Ermənistanın “ölü diriltmə
Digər xəbərlər

Ermənistanın “ölü diriltmə" cəhdləri

Daim adı regiondakı təxribatlarda, terror aktlarında hallanan Ermənistan hakimiyyəti mənfur əməllərindən əl çəkmək istəmir, müxtəlif yollara əl atır. Haylar indi də tarixin arxivinə gömülən keçmiş Minsk qrupunu "diriltməyə" cəhd göstərirlər. Ermənistanın bu addımı Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki fırıldaqçı Şeyx Nəsrullahın ölüləri diriltməsinə bənzəyir.

Məlum olduğu kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın keçmiş Minsk qrupunun amerikalı həmsədri Lui Bononla görüşü baş tutub. Görüş çərçivəsində onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər. Qriqoryan hətta, Bononla Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqları məsələləri ilə bağlı fikir mübadiləsi də aparıb, diplomata guya Qarabağda "humanitar böhran" olduğu barədə məlumat verib, Laçın yolunun açılmasının zəruriliyini vurğulayıb. Buradan rəsmi İrəvanın media vasitəsilə ictimaiyyətin gözündən pərdə asmağa çalışdığı bəlli olur.

Bir məsələni də qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi bu ilin əvvəlində diplomat Lui Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Daha dəqiq desək, o, xüsusi nümayəndə kimi fəaliyyət göstərir. Ermənistan və Azərbaycan arasında sülh prosesini təmin etməklə yanaşı, Rusiya tərəfindən Gürcüstanın suveren ərazisinin iyirmi faizinin davam edən işğalını həll etmək də məhz Lui Bononun qarşısında duran vəzifələrdəndir.

Ermənistan hər vəchlə keçmiş Minsk qrupunun fəaliyyətini bərpa etməyə çalışır. Xatırladaq ki, ötən il aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında da ATƏT-in Minsk qrupunun ləğv edildiyini bildirmişdi. Bundan başqa, Luis Bononun may ayında bölgəyə səfəri baş tutub. Səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələləri müzakirə edilib. Göründüyü kimi, vəziyyətin normallaşdırılması istiqamətində addımlar atılsa da, haylar yenə öz ampluasındadır. Əslində Ermənistanın mövcud olmayan və qəbul edilməyən bir qurumun bərpasına çalışması heç də təəccüblü deyil. Çünki onlar elə əzəldən xülya ilə yaşayıblar. Ermənistanla yanaşı, havadarları da ATƏT-in keçmiş Minsk qrupunun faktiki yoxluğunu dərk etmək istəmirlər.

İkinci Qarabağ savaşı bölgəyə yeni reallıqlar gətirməklə yanaşı, bu bədnam missiyanı da tarixin arxivinə yolladı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Minsk qrupu fəaliyyətsizliyi ilə əbədi yoxluğa düçar oldu. Bundan başqa, qrupun özünün fəaliyyət göstərmək istəyinə rəsmi Bakı tərəfindən rədd cavabı verilib. Üçtərəfli Bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, erməni tərəfi hər vəchlə qurumun fəaliyyətinin aktivləşdirilməsi istiqamətində addımlar atır. Lakin Ermənistan başa düşməlidir ki, onun bu cəhdləri əbəsdir. Prezident İlham Əliyevin 2022-ci il iyunun 30-da Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

Bəli, Ermənistanın bu addımı regionda sülhə və sabitliyə təhdid yaratmaqdan başqa bir işə yaramır.

Nəzrin ELDARQIZI,

"Respublika".