Ermənistan üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl etməlidir
MÜSAHİBƏLƏR

Ermənistan üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl etməlidir

"Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması münasibətilə Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan Prezidentinin rəsmi tviter səhifəsində paylaşdığı yazını xalqımız olduqca yüksək həyəcan hissi ilə qarşıladı. Son aylarda gündəmin ən aktual problemlərindən olan Laçın şəhərinin, eyni zamanda, Zabux və Sus kəndlərinin boşaldılması məsələsi cəmiyyətdə ciddi müzakirə mövzusu idi. Ermənistan 44 günlük müharibədən sonrakı öhdəliklərini icra etmir, müxtəlif bəhanələr gətirirdi. Bu istiqamətdə onlar təxribatlar törətdilər və biz şəhid verdik. Ondan sonra "Qisas" əməliyyatı keçirdik və nəticədə həm şəhidimizin qisası alındı, həm də ermənilərə bir daha başa salındı, izah olundu ki, Azərbaycanın dəmir yumruğu yerindədir".

Bu fikirləri bizimlə söhbətində bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev daha sonra deyib ki, əgər ermənilər öz öhdəliklərini yerinə yetirməsələr, daha ciddi və qəti tədbirlər görüləcək. Bunun üçün heç bir şübhə ola bilməz. Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Ölkə başçısı indiyədək dediklərinin hamısını icra edib. Biz Laçın dəhlizinə alternativ yolu vaxtından əvvəl inşa etdik. Amma Ermənistan tərəfi bu yolun öz ölkələrindən keçən hissəsinin inşasına hələ başlamamışdır. Son günlərdə ermənilər çox sürətlə alternativ yolun Ermənistandan keçən 9 kilometrlik hissəsinin çəkilişlərinə start verdilər. Təbii ki, bütün bunlar Ermənistanın Azərbaycan qarşısında tam aciz vəziyyətə düşdüyünü göstərir. Çünki ermənilər müxtəlif bəhanələrlə bu öhdəliklərdən yayınmağa çalışırdılar.

Ermənistan başa düşməlidir ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın bütün bəndləri qeyd-şərtsiz icra olunmalıdır. Erməni silahlı terror dəstələri birmənalı şəkildə Qarabağı tərk etməli, Zəngəzur dəhlizi açılmalı, iqtisadi əməkdaşlığa başlanılmalıdır. Qarabağda məskunlaşmış, işğala qədər Qarabağla hər hansı əlaqəsi olan, orada doğulan və sonralar orada yaşamış, hazırda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, qanunlarımıza hörmət edən, ölkəmizin vətəndaşlığını qəbul edən ermənilər üçün bütün şərait yaradılır. İnanıram ki, biz yaxın zamanlarda bu istiqamətdə daha böyük uğurlar əldə edəcəyik. Azərbaycanın nüfuzu, möhtəşəm Zəfərdən sonra özünə ciddi tərəfdaşlar qazanması, bir çox ölkələrlə strateji müttəfiqlik münasibətlərinin qurulması, ilk növbədə, Türk dövlətləri - Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və eyni zamanda, Avropa İttifaqı ilə hərtərəfli əlaqələrin qurulması, əməkdaşlıq memorandumlarının imzalanması imkan verir ki, Azərbaycan qarşısına qoyduğu istənilən problemi özü həll etsin. Ermənilər bundan düzgün nəticə çıxarmalıdır. Regiona dayanıqlı sülh gəlməlidir. Bir daha xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edirəm.

 M.NƏRİMANOĞLU,

"Respublika".