibət bildirərək Ermənistanın qeyri-qanuni "seçki" cəhdini pisləmişdir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqində ölkəsinin mövqeyini belə ifadə etmişdir: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq, eyni zamanda orada keçirilən qondarma "prezident seçkiləri"ni də tanımırıq".

Bəli, bu, artıq nəhəng dövlətlərin və beynəlxalq təşkilatların gəldiyi haqlı qənaət və düzgün mövqedir. Qarabağ Azərbaycan Respublikasının ərazisidir və burada heç bir qondarma seçkidən söhbət gedə bilməz. Ərazidə yaşayan bütün azsaylı xalqlar Azərbaycan vətəndaşlarıdır. Onların bütün problem və çətinlikləri Azərbaycan qanunları çərçivəsində həll edilməlidir. Bunu Ermənistan da çox gözəl bilir. Sadəcə ətəyindən asılı qaldığı dövlətlərin təsir dairəsindən hələ ki, çıxa bilmir. Lakin artıq dünya həqiqətləri görür və düzgün qiymətləndirir. Qarabağdakı qanunsuz "prezident seçkiləri" ilə bağlı beynəlxalq ictimaiyyətin sərgilədiyi prinsipial mövqe bir daha onu göstərdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Ermənistanın cəhdlərinə baxmayaraq, dünya birliyi öz mövqeyi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bununla da suveren ərazilərimizdə separatçı rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri"nin keçirilməsini dəstəkləyən xain Ermənistanın bütün ümidlərini puça çıxardı. Üstəlik, bu "seçki" şousu ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar tərəfindən Ermənistanın Azərbaycanın suverenliyinə təhdidi kimi qiymətləndirildi. Baş verən siyasi proseslər nəticəsində belə qənaətə gəlmək olur ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətdədir və bu dövlətin dünyanı aldatmaq cəhdləri boş və mənasızdır. Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və xunta rejimi regionda sülh prosesinə maraqlı deyil. Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Azərbaycanın haqq işini dəstəkləyən ölkələr arasında Özbəkistan, Pakistan, Ukrayna, Moldova, Rumıniya və digər dövlətlər də Ermənistanın Qarabağda keçirdiyi "qondarma seçkini" tanımamış və bunu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı xain addım adlandırmışlar.

Ramidə YAQUBQIZI,

"Respublika".