Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirilib
Digər xəbərlər

Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə "Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında" adlı dəyirmi masa keçirib.

Tədbirdə AHİK-in sədr müavinləri, şöbə müdirləri, həmçinin Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Qırğızıstan, Litva, Moldova, Portuqaliya və Serbiyadan ölkəmizə gələn həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

AHİK-in sədr müavini Aqil Dadaşov uzun illər işğalda qalan Şərqi Zəngəzur və Qarabağda ermənilərin törətdiyi hərbi cinayətlərdən, vandalizmdən, tarixi-mədəni abidələrimizi məhv etməsindən bəhs edib: "Yəqin, siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Şuşaya gələrkən keçdiyimiz o yolların sağı-solu vaxtı ilə möhtəşəm şəhərlər, qəsəbələr, kəndlər olub. Bu ərazilərdə 1 milyondan artıq azərbaycanlı yaşayıb. İşğal zamanı ermənilərin törətdiyi insanlığa sığmayan vəhşiliklər nəticəsində indi xarabalığa çevrilib".

Mövzu ilə bağlı fikirlərini bölüşən Aqil Dadaşov BƏT-in 205 saylı tövsiyəsi və onun əməli tətbiqindən danışıb.

AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılması, işçilər üçün layiqli və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən, həmçinin BƏT-nin qəbul etdiyi tövsiyə və konvensiyaların icrası istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, eləcə də əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması ilə bağlı aparılan işlərdən bəhs edən AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov bildirib ki, ölkəmizdə layiqli əmək şəraitinin yaradılması, məşğulluğun artırılması, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün effektli addımlar atılır, məcburi əməyə qarşı mübarizə gücləndirilir. AHİK-in BƏT-lə əmək münasibətləri, məşğulluq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində daim genişlənən fəal əlaqələrindən danışan T.Süleymanov BƏT-nin konvensiyalarının ölkəmizdə ratifikasiya olunduğunu, milli əmək standartlarına uyğunlaşdırıldığını deyib. Vurğulayıb ki, əmək miqrasiyası, sosial müdafiə və digər sahələrdə həyata keçirilən birgə layihələr səmərəli nəticələr verir.

Xarici qonaqlar öz ölkələrində BƏT-in tövsiyə və konvensiyalarının icra vəziyyəti, məşğulluq, əmək münasibətləri ilə bağlı həyata keçirilən tədbirlər planı haqqında məlumat verib, mövzu ətrafında fikirlərini bildirib və rəylərini qeyd ediblər.

Sonda qarşılıqlı maraq doğuran geniş fikir mübadiləsi aparılıb.

Xarici ölkə nümayəndələri ölkəmizə səfərlərindən, tədbirin əhəmiyyətindən,  yüksək səviyyədə təşkilindən, eləcə də göstərilən qonaqpərvərlikdən və səmimi münasibətdən razılıqlarını ifadə ediblər. Əsasən tədbirin Şuşada keçirilməsindən, bu möhtəşəm şəhəri görmələrindən məmnunluqlarını bildiblər. 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.