Ermənistanın simasızlığı bir daha təsdiqləndi
Digər xəbərlər

Ermənistanın simasızlığı bir daha təsdiqləndi

Artıq uzun illərdir ki, dünyada çox nadir hallarda rast gəlinən monoetnik dövlətlərdən biri kimi tanınan və buna məqsədyönlü şəkildə, etnik təmizləmə siyasəti yürütməklə nail olan Ermənistan indi də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasını əngəlləmək üçün müxtəlif vasitələrə əl atır. Həmin bölgəni 30 il ərzində işğal altında saxlamış, lakin 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən tam məğlub edilərək ərazilərimizdən qovulmuş Ermənistanın əsas məqsədlərindən biri əlbəttə ki, çoxmillətli dövlət olan Azərbaycanda iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışın qarşısını almaqdır.

Lakin 2020-ci ildən bəri ardıcıl puç olan erməni mifləri və utopik ideyaları kimi, Ermənistanın ölkəmizə qarşı bu addımı da BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında tam fiaskoya uğradı. Bu iclasda səsləndirilən fikirlər bir daha göstərdi ki, artıq bütün dünya erməni yalanlarından doyub və bu gün heç kəs riyakar, destruktiv, etibarsız erməni faktoruna görə Azərbaycanın haqlı mövqelərini əsassız şəkildə hədəfə almaq niyyətində deyil.

Rəsmi İrəvan yenə də kiməsə, yaxud nəyəsə güvənərək BMT TŞ-nin 16 avqust 2023-cü il tarixli iclasında Azərbaycanın Laçın-Xankəndi yolunu guya ki, blokadaya alması və Qarabağda yaşayan erməniləri aclıqla soyqırımına məruz qoyması "faktlarını" dünyaya təqdim etmək üzərində qurulmuş və bu "ittihamları" rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, "Laçın dəhlizi"nin isə beynəlxalq gücdən istifadə olunaraq açılmasına hədəflənən növbəti oyununu oynadı və yenə də uduzdu. Düzünü desək, Ermənistanın hərəkətlərini heç oyun da adlandırmaq olmur. Rəsmi İrəvan özü də beynəlxalq miqyasda bir oyunçu deyil, olsa-olsa miskin bir oyunbazdır. Bu ölkənin siyasətçilərinin dünyaya təqdim etdikləri isə daha bir uğursuz şou oldu. Buna görə də faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, Azərbaycanın müstəqil xarici siyasətinin daha bir uğur göstəricisidir.

Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti, bütün tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, o cümlədən qonşu dövlətlərlə balanslı münasibətlər qurması, həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə effektiv fəaliyyət göstərilməsi konsepsiyasını yüksək dəqiqliklə hazırlaması və tətbiq etməsi Azərbaycanın bütün siyasi-diplomatik uğurlarının əsasında durur.

Təsəvvür etmək belə çətindir ki, bir ölkə olaraq, bir dövlət olaraq 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, həmçinin TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayasan, etinasızlıq nümayiş etdirəsən və indi bu təşkilatdan yardım diləyəsən. Həm də tamamilə haqsız olduğun bir məsələdə. Bunun bir adı var - simasızlıq.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.