Ermənistanın “diversifikasiya” siyasəti
Siyasət

Ermənistanın “diversifikasiya” siyasəti

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. Lakin digər tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası Rusiyadan uzaqlaşır, bu ölkənin tədbirlərini boykot edir.

Bu ziddiyyətlər onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti siyasi iradəyə malik deyil. Ermənistan hazırda Rusiya və Qərb arasında get-gəl edir. Qarabağda məğlubiyyətlərinin ardından Rəsmi İrəvan Rusiya ilə bağlı dəfələrlə tənqidi bəyanatlar verib. O cümlədən ölkənin baş naziri Nikol Paşinyanın Minskdə keçirilən KTMT sammitində iştirak etməməsi bir tərəfə, həmçinin ölkəsinin bu təşkilatda iştirakını dayandırdığını bəyan edib. Rusiya ilə bağlı verdikləri bəyanatları hələ Ermənistan hakimiyyətinin anti-Rusiya mövqedə olması demək deyil. Məsələn, 2023-cü ilin mayında "Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm" deyən Nikol Paşinyan bu ilin fevralında müharibədə Rusiyanın yanında olmadıqlarını bildirib. Bu isə rəsmi İrəvanın uğursuz diversifikasiya (şaxələndirmə) siyasətidir və buna görə də hər iki tərəf qıcıqlanır, İrəvana təzyiqləri artırır. Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə rusiyalı siyasilərin Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özlərindən asılı vəziyyətə salmağa cəhd edirlər.

Rusiya rəsmi İrəvanı Qərbin diktəsi ilə fəaliyyət göstərməkdə, regional maraqları qərb blokuna satmaqda, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli Bəyanatın müddəalarına sadiq qalmamaqda, ikitərəfli müqavilələrə, razılaşmalara əməl etməməkdə qınayır.

"Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Bir neçə dəfə sübut olunub ki, onlar sərhədləri qorumayıblar, əksinə, oradakı durumu daha da həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri müşayiət etdilər, sonra onları çıxardılar. Bir gün gəlib məni də, səni də "Zvartsnots"dan müşayiət edəcəklər". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. Bu, Rusiya hərbçilərinin Ermənistandan çıxarılması istəyi haqda rəsmi İrəvanın ilk açıqlamasıdır. Ermənistanın xarici siyasətiylə bağlı bu qədər önəmli bəyanatların məhz məmurlar, yüksək çinli səlahiyyətlilər tərəfindən verilməsinin də səbəbi budur ki, Paşinyan mövcud durumda belə fikirləri özü dilə gətirməyə cəsarət etmir. Ona görə simonyanların, mirzoyanların dili ilə istiqamət götürdüyü yeni xarici siyasət kursunun anonsunu verir. Lakin Ermənistan baş naziri hökuməti rəsmi sənəd imzalamadan açıqlamalarla və boş bəyanatla idarə edəcəyini düşünür. Sənəd imzaladıqda isə sadiq qalmır və ona etibar edilməməsinə, etimad göstərilməməsinə səbəb olur. Bu da rəsmi İrəvanın sabit, davamlı xarici siyasət yürütmədiyini göstərir.

Martın 5-də Antalyada keçirilən Diplomatik Forumda iştirak edən Rusiyanın xarici işlər naziri İrəvanla ölkəsinin münasibətlərini dərindən qiymətləndirib. "1991-ci ildən bəri Ermənistanın Rusiya ilə münasibətlərdə hər şeydə səhv kurs tutduğunu söyləmək, yumşaq desək, siyasi cəsarət tələb edir". Bu sözləri Sergey Lavrov bildirib. O qeyd edib ki, İrəvanın hazırkı kursu davam etdirməsi Moskvanı "Rusiya-Ermənistan münasibətlərində çox şeyə yenidən baxmağa" vadar edə bilər. "Ermənistan rəhbərliyinin ağzından hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələrin baş verdiyi və praktiki addımlarımızda bunu necə nəzərə alacağımız barədə düşünməyə vadar edir", - deyən Sergey Lavrov Moskvadan uzaqlaşan müttəfiqini yekun seçim etməyə çağırsa da Ermənistan rəhbərliyinin bəyanatları bunun əksini göstərir. Görünən odur ki, İrəvan SSRİ-nin dağılmasından sonra Moskvanın lehinə seçim etməsini "strateji səhv" adlandırır və təhlükəsizliyinin yeni qarantı və aparıcı tərəfdaşı olaraq Rusiyaya deyil, Qərbə üz tutmağa qərar verib.

Ermənistan-Rusiya münasibətlərinin bugünkü mərhələsi bölgədə ciddi siyasi oyunların getdiyini göstərir. Təbii ki, bu proseslər də Qərbdən idarə olunur.

Aiza ŞABANOVA,

"Respublika".