Eşqiniz elə bu qədərmiş?!
Siyasət

Eşqiniz elə bu qədərmiş?!

Fransızların erməni havadarlığı təxirə salınır

Bəli, Fransanın həlledici məqamlarda yürütdüyü ziqzaq siyasəti erməniləri sözün əsl mənasında çaşbaş salıb. Çünki rəsmi Paris Azərbaycan-Ermənistan münaqişəsində heç vaxt birtərəfli mövqe sərgiləməyib. Belə ki, faktlara əsaslansaq 30 illik münaqişə dövründə Fransaya rəhbərlik edən Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Olland, Emmanuel Makron kimi prezidentlər çox vaxt bir-biri ilə əks siyasət yürütsələr də, həmişə erməni lobbisinin təsiri altında olublar.

Azərbaycan və Fransanın 30 il ərzində birgə keçdikləri yola diqqət yetirmək lazımdır. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və 1992-ci ildə Türkiyədən sonra Bakıda diplomatik nümayəndəlik açmış ikinci dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnamənin lehinə səs vermişdir. Bütün bunlar isə prezident Fransua Mitteranın dönəminə təsadüf edir. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin dekabrın 20-də Mitteranla görüşü hər iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərmişdir. Bu görüşdən sonra Fransanın Azərbaycanla bağlı mövqeyində müsbət irəliləyiş hiss olundu. Bəs, bu mövqe nəyi ifadə edirdi? Çox güman, Mitteranın ölkəsinə axın edən insanların milliyyəti barədə xəbəri yox idi. Ya da deyəsən həmin dövrdə püxtələşən "erməni təəssübkeşliyi" hələ Fransaya soyuq küləyi gətirməmişdi. İki dövləti bir-birinə "məcburi" yaxın edən amil isə məhz Azərbaycan-Ermənistan münaqişəsi olmuşdur. Münaqişənin aktiv fazaya keçməsi və vasitəçilik təşəbbüslərinin beynəlləşməsi prosesinin ilk günlərindən etibarən Fransa Azərbaycan və Ermənistan arasında bu və ya digər formada vasitəçilik etməyə çalışmışdır. 1992-ci ildə ATƏM (daha sonralar ATƏT) çərçivəsində vasitəçilik üçün Fransaya ilk fürsət tanınmışdır. Daha sonra Fransanın statusu ATƏT strukturunda daha da möhkəmlənmiş və keçmiş Minsk Qrupunun həmsədr dövlətlərindən birinə çevrilmişdir. Əslində yeni eranın ilk illərində Azərbaycanla Fransa arasında əlaqələri uğurlu hesab etmək olar. Xüsusilə də Fransua Ollandın dövründə bu münasibətlər özünün pik həddinə yüksəlmişdi desək, hər halda yanılmarıq. Lakin ondan əvvəl prezidentlik vəzifəsini icra etmiş Nikola Sarkozinin dövründən başlayaraq hadisələrin axarı fərqli məcraya doğru cərəyan edir. Fransa öncədən qoyulmuş diaqnoz üzrə məlum edilmiş xəstəliyi vaxtında müalicə etmir və xəstəlik getdikcə bütün ölkəyə yayılır - erməni lobbisi. Bəli, təəssüf ki, Fransada öz fikirlərini diqtə etməyə çalışan bütün ölkə rəhbərləri bu ağır xəstəliyə yoluxur. Artıq yavaş-yavaş kürsülərdən erməni sədaları yüksəlirdi.

Erməni lobbisinin "maliyyə yardımı", üstəgəl, Fransada yaşayan ermənilərin dəstəyi ilə əbədi hökmranlıq sürmək xülyaları güdən rəhbərlər siyasət istiqamətini müəyyənləşdirdi: işğalçıya gizli və ya açıq yollarla dəstək. Bu eyforiya nəticəsində yaranmış ağır xəstəlik o dövrlərdə hələlik daxildə hiss olunurdu. Lakin Emmanuel Makronun dövründə xəstəlik artıq xaricə nüfuz etdi. Məhz İkinci Qarabağ müharibəsi dövründə bu xəstəlik özünü büruzə verməyə başladı. Əsassız və heç kimə lazım olmayan bəyanatlar, işğalçıya açıq dəstək və digər naftalin iyi verən davranışlar Makrona kömək oldu və ikinci dəfə prezident seçilməsi ilə nəticələndi.

Fransanın özünə "bacı" elan etmiş Ermənistan ilə əlaqələri artıq müttəfiqlik səviyyəsini aşır. Bu əlaqələr daha fərqli istiqamətlərdə cərəyan etməyə başlayır. Azərbaycanın legitim hüququ olan Laçın sərhəd-buraxılış məntəqəsinin açılmasına Fransanın təxribatçı reaksiyası, "humanitar yardım" ədavəti, həmçinin Fransanın Afrika siyasətinin ifşa olunaraq bu ərazilərdə vəhşi fransız izlərinin birdəfəlik silinməsinə başlanması ölkəni məhz bu dövrdə beynəlxalq aləmdə əsl gülüş mənbəyinə çevirdi. Bu da bir faktdır ki, əksəriyyət artıq Makronu qeyri-ciddi qəbul edir. Onun sözlərində səmimiyyət və dürüstlük nümunələləri hiss olunmur.

Hadisələrin belə cərəyan etdiyi dövrdə Azərbaycan Qarabağdan separatçı ünsürləri təmizləyərək bir növ Makronun Ukrayna ssenarisinin Ermənistanda reallaşmasına icazə vermədi. Afrikada müstəmləkəçilik planları puç olan Makronun B planı da suya düşdü. Cənubi Qafqazda Ermənistan vasitəsilə bir daşla iki, hətta üç quş vurmaq istəyən Fransa artıq tamahın qurbanına çevrildi. Bəli, biz Qranada müzakirəsində Fransanın Ermənistana bariz dəstəyini görə bilərik. Ölkəmizə qarşı təxribatçı addımlar hələ də davam edir. Amma Makron bununla öz nüfuzunu qoruyub saxlamaq məqsədi güdür. Fransada yaşayan erməniləri düşünən Makron dərin iztirab içindədir. Azərbaycana qarşı diplomatik müharibəni uduzan Fransa ermənilərin də gözündə get-gedə düşməyə başlayıb. Bəlkə də Makron bunu bilərəkdən edir. Növbəti prezident seçkilərinə hələ 3 ildən çox var və bu arada Fransanın beynəlxalq aləmdə imicini bərpa etmək lazımdır. Bu baxımdan, Fransanın Ermənistandan tamamilə üz döndərməsini demək doğru olmaz. "Güman ki, fransızların erməni sevgisi hələ bitməyib, sadəcə bir müddətlik təxirə salınıb".

Tacir SADIQOV,

"Respublika".