Əsrin iqlim dəyişmələri
Ekologiya

Əsrin iqlim dəyişmələri

Qlobal səylər və sağlam gələcək

Şübhəsiz ki, iqlim dəyişmələri planetə, ekosistemlərə və insan cəmiyyətlərinə öz mənfi təsirini göstərir. Bu baxımdan, müasir dövrdə iqlim dəyişmələri ilə mübarizə təcili həll tələb edən məsələlərdəndir.

İqlim problemi ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olur. Qasırğalar, meşə yanğınları, daşqınlar, quraqlıq kimi ekstremal hadisələrin tezliyi və intensivliyi bu səbəbdən artır. Bu dəyişmələr planetin biomüxtəlifliyinə və təbii tarazlığına ciddi təhlükə yaradır. Xüsusilə də inkişaf etməkdə olan ölkələr artıq iqlim dəyişmələrinin mənfi təsirləri, ekstremal hava hadisələri və dəniz səviyyəsinin qalxması səbəbilə kənd təsərrüfatında çətinliklərlə üzləşirlər. Temperatur və yağıntı normalarının dəyişməsi hava hadisələri meydana gətirməklə yanaşı, qlobal ərzaq təhlükəsizliyinə də ciddi təhlükə törədir. Kənd təsərrüfatını dəyişən şəraitə uyğunlaşdırmaq və davamlı ərzaq istehsalını təmin etmək üçün maliyyə vəsaiti tələb olunur. İqlim dəyişmələri həm də xəstəliklərin yayılmasına təsir göstərir və sağlamlıq üçün risklər yaradır. Vektorla ötürülən istiliklə əlaqəli xəstəliklərin və digər sağlamlıq təhlükələrinin potensial artımı bunun sübutudur.

XXI əsrdə iqlim dəyişməsi probleminin yaratdığı fəsadların həlli üçün planetin ekosistemlərinin və həssas icmaların ekoloji təhdidlərdən qorunması, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, sağlamlıq risklərinin azaldılması, iqtisadi pozulmaların qarşısının alınması və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi çox vacibdir.

İqlim dəyişmələrinin həlli üçün daha geniş və davamlı inkişaf məqsədlərinə nail olmaq, həmçinin qlobal əməkdaşlığı inkişaf etdirmək mühüm şərtdir. Qlobal temperatur artımını məhdudlaşdırmaq və mənfi təsirlərdən qaçmaq üçün növbəti onillikdə təcili tədbirlər tələb olunur. Bu istiqamətdə aktiv fəaliyyət göstərən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz öz qabaqlayıcı tədbirlərini və müxtəlif iqtisadi sektorların uyğunlaşma imkanlarını araşdırır. Azərbaycan həm də beynəlxalq əməkdaşlığa böyük önəm verir. Belə ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.

Azərbaycanın qlobal emissiyalarda payı cəmi 0,15%-dir. Buna baxmayaraq, ölkəmiz 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsindən 35% aşağı salınmasını Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədində hədəf kimi götürüb. 2021-ci ildə Paris Sazişi çərçivəsində yeni missiyası, yəni müasir texnologiyalara əlçatanlığın təmini və Konvensiyanın müvafiq mexanizmlərinin, həmçinin maliyyə institutlarının dəstəyi olacağı təqdirdə 2050-ci ilə emissiyaların səviyyəsində 40% azaldılma hədəfini bəyan edib.

Davamlı təcrübələrə və iqlimin təsirinin azaldılmasına töhfə verən innovativ texnologiyalara enerji depolama həlləri, karbon tutma və saxlama, davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi, elektrik nəqliyyat vasitələri, enerjiyə qənaət edən binalar və ağıllı cihazlarda irəliləyişlər daxildir. Bu prosesdə bərpaolunan enerji mənbələrinə (məsələn, günəş və külək enerjisi) keçid də xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar istixana qazı emissiyalarının azaldılmasında, resursların səmərəliliyinin artırılmasında, daha dayanıqlı və aşağı karbonlu gələcəyə keçiddə əsas rol oynayır.

Özəl və dövlət investisiyaları davamlı layihələrin maliyyələşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu investisiyalar davamlılığı, bərpaolunan enerjini və ətraf mühitin mühafizəsini təşviq edən innovasiyaları, infrastrukturu və təşəbbüsləri maliyyələşdirməyə kömək edir, daha dayanıqlı qlobal iqtisadiyyata keçidi təşviq edir. Həmçinin Dünya Bankı yaşıl investisiyalara xüsusi əhəmiyyət verir və maliyyə ayırır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi iqlim probleminin həllinə dəstək olmaqla yanaşı, ölkəmizin iqtisadi canlanmasına da töhfə olacaqdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası istiqamətində verilmiş bir sıra mühüm qərarlardan biri də bu yerlərin "yaşıl enerji" zonasına çevrilməsidir. "Yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhərlər", "ağıllı kəndlər" yanaşmalarının tətbiqinin iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcəyi vurğulanaraq 2050-ci ilə qədər həmin ərazilər "netto sıfır emissiya" zonası elan edilib.

Beləliklə, XXI əsrdə iqlim dəyişmələri ilə mübarizənin aktuallığı onun ətraf mühitə, insan cəmiyyətlərinə və qlobal sabitliyə yaratdığı qaçılmaz təhlükələrdən irəli gəlir. İqlim dəyişmələrinə qarşı davamlı beynəlxalq əməkdaşlığı və qətiyyətli fəaliyyəti, "yaşıl enerji" siyasətinin inkişafını və bu mövzunun aktuallığını nəzərə alsaq, gələcək üçün optimist düşünmək mümkündür.

Nurcan SÜLEYMANOVA,

"Respublika".