Ermənistanın təxribatları səngimək bilmir
Siyasət

Ermənistanın təxribatları səngimək bilmir

Düşmənə sərt və qətiyyətli cavab verilir

Ermənistanın törətdiyi təxribatlar regionda sabitliyə təhlükə yaradır . Paşinyan rejiminin revanşist addımları, Vətən müharibəsindəki parlaq zəfərimizi həzm edə bilməməsi bölgədəki gərginliyi hər keçən gün daha da artırır. 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə sülhə maraqlı olduğunu, sülh prosesində önəmli addımlar atacağını bildirən baş nazir Nikol Paşinyan reallığa gəldikdə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməyə davam edir. Brüssel, Kişineu, Moskva coxsaylı görüşlərdə sülhdən dəm vuran baş nazirin dedikləri əməldə öz əksini tapmır. Bu çür çirkin təxribatlara hayların havadarları və ikili standart sərgiləyən dövlətlər göz yumsa da, Azərbaycan dövləti hər cür təhdit və təxribatlara adekvat cavab verməyə qadirdir.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları başlayanda qarşı tərəfin təxribatlar törətməsi adi hala çevrilib. Bu, onu göstərir ki, Ermənistan sülhə qarşıdır. ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda XİN rəhbərlərinin görüşü başlayan kimi Qarabağdakı qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribat törədilir. Bu təxribatların məqsədi sülh danışıqlarına kölgə salmaq və nəticəsiz etməkdir. Qanunsuz erməni hərbi birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında təxribatlara əl atması da sual doğurur. Necə olur ki, bütün istiqamətlərdə postlar quraraq nəzarəti həyata keçirən sülhməramlıların gözü önündə ermənilər təxribat törədirlər?

Planlı törədilən təxribatların pərdəarxası məqamlarına nəzər salsaq görərik ki, region üçün toqquşan maraqlar sülhü ləngidir. İlkin olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatların intensivləşməsi hadisələrə sülhməramlılar tərəfindən göz yumulduğunu göstərir. Təsadüfi deyil ki,sülhməramlı kontingentin ermənipərəst mövqeyi burada qərarlaşdığı ilk vaxtlardan özünü biruzə verirdi. Yaşayış məntəqlərimizə uydurma erməni toponim adları ilə müraciət etmələri, qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına hər hansı reaksiya verməmələri, əraziyə ekoloji səviyyənin ölçülməsi məqsədi ilə tədqiqatçılarımızın buraxılmaması və s. əməllər törədilən təxribatlara göz yumulmasının məntiqi izahıdır. Bütün baş verənlər sülhməramlı qüvvələrin fəaliyyət prinsipinin 10 noyabr bəyannaməsinə zidd olduğunu sübut edir. Sülhün bərqərar olmasından, təhlükəsizliyin təmin edilməsindən bir xeyli uzaqda qərarlaşan kontingent öz məramına layiqincə xidmət etmir. Qətiyyətlə deyə bilərik ki, general-polkovnik Aleksandr Lentsovun Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilməsi kontingentin müvəqqəti yerləşdiyi əraziyə nəinki, stabillik gətirdi, törədilən təxribatlar daha da intensivləşdi. Bununla yanaşı, sülhməramlıların qanadları altında silahlanan və xain hücumlara ara verməyən separatçıların zərərsizləşdirilmədən razılaşmanın əldə edilməyəcəyi isə bir daha özünü göstərir.

Regionda baş verən proseslər fonunda bəzi,məsələn Fransa kimi ölkələr Cənubi Qafqazdakı maraqlarını açıq şəkildə nümayiş etdirir. Regionu “barıt çəlləyi” nə çevirməyə çalışan Qərbin ikili standartları isə öz növbəsində separatçıların fəaliyyətini daha da genişləndirir. Belə ki, Azərbaycan üçün kağız parçasından ibarət olan qətnamələrin qəbul edilməsi, bədnam bəyanatların səsləndirilməsi separatçıları daha da şirnikləşdirir. Xüsusən də, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli yanaşmasının erməni lobbisinin “fəaliyyəti” əsasında formalaşdığı bilinən gerçəklikdir. Adları tez-tez korrupsiya aktlarında hallanan, satın alınmış bəzi parlament üzvlərinin Azərbaycana qarşı məkrli siyasətinin kökündə faktın özü yox, onun siyasi maraqlara uyğun təqdimatı durur.

Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe sərgiləmişdir. Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddialar, sərsəm və böhtan, iftira dolu qətnamələri qurumun ermənipərəst mövqeyini göstərir. AP-nin keçmişdə qalan məsələləri yenidən dirçəltmək cəhdi bu qurumun qərəzinin, qeyri-şəffaflığının pik həddidir. 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin amansızcasına məhv edilməsinə göz yuman Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin bir parçası olması beynəlxalq hüququn hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini bildirir. Son olaraq, AŞPA Laçın dəhlizindəki vəziyyətlə bağlı qəbul etdiyi qərəzli qətnamədə guya bölgədə sərbəst və təhlükəsiz hərəkətin olmamasını qeyd edib. Eyni zamanda, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması haqda qərar qəbul olunub.

Separatçılara havadarlıq edən bu cür əməllər davam etdikcə sülh və sabitlik ləngiyir. Görünən odur ki, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının, nədə ki, Rusiya sülhməramlılarının məqsədi heç də iki ölkə arasında sülhü bərqərar etmək deyil. Beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq, Ermənistan hərbçiləri Azərbaycan ərazisindən hələ də tam çıxarılmayıb. Bu da öz növbəsində Ermənistanı və Qarabağdakı xunta rejiminin təxribatlar törətməsində əsas amildir. Bunun nəticəsidir ki, bölgədə təxribatlar səngimək bilmir.Törədilən bədnam əməllərə hər keçən zaman bir yenisi daha əlavə olunur.

Beləki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə Ordumuzun hərbi qulluqçusu yaralanıb. Ordumuzun gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, “ Qisas” əməliyyatı həyata keçirərək düşmənə layiqli cavabı verib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturna ciddi zərbələr endirilib. Bundan başqa, 5 terrorçu məhv edilib.

Sülh prosesinə maneçilik törədən Ermənistan tərəfi, bu təxribatlara əl atmaqla Vaşinqton görüşü ərəfəsində danışıqlara kölgə salmaq niyyətindədir. Qeyd edək ki, tez-tez mövqelərimizi atəşə tutan və cavab tədbirləri ilə susdurulan haylar hələ ötən ay da sərhədimizə diversiya qrupu göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.

Haylar Azərbaycan dövlətinin “Dəmir Yumruq”una yaxşı bələddir. 2022-ci ilin mart ayında Fərrux, 2022-ci ilin avqustunda strateji Sarıbaba, Qırxqız, Buzdux yüksəkliklərində keçirilən uğurlu antiterror əməliyyatlarımızla biz nəyə qadir olduğmuzu dəfələrlə sübut etmişik.Bütün bunlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Haylar anlamalıdır ki, hər zaman olduğu kimi, onların təxribatlarının qarşısı layiqincə alınır, bundan sonra da düşmənə sərt və qətiyyətli cavab veriləcək.

Nurlan ABDALOV,

“Respublika”.