Ermənistanda qlobal güclərin qarşıdurması başlayıb
Siyasət

Ermənistanda qlobal güclərin qarşıdurması başlayıb

Bu günlərdə Ermənistanda baş verənlər birmənalı olaraq onu göstərir ki, bu ölkə uğrunda qlobal güclərin qarşıdurması başlayıb. Bu mübarizəyə Avropa, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası da qoşulub. Hər bir gücün bu ölkədə öz maraqları var. Ermənistanın Azərbaycanla şərti sərhədə silahlı qüvvələr toplaması da həmin bu maraqların toqquşması məntiqinə uyğundur. Məsələnin bir tərəfi budur. Yəni Azərbaycanı təxribata sürükləsinlər və bunun müqabilində şərti sərhəddə ölkəmiz Ermənistanın bu təxribatlarına hər hansısa bir adekvat cavab verərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə müdaxilə etməməkdə ittihamlandırıb, bununla da Rusiyadan üz döndərib Avropa istiqamətində hərəkət etsin.

Bunun müqabilində Azərbaycan nə edəcək? Artıq o, vəziyyətdən asılıdır. Həmin gün və yaxud da ki, həmin dövrdə baş verəcək məsələlərə uyğun olaraq təxribatlara cavabımız olacaq. Təbii ki, bizim də silahlı qüvvələrimiz istərsə strateji yüksəkliklərdə, istərsə də Ermənistan Azərbaycan şərti sərhədində mövqelərini möhkəmləndiriblər. Bu təxribatların Azərbaycan ərazisinə, sərhədlərinə hər hansı bir təhdidi olarsa, təbii olaraq tutarlı cavab veriləcək. Naxçıvan, Zəngəzur, Göyçə mahalı, yaxud Basarkeçər istiqamətində fərqi yoxdur.

O ki qaldı, ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündən sonra hər hansı bir təxribatın baş verməsi ehtimalına, bu istənilən vaxt ola bilər. Biz bilirik ki, bu görüşdən öncə də belə təxribatlar baş verib. İstər Zəngilan, istərsə də Kəlbəcər rayonu, hətta Zəngilan istiqamətlərində sərhədçimizə atəş açılması faktı da qeydə alınıb. Bunun cavabı kimi Azərbaycan tərəfi atəş açılan ərazidə yerləşən erməni silahlı qüvvələrinin mövqeyini darmadağın edib.

Fərdin İSAZADƏ,

hərbi ekspert.