Ermənistanın məqsədi sülh prosesini pozmaqdır
Siyasət

Ermənistanın məqsədi sülh prosesini pozmaqdır

10 noyabr Bəyanatının şərtlərinə görə sülhün təminatçısı olan rus sülhməramlılarının bölgəyə yerləşdirilməsilə bərabər, Qarabağdakı erməni terrorçuları və Ermənistan ordusunun qalıqları tamamilə Azərbaycan ərazisindən çıxarılmalı, eyni zamanda Laçın yoluna paralel şəkildə Zəngəzur dəhlizi açılmalı idi. Artıq üç ilə yaxın müddət keçməsinə baxmayaraq, nə Ermənistanın, nə də terrorçu qrupların təxribatları səngimək bilmir.

Əksinə həm sərhəddə, həm də rus sülhməramlıların Qarabağda müvəqqəti yerləşdiyi ərazilərdə, yeni döyüş mövqelərinin hazırlandığı, istehkam qurğularının möhkəmləndirildiyi və minaların basdırıldığı aydın müşahidə olunur.

Hazırda Qarabağdakı terrorçulara silahlar rus sülhməramlıların nəzarətindəki Xocalı hava limanı üzərindən daşınır. Bütün bunlar rus sülhməramlıların birbaşa dəstəyi və nəzarəti altında həyata keçirilir. Brüssel, Vaşinqton və Moskvadakı danışıqlara baxmayaraq, Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması, hərbi və terrorçu fəaliyyətlərin artması qarşı tərəfin yenə dəmir yumruq istədiyini göstərir.

"Gedişat hərbi eskalasiyaya doğru irəliləməkdədir və məsələlər masada deyil, döyüş meydanında həll edilə bilər. Qarabağda separatçıların hərbi texnika topladığı və atəş mövqeləri hazırladığına dair görüntülər bizi məyus edir: "Azərbaycan Müdafiə Nazirliyinin məlumatında da bildirilir ki, "qanunsuz silahlı birləşmələrin aktivliyi müşahidə edilir, bir neçə yaşayış məntəqəsinə müxtəlif təyinatlı döyüş texnikası daşınır, xüsusilə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları var, məqsədli şəkildə atəş nöqtələri yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Separatçıların döyüşə hazırlaşdığı aydındır. Onlar Azərbaycan Ordusuna qarşı hansısa üstünlük qazana bilməyəcəklərini bilirlər, lakin məqsəd hərbi üstünlük qazanmaq yox, mövcudluqlarını qorumaq üçün qarşıdurmaya getmək və mülki əhalini qırğına verərək, Azərbaycanı "soyqırımı"nda ittiham etməkdir". Bu fikri açıqlamasında politoloq Volkan Aydemir deyib. Onun sözlərinə görə erməni tərəfinin davranışları göstərir ki, hərbi əməliyyatlar hər an başlaya bilər. Hesab edirəm ki, BMT-də olan dinləmələrdən sonra bir sıra məsələlərə aydınlıq gətirilib.

V.Aydemirin fikrincə, Ermənistan maraqlıdır ki, sülh danışıqları uzansın, proses pozulsun: "Erməniləri danışdıran qüvvələr var, onlar boşuna çıxış etmirlər. Üstəlik, bu aqressiyanın və təzyiqlərin artırılmasında məqsəd təkcə Laçın postu məsələsi deyil, sülh prosesinə zərbə vurmaqdır. Əgər Qarabağdakı ermənilər doğrudan da aclıq, səfalət içindədirlərsə, Ağdam yolundan keçsinlər. Deməli, məqsədləri humanitar yükü çatdırmaq deyil''.

Politoloqun fikrincə, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi İrəvanın özünü qurban kimi göstərmək cəhdlərinə dəlalət edir və bu, heç nəyə gətirib çıxarmadı: "Yalnız Azərbaycan tərəfinin irəli sürdüyü və Moskvada üçtərəfli görüşdə nəzərdən keçirilən təkliflər mövcud vəziyyətə real alternativ ola bilər".

Volkan Aydemir Rusiyanın Qarabağdakı separatçıları dəstəkləməklə əslində özünə quyu qazdığını bildirib: "Böyükmiqyaslı dəyərləndirməyə görə, məsələ belədir ki, əgər Rusiya istəsəydi, Türkiyə ilə birlikdə 10 noyabr Bəyanatını ən qısa zamanda sülh müqaviləsinə çevirə bilərdi. Rusiya beş il boyunca Qarabağın sülhməramlılar vasitəsilə yalnız öz nəzarətində qalacağını düşünürək səhv etdi və bu, hələ də davam edir. Bəyanat sülh müqaviləsinə çevrilmədiyi üçün də tədricən prosesə heç vaxt münaqişənin bitməsini istəməyən Fransa, İran kimi dövlətlər müdaxilə etdi. Yəni əslində Rusiya özünü tələyə saldı və hadisələrin gedişatı daha qarışıq, çoxtərəfli mahiyyət daşımağa başladı. Fikrimcə, Azərbaycan sivil ölkə kimi bütün dünyaya öz torpağında başqasının ordusunu, silahlı qruplarını görmək istəmədiyini elan etməlidir. Ondan sonra Moskva və İrəvana bütün yarımçıq qalan işlərin yerinə yetirilməsi üçün ilin sonuna kimi vaxt verməli, təxribatların, Xocalı hava limanından daşınmaların davam etməsi halında isə Ermənistan və Qarabağdakı terrorçuların hərbi nöqtələri Şanlı Azərbaycan Ordusu tərəfindən yerlə-yeksan olunmalıdır. Bu, beynəlxalq hüquq baxımından da Azərbaycanın haqqıdır. Problemi kökündən həll etmək üçün başqa yol yoxdur".

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.