AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib
Digər xəbərlər

AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Füzuli rayonunda aqrar sahədə fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.

Nazirliyiyn mətbuat xidmətindən “Respublika”ya bildirilib ki, təsərrüfatların inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə 6 saylı Qayıdış qəsəbəsində yerləşən fermer təsərrüfatında görüş keçirilib. 

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Füzuli Rayon İcra Hakimiyyətinin və rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edənlər AFAQ layihəsinin qadın fermerlərin aqrar fəaliyyətlərində böyük rol oynadığını, eyni zamanda, regionlarda ailə təsərrüfatlarının inkişafına dəstək göstərdiyini vurğulayıblar.

AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Merdinli, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Hüseynbəyli və Yuxarı Veysəlli kəndlərindən olan ümumilikdə 16 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin qadın fermerlərə fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib. Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları və aktivlərlə (hər birinə 100 baş olmaqla ümumilikdə 1600 yumurtalıq toyuq) təmin olunublar.

Qeyd edək ki, bugünədək layihəyə 1350-yə yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 274 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 318 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.

Nəriman Cavadov,

“Respublika”.